Məhkəmə qərarları › İş №e-2(077)-45/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-45/2023

18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-45/2023 18.01.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1101,57 manat məbləğində sığorta ödənişinin, 31 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqı olmaqla,cəmi 1132,97 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Cavabdeh1 məxsus olan “VAZ2107-minik” markalı ** GL *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “Honda Accord 2.4-minik” markalı ** VO *** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur.Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinərək Azərbaycan Respublikası DİN Xəzər RPİ DYPŞ tərəfindən xx.xx.2013-cü il tarixli, BYP 240730 saylı inzibati xəta haqqında protokola əsasən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə “hadisə yerindən yayındığına görə” 80 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən X4 1101,57 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazimi qaydada bildiriş göndərilmiş, lakin onlar tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazları məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, X3 mülkiyyətində olan 2013-cü il buraxılışlı “Honda Accord 2.4-minik” markalı ** VO *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən – xx.xx.2014-cü il tarixədək 350 manat azadolma məbləği tətbiq edilməklə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2013-cü il tarixli BYP 240730 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “VAZ2107-minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 yanında olmaqla Cavabdeh2 xx.xx.2013-cü il tarixdə saat 22:20-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42 maddəsinin 1ci bəndinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Honda Accord 2.4-minik” markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. xx.xx.2013-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X3 məxsus “Honda Accord 2.4-minik” markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə 1451,57 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2013-cü il tarixli 001165 nömrəli kassa məxaric orderindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə 1101,57 manat məbləğində pulu "xxxx" ASC-dən almışdır. xx.xx.2022-ci il tarixli BS-S-22/4693 nömrəli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş sığorta ödənişinin əvəzini 5 gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə sığorta ödənişinin ödənilməsi ilə bağlı məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 31,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla xx.xx.2013-cü il tarixdə Cavabdeh1 mülkiyyətində olan “VAZ2107-minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 mülkiyyətçi yanında olmaqla idarə edərkən, "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış X3 mülkiyyətində olan “Honda Accord 2.4-minik” markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, sonuncu avtomobilə 1101,57 manat məbləğində zərər vurması, hadisəni törətdikdən sonra hadisə yerini tərk etməsi, iddiaçı tərəfindən zərərçəkənə 1101,57 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbi hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırmaları nəticəsində digər Cavabdeh1 mülkiyyətində olan “VAZ2107-minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh2 idarə etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən də, iddia qismən təmin edilərək 1101,57 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh2 1101,57 (bir min bir yüz bir manat əlli yeddi qəpik) manat məbləğində sığorta ödənişi, 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı olmaqla, cəmi 1132,97 (bir min bir yüz otuz iki manat doxsan yeddi qəpik) manat məbləğində pul tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia digər Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar