Məhkəmə qərarları › İş №e-2(077)-16/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-16/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-16/2025 06.02.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1650 manat məbləğində pul vəsaitinin və 37 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində saat 18:00 radələrində Abşeron rayonu, H.Əliyev küçəsində "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış və Cavabdeh idarə etdiyi “Nissan X-Trail” markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C200” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYP-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.2-ci maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 3749 №-li, xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C200” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1650 manat təşkil edir. "xxxx" ASC tərəfindən PXA99783 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1650 manat məbləğində sığorta ödənişi xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, mülki işə təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında “Mercedes Benz C200” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləğinin 600 manatdan artıq olmadığını bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh mülkiyyətində olan “Nissan X-Trail” markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbehvermə haqqında” qərarın və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində saat 18:00 idarə etdiyi “Nissan X-Trail” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində ara yoldan baş yola çıxarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz C200” markalı, **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.2 (yolayrıcını keçmə qaydalarının pozulması) və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrinə əsasən təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 3749 nömrəli qiymətləndirmə aktından görünür ki, X3 məxsus olan “Mercedes Benz C200” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1650 manat məbləğində maddi ziyan dəymişdir. PXA99783 nömrəli sığorta aktından və xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 1650 manat məbləğində sığorta ödənişi X2 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, xx/xx-2031 bildirişdən görünür ki, "xxxx" ASC Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzini 7 iş günü ərzində könüllü ödəməyi tələb etmiş, əks təqdirdə sığorta ödənişinin ödənilməsi ilə bağlı məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" ASCdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Nissan X-Trail” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, X2 mülkiyyətində olan “Mercedes Benz C200” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, sonuncuya 1650 manat məbləğində zərər vurması, hadisəni törətdikdən sonra hadisə yerini tərk etməsi, iddiaçı tərəfindən zərərçəkənə 1650 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbi hüququnun ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilərək 1650 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 37 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1650 (bir min altı yüz əlli) manat məbləğində pul vəsaiti və 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar