Məhkəmə qərarları › İş №e-2(076)-372/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-372/2024

28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-372/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən “Audi A6” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 22867.60 AZN pulun və ödənilmiş 159.40 AZN dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Vaz 2107” markalı, K315OE34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Audi A6” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Audi A6” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Audi A6” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 22867.60 AZN (iyirmi iki min səkkiz yüz altmış yeddi manat altmış qəpik) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirlər ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına da əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında iş üzrə qərarından da göründüyü kimi, Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və qarşı tərəfə maddi ziyan vurduğuna görə İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Hesab edirlər ki, 22867.60 AZN (iyirmi iki min səkkiz yüz altmış yeddi manat altmış qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 123472 nömrəli İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış “Audi A6” minik markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Vaz 2107” minik markalı və K315OEE34 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və dəymiş zərər 22967.60 manat təşkil etmişdir. İş materiallarında olan, AA23-000494 nömrəli iş kartından görünür ki, “A6/2016” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirinə ƏDV ilə birlikdə 3503.51 manat və ehtiyyat hissələri üzrə 19464.09 manat olmaqla, ümumilikdə 22 967.60 manat məbləğində vəsait xərclənmişdir. İş materiallarında olan, 11583 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı SŞ ASC tərəfindən 123472 saylı sığorta aktına görə 22967.60 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)- 6826/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və 400 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ərizə verilərkən 159 manat məbləğində dövlət rüsumu ödənilmiş və 0.40 manat isə bank xidmət haqqı olmuşdur. İş materiallarında sığortalı "xxxx" ASC olan avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, avtonəqliyyat vasitəsinə dəyən zərərin sığortası hər bir sığorta hadisəsi üçün 100 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin idarə etdiyi VAZ 21074 minik markalı K3150E34 dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC-nin mülkiyyətçisi olduğu “Audi 6” minik markalı və ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmaları nəticəsində sonunculara zərər dəydiyinə görə, həmin vaxt cavabdehin yol nişanlarının tələblərinə riayət etməyərək, nəticədə zərər çəkmişlərin əmlaklarına zərər vurulmuş və 22867.60 manat məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən ödənildiyinə görə, iddiaçının 22867.60 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulması barədə iddiası əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 22867.60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulmalıdır. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 159 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqında görə isə 0.40 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 22867.60 AZN (iyirmi iki min səkkiz yüz altmış yeddi manat altmış qəpik) manat pul vəsaiti və 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun əvəzi və 0.40 (qırx qəpik) manat tutularaq İddiaçı SŞ ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar