Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4779/2025 04.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Şəfəq Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Sevgi adlı uşağını saxlanması üçün Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-625/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul formasında aliment müəyyən olunmasına, 60 manat mediasiya xərcinin, 40 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu ildə nikahını rəsmi qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahından iki uşaq doğulmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə münasibətləri pozulmuş, nikahlarını məhkəmə qaydasında xitam verilmişdir. Uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. Uşaqlardan biri artıq 18 yaşına çatıb. Buna görə o, xx.xx.2010-cu il təvəllüdlü Sevgi adlı uşağının saxlanması üçün aliment ödəyir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2652/2019 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Sevgi adlı uşağının saxlanması üçün hər ay bir uşaq üçün 120 manat məbləğində aliment müəyyən olunmuşdur. Bir müddət sonra isə Cavabdeh məhkəməyə alimentin indeksasiyası barədə ərizə göndərmişdir. Onun bu ərizəsi Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-625/2025 saylı qərardadı ilə təmin edilmişdir. Məhkəmə qərardadı ilə cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Sevgi adlı uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün, əvvəllər Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2652/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 120 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Hal-hazırda onun maddi imkanları yaxşı deyil. Məhkəmə qətnaməsi qəbul olunduqdan sonra onun maddi vəziyyətində yaxşı mənada hər hansı bir dəyişiklik olmamışdır. Əksinə ağırlaşma olmuşdur. Belə ki, o, heç bir yerdə işləmir. Məhkəmə tərəfindən əvvəllər təyin olunmuş alimenti güclə ödəyir. Əlavə ödəniş etməyə maddi imkanım yoxdur. İşsiz olmağı ilə bağlı mərkəzləşdirilmiş elektron informasiya sistemindən məşğulluq haqqında arayışı təqdim edir. Eyni zamanda qeyd edir ki, o, yenidən ailə qurmuş və bu nikahdan onun bir uşağı doğulmuşdur. Onların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Yoldaşı isə heç bir yerdə işləmir. Hesab edir ki, hər iki uşaq maddi cəhətdən eyni qaydada maddi vəsait almalıdır. Lakin bir uşaq üçün 264 manat aliment ödəyəcəyi halda, digər uşağa o qədər maddi vəsait ayırmağı, maddi imkanları xaricində olmaqla, qeyri mümkündür. Həmçinin göstərir ki, uşağı saxlamaq və maddi ehtiyaclarını ödəmək tək onun deyil, həm də valideyn olaraq cavabdehin borcudur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, cavabdehlə birgə nikahlarından iki qızları var, onlardan biri Sevinc 2005-ci il təvəllüdüdür və yetkinlik yaşına çatmışdır. Digəri Sevgi isə 16 yaşındadır. Sevgidə uzun müayinələrdən sonra şəkər xəstəliyi aşkarlanıb. Onun müayinə, analiz pullarını verə bilmir. Müəyyən olunmuş 120 manat alimenti hər ay vaxtında verir, lakin indeksasiya olunandan sonra hələ verməyib. İddiaçının maddi imkanları yaxşıdır və bu səbəbdən alimentin azaldılması üçün əsaslar mövcud deyildir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Elektron informasiya sistemindən əldə olunmuş məlumatdan müəyyən edilir ki, X4 xx.xx.2010-cu ildə doğulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər arasında nikah xx.xx.2014-cü ildə pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 8(076)-625/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)- 2652/2019 saylı qətnaməsi ilə hər ay, hər uşaq üçün təyin edilmiş 120 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunmşdur. xx.xx.2025-ci il tarixli MŞŞƏM/1/MT052/2025-00425 nömrəli ilkin mediysiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayışndan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 50 manat mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə İddiaçı yenidən ailə həyatı qurması, əlavə gəlirlərin olmaması, azyaşlı uşağına aliment vermək imkanının məhdud olması ilə bağlı qeyd etdiklərini əsaslı saymır. Elektron informasiya sistemindən əldə olunmuş məlumatdan müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia qaldırmışdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi həmin xüsusat onun uşağı barəsində valideynlik vəzifələrini yerinə yetirməkdən, o cümlədən uşağına aliment ödəmək vəzifəsindən azad etmir. Bundan başqa qanunverciliyin tələbinə görə ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilə bilər ki, iddiaçı aliment müəyyən edildikdən sonra özünün ailə və maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olması iş materialları ilə təsdiq olunmur. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Məhkəmə qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə zidd olduğundan iddia təmin edilməməlidir. Beləliklə, işin müəyyən edilmiş fakti halı ondan ibarətdir ki, tərəflərin birgə nikahından 2 övladları olmuş, tərəflər arasında nikah pozulmuş və uşaqlara aliment təyin edilmişdir. İddiaçı alimenti vaxtlı vaxtında ödəmişdir. Uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır. Digər uşağın, yəni Sevginin isə 16 yaşı vardır. Aliment ödənilməsi üçün 2 il qalmışdır. 2019-cu ildə İddiaçı tutulan alimentin məbləği həmin dövrdə yaşayış minimumunun 0.66 mislini təşkil etdiyindən və İddiaçı həmin məbləği vaxtlı vaxtında ödədiyindən, hazırki zamanda da onun ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığından, həmçinin Sevgidə şəkər xəstəliyi aşkarlandığından məhkəmə hesab edir ki, aliment məbləği azaldılmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı alimentin məbləğinin indeksasiya edilərək artırılması barədə Şəmkir Rayon Məhkəməsinin 8(076)-625/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı şikayət vermək hüququ olduğu halda şikayət verməmiş, 4 ay sonra maddi və ailə vəziyyətindən dəyişiklik olmasını sübut etmədən alimentin əvvəlki məbləğdə (120 manat) olmasını tələb etməklə hazırki iddianı qaldırmışdır. Göründüyü kimi, 2026-ci il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə azaldılmasını tələb edir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №e-2(076)-4779/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4779/2025
04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver