Məhkəmə qərarları › İş №e-2(077)-166/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-166/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-166/2025 22.04.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X9 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hesablanmasının başlanğıcının mediasiya təklifi ilə cavabdehə müraciət etdiyi gündən, yəni xx.xx.2025-ci il tarixindən hesablanmaqla, cavabdehdən hər ay 250 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixində nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)-506/2023 saylı qətnaməsi ilə nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X5 atalarının, xx.xx.2012-ci il təvəllüdlü X3 isə onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda Fidan və Əhəd yetkinlik yaşlarına çatsalar da, onun himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmamışdır. Buna görə də görə aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq heç olmasa hər ay 250 manata çatdırılmalıdır. Əvvəllər aliment tələbi birbaşa məhkəməyə təqdim edilirdi. Ona görə də alimentin hesablanması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən hesablanırdı. Lakin sonradan qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən aliment tələbi ilə əlaqədar məhkəməyə iddia verməzdən əvvəl mediasiya prosesindən keçmək məcburi tələb kimi qoyulmuşdur. Bu da iddia ərizəsi ilə məhkəməyə müraciət etmək müddətini uzadır. Təbii ki, bu da həm onun və övladının hüquqlarının pozulmasınə gətirib çıxarır. Ona görə də hesab edir ki, məhkəmə tətəfindən qətnamə qəbul edilərkən alimentin hesablanması vaxtı mediasiya təklifi ilə cavabdehə müraciət etdiyi gündən hesablanmalıdır. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-506/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Abbasova (Fərzəliyeva) Günel Elxan qızına qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilmiş, arasında Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə 109 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 atalarının, xx.xx.2012-ci il təvəllüdlü X3 isə anasının yanında qalması qət edilmişdir. İş materiallarında olan mediator X8 tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00158 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı 50 manat məbləğində mediasiyaya xərcini ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə görə isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı Qərarının 8.4-1-cü bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşağın mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. xx.xx.2025-ci il tarixində ərizəçi İddiaçı Cavabdeh qarşı “Müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizə ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 16(077)-1/2025 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixində ərizəçi İddiaçı Cavabdeh qarşı “Müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizə ilə yenidən Şuşa Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 16(077)-2/2025 saylı qərardadı ilə Cavabdeh məhkəmənin qətnaməsi çıxarılanadək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı ödənilməsi qərara alınmışdır. Odur ki, iddiaçının məhkəməyə alimentlə bağlı xx.xx.2025-ci il tarixdə müraciət etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşağının mənafeyini, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olmasını, tərəflərin birgə nikahından olan və cavabdehin himayəsinə verilmiş övladlarının yetkinlik yaşlarına çatmalarını, bununla yanaşı, iddiaçı tərəfindən cavabdehin gəlirləri ilə bağlı hər hansı mötəbər sübutların təqdim olunmamasını, beləliklə də, 250 manat sabit pul məbləğində aliment tutulması hissəsində iddianın əsaslandırılmamasını nəzərə almaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 üçün aliment hər ay 240 manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunan məbləğdə aliment uşağın mənafeyi və tərəflərin maddi vəziyyəti baxımından məqsədə müvafiqdir. Odur ki, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (240AZN:400AZN=0,60) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 30 yanvar 2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 (sıfır tam yüzdə altmış) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Şuşa Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulmasına dair xx.xx.2025-ci il tarixli, 16(077)-2/2025 saylı qərardadı ləğv edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar