Məhkəmə qərarları › İş №e-2(078)-1118/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1118/2025

12.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1118/2025 12.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı əmək haqqının və digər ödəmələrin müəyyən edilməsi, hesablanması və ödənilməsi tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: əmək haqqının və digər ödəmələrin müəyyən edilməsi, hesablanması və ödənilməsi tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4, cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan X13 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı əmək haqqının və digər ödəmələrin müəyyən edilməsi, hesablanması və ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən digər işçinin əmək funksiyalarını yerinə yetirdiyindən dolayı 2021-ci ildən 2025-ci ilədək əvəzçilik üzrə 50 ay olmaqla əmək haqqının, bununla yanaşı həmin ştatın əmək funksiyalarını yerinə yetirdiyindən dolayı 45 gün qeyri iş günü olan bayram günlərinin əmək haqqısının, cəm şəkildə AR Əmək Məcəlləsinə uyğun olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini, bununla yanaşı öz ştatı üzrə qeyri iş günləri olan bayram günləri razılığı olmadan işlədildiyi halda, əmək haqqını ala bilmədiyi 60 günün əmək haqqısının AR Əmək Məcəlləsinə uyğun şəkildə ona ödənilməsi barədə qərar qəbul edilməsini və 2021-ci ildən 2025-ci il mart aynın 7-sinə dək öhdəliyində olmadığı təşkilatlara, özəl müəssələrə, digər Nazirliklərə 400 dən artıq tədbirlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrın rəhbəri tərəfindən qanunsuz yollarla məcburetmə ilə, təhdidlərlə göstərdiyi xidmətlər üçün qonararlarının hesablanaraq, yazılaraq, birdəfəyə verilməyini və 2022-ci ilin ikinci rübündən 2025-ci ilin haliyədəki rübünədək almalı olduğu lakin ala bilmədiyi hər rüb üçün əməkhaqqısının 50 faizi dəyərindəki əlavənin hesablanaraq, cəm şəkildə alınıb verilməsini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin üzərinə öhdəlik olaraq qoyulmasını, birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. 27.08.2025-ci il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən digər tələblər saxlanılmaqla öz ştatı üzrə qeyri iş günləri olan bayram günləri razılığı olmadan işlədildiyi halda əmək haqqısını ala bilmədiyi 60 günün hissəsinin 280 gün olaraq artırılmış şəkildə qəbul edilməsi və işə artırılmış tələb əsasında baxılmasını təmin etməyi məhkəmədən xahiş etmişdir.

3. 20.09.2025-ci il tarixdə iddiaçı təkrar iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmiş olduğu 2021-ci ildən 2025-ci il mart aynın 7-sinə də öhdəçiliyində olmadığı təşkilatlara özəl müəssələrə digər Nazirliklərə 400 dən artıq tədbirlərdə işlədildiyi göstərdiyi xidmətlər üçün işlədildiyi üçün sözləriylə yanaşı həmin hissəyə işqlandırma və səsləndirmə avadanıqlarının işlətdiyini iş funksiyyalarını yerinə yetirdiyi sözlərinin əlavə edidilməsi olaraq artırılmış şəkildə düzəliş olunmasının qəbul edilməsini, bununla yanaşı iddia ərizəsində göstərilən öz ştatı üzrə qeyri iş günləri olan bayram günləri razılığı olmadan işlədildiyi halda əmək haqqısını ala bilmədiyi 60 günün hissəsinin 280 günün olaraq artırılmış şəkildə qəbul edilməsini, işə artırılmış tələb əsasında baxılmasını təmin etməyi, iddia ərizəsində göstərmiş olduğu digər tələblər saxlanılmaqla yuxarıda göstərdiyi tələblərə dəyişiklik olunaraq artırılmış şəkildə qəbul edilməsini, işə artırılmış tələb əsasında baxılmasını təmin etməyi məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixində cavabdeh Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrına yazlı olaraq ərizəylə müraciət edərək qanuna müvafiq qaydada Əmək müqaviləsi bağlayaraq Radis (səs operatoru) vəzifəsinə daxil olmuşdur. Bu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq altsistemində (ƏMAS) da xx.xx.2020-ci il tarixində işəgötürən tərəfindən təqdim olunmuş sənədlər əsasında qeydiyyata alınmış (Müqavilənin nömrəsi xxxxxxx000200) Əmək müqaviləsində də öz əksini tapır.

5. Həmin tarixdən etibarən cavabdeh Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrına Radis (səs operatoru) ştatı vəzifəsinə təyin etmişdir. Həmin tarixdən etibarən və haliyədə həm Radis (səs operatoru) həmdə 2021-ci ildən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrın rəhbəri tərəfindən qeyri qanuni şəkildə işdən çıxarılmayla və alternativ təhdidlər olunaraq dəfələrlə əmək müqaviləsinə alternativ üsullarla qanunsuz şəkildə ondan xəbərsiz dəyişdirməklə, işçi ştatının da vəzifə səlahiyyətlərini borcaların funksiyyalarını 2025-ci ilin mart aynının əvvəlinədək yerinə yetirməyə məcbur etmişdir.

6. Belə ki cavabdeh Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrın rəhbəri tərəfindən ona 2021-ci ildən işçi ştatında işləyən işçi işdən çıxıb getdikdən sonra hədəqorxu gəlinərək, təhdidlər edərək, qanunsuz şəkildə əmək müqaviləsini dəyişdirməklə, öhdəçiliyində olmayan işləri görməyə məcbur edərək, onun üzərinə həm öhdəçiliyində olmayan işçi ştatının həm də, öz ştatının hər iki ştatın işlərini icra etməyə məcbur etmiş, etməyəcəyi halda, işləməyəcəyi halda vəzifəcən onlardan böyük Nazirliyin adından danışaraq, dövlətin ona verdiyi vəzifədən öz vəzifə səlahiyyətlərindən su istifadə edərək işdən çıxarılacağı, əmək kitabçasının korlanacağı bildirilmiş, başqa işçinin əmək funksiyalarını da ona Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrın rəhbəri qanunsuz yollarla, təhdidlər edərək gördürümüş, 2023-cü ilədək onun əmək müqaviləsi dövlət orqanlarından gizlədərək öz xeyrinə azı 5 dəfə dəyişdirmiş qanunsuz şəkildə işləməyə məcbur etmiş, işləməyəcəyi halda işdən çıxarılacağı bildirilmiş, özündən saxta aktlar tərtib etmiş, illər sonra həmin ştata işçi götürülməyinə baxmayaraq yenə həmin ştatında əmək funksiyasını ona gördürməyə davam davam etmişdir.

7. Bundan əlavə olaraq işçisi olmadığı başqa təşkilatlara, idarələrə, müəssələrə və özəl müəssələrə işlədilmiş, ona əlavə işlər üzrə qonorar və ya ödənişlər veriləcəyi bildirilsə də, heç bir halda verilməmiş, hətta istehsalat təqvimində qeyri iş günləri olan bayram günlərini də işlədilmiş, bununla yanaşı istirahət günlərində də işlədildiyi əlavə əməkhaqqı veriləcəyinin bildirdiyi halda verilməmiş, heç bir ödəniş edilməmiş, əməkhaqqısını istədikdə təhdidlər edərək ödəməməmişdir.

8. Cavabdeh şəxs iddiaçının aliment ödəyicisi olduğunu bildiyi üçün məcburi şəkildə işləyəcəyini bildiyindən dolayı ona işlədiyi istirahət günləri olan bayram günlərinin əməkhaqqısını ödəməkdən boyun qaçırmışdır və onu məcbur şəkildə öz istəyi razılığı olmadan istirahət günlərində bayram günlərində işlətmiş, ciddi şəkildə əmək qanunvericiliyini pozmaqla nöqsanlara yol vermiş, qanunla ona çatmalı olan xeyli əməkhaqqlarını maddi gəlirləri öz xeyrinə illərdi mənimsəmişdir. Buna etiraz etdikdə işdən çıxarılmayla hədələmiş özündən ərizələr yazaraq işdən çıxardığını bildirmiş, dəfələrlə əmək müqaviləsini öz xeyrinə ləğv etmiş dəyişdirmişdir. Başqa qazanc yerinin olmadığını bildiyi halda bilərəkdən məcburi şəkildə onun sosial durumunu, Azərbaycan Respublikasının qanunlarını pozmaqla heçə saymaqla qəsdlə aşağı salmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrın rəhbəri tərəfindən o 2021-ci ildən etibarən 2025-ci ilin mart aynın 17-sinədək öz ştatından əlavə təhdidlər edərək məcburi şəkildə onu məcbur edərək, vəzifəsinə aid olmayan işçi ştatının ödəməli olduğu əvəzçilik üzrə əməkhaqqısının və digər əlavə ştatın işlərini gördüyü üçün əvəzçilik üzrə əməkhaqqlarını bununla yanaşı öz ştatının istehsalat təqvimi ilə istirahət günləri olan qeyri iş günü olan işlədiyi bayram günlərinin və öhdəçiliyində olmadığı müəssə və özəl təşkilatlara işlədilməyi üçün ödəməli olduğu lakin ödəmədiyi boyun qaçırdığı əməkhaqqlarını 2020-ci ildə bağlanılmış müqaviləyə əsasən ildə 4 dəfə aylıq əməkhaqqından əlavə əməkhaqqının 50 faizi dəyərində mükafatlandırma verilməyini vəd etmiş lakin sadaladığı işlər üçün cavabdehdən əməkhaqqlarını ala bilmədiyi və əməkhaqlarının qonorarlarını istədiyi təqdirdə uzun zamandır onu işdən çıxarmaqla əmək kitabçasını korlamaqla hədələdiyini bildirir.

9. O, qanunla ona çatmalı olan əməkhaqqılarını ala bilmir. Onun özünün də cavabdehdən ala biləcəyi mümkün deyil. Cavabdeh hər dəfə özündən əmrlər, aktlar tərtib edərək əməkhaqqılarını mənimsəmiş o bu aktların əmrlərin heç birindən xəbəri olmamış və heç bir arzu istəyinin razılıq ərizəsi olmamışdır. Qanun pozuntusu haqqında bir neçə dəfə müraciət etmiş lakin aldığı nəticə qanedici olmamış, müəssə rəhbəri onu yenidən təhdid etməyə başlamışdır.

10. Məhkəməyə bildirmək istəyir ki, əməkhaqqılarını ala bilmir istədikdə cavabdeh təşkilatın rəhbərliyi tərəfindən ciddi təhdidlər olduğunu qeyd edir. Artıq işə məhkəmə qaydasında baxılmağını istəyir bunun qanunla da mümkün olduğunu Azərbaycan Respublikasının Qanunlarına nəzər yetirdikdə anlamışdır.

11. Azərbaycan Respublikasının qanunları cavabdeh müəssənin rəhbərliyi tərəfindən kobudcasına bilərəkdən heçə sayılmaqla pozulmuşdur. Ona 2021-ci ildən 2025-ci il mart aynın 7-sinədək xeyli miqdarda çatmalı olan maddi gəlirin əməkhaqqının qarşısı qanunsuz yollarla cavabdeh təşkilatın rəhbəri tərəfindən alınmış, mənimsənilmişdir. Məhkəmədən xahiş edir ki 2021-ci ildən 2025-ci il 1-ci 2-ci aylara qədər tam olaraq 2025-ci ilin mart ayı 7 gün olmaqla Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrın rəhbəri tərəfindən qanunsuz şəkildə işlədildiyi, lakin əməkhaqqısını ala bilmədiyi əməkhaqqının cəm şəkildə Əvəzçilik üzrə 50 ay olmaqla əməkhaqqısını bununla yanaşı həmin ştat üzrə 45 gün qeyri iş günləri olan bayram günlərinin AR Əmək Məcəlləsinin 162.2-ci 163.2-ci 165.1-ci maddəsinin Əvəzçilik üzrə əmək haqqının ödənilməsi qaydalarına uyğun olaraq həyata keçirərək hesablanmasını alınıb ona verilməsini təmin etməyi xahiş edir.

12. Bununla yanaşı öz ştatı üzrə 2021-ci ildən 2025-ci il daxil olmaqla istehsalat təqvimində yanvar, mart və dekabr ayları üçün göstərilmiş olan, hətta pandemiya dövründə qeyri iş günləri olan bayram günləri işlədildiyi halda, lakin əməkhaqqısını ala bilmədiyi üçün 60 günün əməkhaqqısını AR Əmək Məcəlləsinin 164-cü İstirahət, səsvermə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqının ödənilməsi uyğun olaraq həyata keçirərək hesablanmasını alınıb ona ödənilməsini məhkəmədən xahiş edir.

13. Bunlarla yanaşı 2021-ci ildən 2025-ci il mart aynın 7-sinə dək öhdəçiliyində olmadığı təşkilatlara, özəl müəssələrə digər Nazirliklərə 400 dən artıq tədbirlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X15 Teatrın rəhbəri tərəfindən qanunsuz yollarla məcburetmə təhdidləri ilə işlədildiyi göstərdiyi xidmətlər üçün işlədildiyi üçün qonorarların hesablanaraq yazılaraq birdəfəyə verilməyini və 2022-ci ilin ikinci rübündən 2025-ci ilin haliyədəki rübünədək almalı olduğum lakin ala bilmədiyi hər rüb üçün əməkhaqqının 50 faizi dəyərindəki əlavənin hesablanaraq cəm şəkildə alınıb verilməsini və hesablamalar aparılmasını, yuxarıda qeyd olunan pozulmuş olan hüquqlarının bərpa olunmasını məhkəmədən xahiş edir və bildirmək istəyir ki, iddia ərizəsinin xahiş edirəm qismindəki tələbləri barədə hesablanma aparılmasını cəm şəkildə ödəniş olunmasını öhdəlik olaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilsin.

14. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 24, 35,148ci maddəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 316-cı maddəsinin 1 bəndinə, 9, 12-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Naxçıvan MR Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlanmış və ərizədə qeyd edilmişidir ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçının iddia etdiyi əvəzçilik üzrə işlədiyi müddət, eləcə də təşkilatlara, özəl müəssələrə, digər qurumlara qanunsuz yollarla, məcburetmə ilə, təhdidlərlə göstərdiyi xidmətlər və digər məsələlər əsassızdır. Qarşı tərəf hələ də bu iddiaları sübut etmək üçün əsaslı faktlar, dəlillər təqdim edə bilmir, çünki belə hallar həqiqətən mövcud olmamışdır. İddia ərizəsində qeyd olunan qeyri-iş günləri olan bayram günləri işçilərin işə cəlb olunması isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən tənzimlənmişdir. Bütün bunlardan əlavə yekunda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin ilə müəyyən edilmiş prossesual müddət ötürülmüşdür. İşçi iddia etdiyi pozulmuş hüquq və azadlıqlarının müdaifəsi üçün ötən il Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X9 Xidmətinə də müraciət etmişdir. Həmin məsələ araşdırılmış və aidiyyəti üzrə vətəndaşa cavab verilmişdir. Elə təkcə bu müraciət onu deməyə kifayət edir ki, şəxs iddia etdiyi hüquq və azadlıqlarının pozulmasını aşkar edərək müdafiəsi istiqamətində işlər görmüşdür. Odur ki, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini rəhbər tutaraq İddiaçı cavabdeh Naxçıvan MR Mədəniyyət Nazirliyinə qarşı qaldırdığı yuxarıda sadalanan tələbləri üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 7-ci bəndlərinə, Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad etmişdir.

16. İddiaçı 30 sentyabr 2025-ci il tarixdə cavabdehin ərizəsinə cavab olaraq vəsatətlə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iş üzrə iddianın guya iddia müddətinin ötülməsi səbəbindən təmin edilməməsi barədə mövqeyi bildirmişdir bu mövqe əsassızdır və aşağıdaki arqumentlərlə rədd edilməlidir - Davam edən pozuntu 2021-ci ildən 2025-ci il mart aynın 17-sinədək istirahət günləri olan şənbə günləri mütəmadi olaraq işə cəlb olunmuş işlər gördürülmüşdür. Həmçinin 2021-ci ildən 2025-ci il mart aynın 17 dək digər işçinin əmək funksiyaları ona icra etdirilmişdir lakin qanuni əməkhaqqı ödənilməmişdir bu hal birdəfəlik deyil davam edən pozuntudur. Azərbaycan Respublikasının Əmək məcəlləsi və Məhkəmə təcrübəsinə görə davam edən pozuntular üzrə iddia müddəti tətbiq edilmir. - Əməkhaqqı pul öhdəliyidir. - İşçiyə ödənilməli olan əməkhaqqı mülki hüquqi mənada borc öhdəliyi sayılır mülki məcəllənin prinsiplərinə əsasən borc öhdəliyi yerinə yetirilmədiyi müddətdə qüvvədə qalır və işçinin tələb hüququ aradan qalxmır: - 2024-cü ildə bayram günü işlədilməyimə görə ödəniş verilməsi faktı üzrə əmək müfəttişliyi orqanına müraciət etmiş bu fakt göstərir ki o hüququnu vaxtında müdafiə etməyə çalışmış lakin həmin zaman hüququnu bilməmiş X9 xidməti ona başa salaraq digər hüquqlarınında pozulduğunu aşkar etməli və tədbir göstərməli olduğu halda göstərməmişdir məhkəməyə bildirmək istəyir ki işçinin digər dövlət orqanına müraciəti iddia müddətinin buraxılması üçün üzürlü səbəb oluna bilər. - Əmək qanunvericiliyinin məqsədi işçinin hüquqlarını müdafiəsidir. İddia müddətinin tətbiqi işçinin əməkhaqqı hüququnun tamamilə itirilməsinə səbəb olmamalıdır Bu səbəbdən onun iddia müddətinin ötümü ilə bağlanmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehin iddia müddətinin ötülməsi ilə bağlı mövqeyinin qəbul edilməməsini, iddianın mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir.

17. 17.12.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı bildirdi ki, təkrar ekspertiza təyin olunmalıdır. Bayram günləri, şənbə günləri işlədiyi üçün ekspertizanın təyin edilməsini istəyir. Tələbi ilə bağlı sübutu isə iş yoldaşının izahatı və video çəkilişdir. 2025-ci ildə əvvəlki müdir onu vəzifədən qanunsuz olaraq kənarlaşdırmağa çalışmışdır. Məcburi şəkildə işlədilmişdir. 15 gün olar Əmək müqaviləsini özbaşına şəkildə dəyişdirmişdirlər. Onun işlərinə aid olmayan məlumatlarda yazılmışdır. Heç bir ərizə olmadan iş ştatını dəyişmişdirlər.

18. 17.12.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X12 bildirdi ki, Cabiri Nazirliyə də çağırmış orada məsələ ilə bağlı danışıqlar olmuşdur. Uşaq teatrında 400 tədbir keçirmək mümkün deyil. Mədəniyyət Nazirliyinin özü belə bir neçə il ərzində 400 tədbir keçirməmişdir. Ola bilər hansısa bayram ərəfəsində işləmiş ola bilər. Çünki bayram ərəfələrində tədbirləri Mədəniyyət Nazirliyi təşkil edir. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün işçilər orada olur. Heç kim demir ki, iş günü deyil niyə işə cəlb olunuruq. Əvəzçiliklə bağlı məlumatı yoxdur. Uşaq Teatrında bəzi nazirliklər gəlib tədbir keçirir. Həmin vaxt stolu oradan daşımaq lazım gəlir bu isə normal haldır.

19. 17.12.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan X13 nümayəndəsi X2 bildirdi ki, Teatr 2006-cı ildən fəaliyyətə başlamışdır. 9 nəfər ştat vardır. Əsasnamələrinə uyğun olaraq 6 günlük sistemlə çalışırlar. 6-cı günlər uşaqların tətil günü olduğundan həmin vaxtlarda tamaşa təşkil edə bilirlər. İş saatları 6-cı günlər 4 də bitir. ƏMAS-da səhvliklə müqavilələrdə 5 günlük iş yazılmışdır. Lakin əsasnaməyə uyğun olaraq 6 günlük iş rejimləri vardır. Bunun səhv qeyd olunduğunu aşkarlanan zaman araşdırılmış və düzəldilmişdir. Həmçinin əvvəlki müdir bunla bağlı inzibati cərimə almış və onu ödəmişdir. Bayram günlər isə Yeni il və Novruz bayramı qeyd olunur. Həmin vaxta işləyirlər. Əvvəlki rəhbərlə razılaşmaq yolu ilə həmin vaxtlarda tamaşalarını oynayır və sonra əvəzçilik verildiyindən digər günlərdə istirahət edirdilər. Bunu da əmrləşdirirlər. Başqa təşkilatların bəzi tədbirləri olurdu. Lakin orada Cabirin işləyib-işləmədiyini bilmir. Lakin hər bir halda təşkilatdır və orada tədbir keçirilirsə əlbəttə öz təşkilatlarının işçiləri ona şərait yaratmalıdır. İş vaxtına düşməyən tədbirlərdən sonra əmək haqqının verilməsi ilə bağlı məlumatı yoxdur. 28 avqust 2025-ci ildən orada rəhbər kimi çalışır. Həmin vaxtdan tədbir olmur. Əgər gələcəkdə də keçiriləcək tədbirlər bayram günlərinə təsadüf edərsə, Nazirliklə danışılacaqdır. Əlavə ştatlar verilmiş, İddiaçıda işlədiyi ştat ləğv olunduğu üçün yeni bir ştat təyin olunmuşdur. Həmin vaxt özləri də Nazirliyə çağırılmış və digər ştata keçməklə bağlı razılıq vermişdirlər.

20. 17.12.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının vəkili X4 bildirdi ki, ekspertizanın səlahiyyətlərindən kənara çıxdığı üçün rəy verə bilməmişdir. Bunla bağlı qərarı məhkəmənin səlahiyyətinə buraxır.

21. 12.01.2026-cı il məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, tələbi ştat üzrə əmək haqqı deyil əlavə ödənişlərdir. Ekspertiza isə öz rəyində qeyd etmişdir ki həmin iş üzrə araşdırma apara bilməz. Məhkəmə hüquqi qiymət verməlidir. 2025-ci ildə işıqçı yerinə də işləmişdir. 3 aydan bir 50% əmək haqqı verilirdi. Müqavilədə iş günləri göstərilməmişdir. Yanvar ayına qədər ödəniş edilməmişdir. Fevral ayının ortalarında işdən çıxarılmışdır. Əmək Müfəttişliyinə 3 mart 2025-ci il tarixdə müraciət etmişdir. Bir dəfə də 2024-cü ilin iyun ayında müraciət etmişdir. Lakin o bu iddia üzrə deyildir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

22. 12.01.2026-cı il məhkəmə baxış iclasında iştirak edən iddiaçının vəkili X4 bildirdi ki, 5 günlük iş həftəsi ilə bağlı olmuş, 6 günlük iş həftəsi ilə bağlı məlumat verilməmişdir. X5 bunla bağlı cəriməsi də mövcuddur. Həmin problemi aradan qaldırmadığı üçün yenə həmin orqana Əmək Müfəttişliyi tərəfindən cərimə tətbiq edilmişdir. Eyni zamanda iş ekspertizaya göndərilmiş və ekspertiza öz səlahiyyətlərinə aid olmadığını qeyd etmişdir. Məhkəmə iclaslarında da həmin boşluqların ötürülməsi ilə bağlı hallara şahid olunmuşdur. Hesab edir ki, 5 noyabr 2020-ci il tarixdən 2025-ci il mart ayında olan pozuntularla bağlıdır ki, əmək funksiyasına aid olmayan 400dən çox tədbirlərdə iştirak etməklə bağlıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

23. 12.01.2026-cı il məhkəmə baxış iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X12 bildirdi ki, iddiaçı ilə həmçinin keçmiş direktorla da danışıqları olmuşdur. Sistem üzrə həm Əmək Müfəttişliyinə həm də Nazirliyə sənədlər təqdim etmişdir. İddiaçı hədə-qorxu gəlindiyini bildirir, lakin qanunlar var heç kim heç kimə qarşı hədə-qorxu gələ bilməz. Əmək haqqı elə sistemləşdirilmişdir ki, heç bir yanlışlığa yol verilə bilməz. İşləyib əmək haqqı almamasına münasibətdə isə Uşaq Teatrında il ərzində bir neçə Nazirliyin tədbirləri həyata keçirilə bilər. Həmin tədbirlər də iş günlərinə salınır. Təsadüfi halda 6-cı günə salınar tədbirlər. Bayram günlərində Mədəniyyət Nazirliyi olaraq həmin tədbirlər orada çalışan hər bir işçinin vəzifəsidir. Həmçinin yanvar ayında olan yeni illə bağlı tədbirdə də X3 çıxış etmiş və əmrləşdirilmişdir. Həmçinin tamaşa da əmrləşdirilmişdir. 2020-ci ildən Əmrlərdə verilmiş və ödənişlərdə edilmişdir. Heç kimin əməyi istismar edilməmişdir. Həmin dövrdə gəlib bunla bağlı müraciət edə bilərdi. Mədəniyyət Nazirliyi tərəfindən də Uşaq Teatrı tərəfindən də heç bir pozuntuya yol verilməmişdir. Əgər olubsa da, bunu zamanında demək lazım idi. İddianı qəbul etmirlər. Əmək haqqı ödənilmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan X13 nümayəndəsi X2 bildirdi ki, 6 günlük iş rejimi ilə işləyirlər. 6-cı gün saat 4-də iş saatı bitir. Uşaq teatrında il ərzində 2-3 tamaşaları olur. 400 tədbir mümkün deyil. 2021-2022-ci illər pandemiya dövrünə təsadüf etdiyindən tamaşalar olmurdu. Balaca müəssisədir 2-3 işçiləri vardır. Heç kimə heç nəyi məcbur etmək olmaz. 2015-ci ildən orada işləyir. Bu hallara şahid olmamışdır, əgər belə hadisə baş veribsə də Cabir müdirlə həll etmişdir. 28 avqustdan orada müdir vəzifəsində çalışır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

25. İş materiallarında olan, Naxçıvan X13 14 nömrəli Əmrinə əsasən 05 noyabr 2020-ci ildən İddiaçı radist vəzifəsinə təyin edilmişdir.

26. İş materiallarında olan, Naxçıvan MR Mədəniyyət Nazirliyi Naxçıvan X13 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü olan bayram günləri ilə əlaqədar Hesablama-ödəniş cədvəlinə əsasən dekabr 2020-ci il tarixdə İddiaçı 25.64 manat məbləğində ödəniş müəyyən olunmuşdur.

27. İş materiallarında olan, 25 yanvar 2021-ci il tarixli Naxçıvan X13 Əsasnaməsinin 5.2-ci bəndində Uşaq Teatrının rejissoru və rəssamı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Həmin əsasnamənin 5.3.4-cü bəndində həmin Nazirliyin işçiləri vəzifəyə təyin və vəzifədən azad etməsi, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tədbirləri gördüyü qeyd olunmuşdur.

28. İş materiallarında olan MN seriyalı ******* saylı protokola əsasən X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən 600 manat məbləğində barəsində inzibati cərimə tətbiq edilmişdir.

29. İş materiallarında olan 23 iyun 2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinə X8 tərəfindən ünvanlanmış yazılı izahata əsasən, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinin tələbləri doğrudur. Cavabdeh təşkilat iddia ərizəsində qeyd olunanları etmişdir.

30. İş materiallarında olan, Naxçıvan MR Mədəniyyət Nazirliyi Naxçıvan X13 07 nömrəli, 24 iyun 2025-ci il tarixli Əmrinə əsasən, X15 Teatrı 5 günlük iş rejimindən 6 günlük iş rejiminə keçirilmişdir.

31. İş materiallarında olan, 13 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur.

32. İş materiallarında olan, Naxçıvan MR Mədəniyyət Nazirliyinin 25 avqust 2025-ci il tarixli, 3-24-18/3-1-k-22/2025 saylı Əmrinə əsasən, X6 28 avqust 2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir.

33. İş materiallarına əlavə edilmiş, 25 noyabr 2025-ci il tarixli, 1062 saylı ekspert rəyinə əsasən, təqdim edilmiş iş materiallarının tədqiqi zamanı tərəflər arasında bağlanmış əmək müqavilələrinin sənədləşməsində və ardıcıllığında boşluqlar olduğu üçün, əmək haqqı hesablamaları təqdim edilmiş əmək haqqı hesablama cədvəllərinə uyğun yoxlanıldı. İşçinin 2020-ci ilin noyabr ayının 5-indən başlayaraq 2025-ci ilin avqust ayıda daxil olmaqla (2021, 2022, 2023 və 2024-cü illərin bütün ayları) faktiki əmək fəaliyyəti mövcuddur. Bununla belə, 2020-ci ilin noyabr-dekabr aylarına aid sənədləşmə və əməkhaqqı ödənişlərini təsdiqləyən sənədlər olmadığı üçün qeyd edilən dövr üzrə əmək haqqı ödənişinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, təqdim edilmiş əmək haqqı hesablama cədvəllərinə uyğun olaraq digər bütün işlədiyi dövrlərdə İşçinin müvafiq əməkhaqqını tam şəkildə aldığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə 35. Əmək hüququ

İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsi

35. Maddə 2-nin 3-cü bəndi. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

36. Maddə 3-ün 4-1-ci bəndi. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

37. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

38. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

39. Maddə 11-in 1-ci bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;

40. Maddə 12-nin 1-ci bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;

41. Maddə 42-nin 1-ci bəndi. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

42. Maddə 57-nin 1-ci bəndi. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

43. Maddə 61-in 1-ci və 2-ci bəndi. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

44. Maddə 107. Bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

45. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.

46. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

47. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;

48. Maddə 292-nin 2-ci bəndi. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

49. Maddə 294-ün 1-ci bəndi. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

50. Maddə 296-nın 2-ci və 4-cü bəndi. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

51. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

52. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

53. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

54. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 55.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır.

59. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

Məhkəmənin mövqeyi:

61. Məhkəmə iddiaçını, onun vəklini, cavabdehin nümayəndəsini və üçüncü şəxsin nümayəndəsinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsasız olduğundan təmin edilməməlidir.

62. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi istiqamətində aşağıdakı ardıcıllıqla araşdırma aparılmalıdır; İddiaçının əmək haqqı Əmək Qanunvericiliyinin tələbərinə uyğun qaydada ödənilmişdirmi? İddiaçı əvəzçilik üzrə digər işçinin əmək funksiyalarını yerinə yetirmişdirmi? İddiaçı qeyri-iş günləri və iş günü hesab olunmayan bayram günləri işə cəlb edilmişdirmi? İddiaçı başqa təşkilatlara xidmət göstərməsi üçün ezam olunmuşdurmu və yaxud başqa təşkilatlara işləməyə cəlb edilmişdirmi? İddiaçı tərəfindən məhkəməyə müraciət edən zaman iddia müddətinə əməl edilmişdirmi?

63. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya Əmək Qanunvericiliyinin tələbərinə uyğun qaydada əmək haqqının ödənilməsi barədə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 25 noyabr 2025-ci il tarixli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur.

64. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş iş materiallarının tədqiqi zamanı tərəflər arasında bağlanmış əmək müqavilələrinin sənədləşməsində və ardıcıllığında boşluqlar olduğu üçün, əmək haqqı hesablamaları təqdim edilmiş əmək haqqı hesablama cədvəllərinə uyğun yoxlanıldı. İşçinin 2020-ci ilin noyabr ayının 5-indən başlayaraq 2025-ci ilin avqust ayıda daxil olmaqla (2021, 2022, 2023 və 2024-cü illərin bütün ayları) faktiki əmək fəaliyyəti mövcuddur. Bununla belə, 2020-ci ilin noyabr-dekabr aylarına aid sənədləşmə və əməkhaqqı ödənişlərini təsdiqləyən sənədlər olmadığı üçün qeyd edilən dövr üzrə əmək haqqı ödənişinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, təqdim edilmiş əmək haqqı hesablama cədvəllərinə uyğun olaraq digər bütün işlədiyi dövrlərdə İşçinin müvafiq əməkhaqqını tam şəkildə aldığı müəyyən edilmişdir.

65. Göründüyü kimi iddiaçıya işlədiyi dövrlər üzrə əmək haqqı Əmək Qanunvericiliyinin tələblərinə uyğun şəkildə ödənilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamışdır.

66. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

67. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

68. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

69. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

70. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

71. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində hədə-qorxu yolu ilə əvəzçilik qaydasında başqa işçinin əmək funksiyasının icrasına cəlb edildiyini və həmin vəzifə funksiyasının əmək haqqısını almadığını bildirmiş və məhkəməyə video görünütülərin olduğu flaş kartı təqdim etmişdir.Məhkəmə tərəfindən qeyd edilən video yazılara baxış keçirilmişdir.

72. Məhkəmə qeyd edir ki, əvvəla iddiaçıya cavabdeh və yaxud üçüncü şəxs tərəfindən hər hansı formada hədə-qorxu gəlinərək, məcburi qaydada əvəzçilik üzrə başqa işçinin əmək funksiyasını icra etməsinə dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi videoyazıların isə hansı tarixlərdə, hansı şəraitdə çəkildiyi qeyri-müəyyən olmaqla, qeyd edilən faktı təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin videoyazılarda iddiaçıya hər hansı hədə-qorxu gəlinməsi və yaxud başqa işçinin əmək funksiyasının bilavasitə həvalə olunması öz təsdiqini tapmır.

73. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

74. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə verilən iddia ərizəsində qeyri-iş günləri və iş günü hesab olunmayan bayram günləri işə cəlb edildiyi və həmin günlərin əmək haqqının ona verilmədiyi bildirilmişdir.

75. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə təqdim olunmuş sənədlərdən göründüyü kimi qeyri-iş günləri və iş günü hesab olunmayan bayram günləri işə cəlb edilmiş işçilərə həmin günlərə uyğun olaraq əlavə istirahət günləri verilmişdir. İddiaçı tərəfindən həmin halın əksini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir.

76. Daha sonra iddiaçı iddia ərizəsində öhdəçiliyində olmayan başqa təşkilatlara xidmət göstərdiyini və həmin xidmətlərə görə əmək haqqı almadığını bildirmiş və bu faktın təsdiqi qismində paylaşılmış elanların ekran skrinlərini məhkəməyə təqdim etmişdir.

77. Məhkəmə həmin tələbə münasibətdə qeyd edir ki, iddiaçının müxtəlif təşkilatlara ezam olunması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, eləcə də, elanları paylaşılan təşkilatların tədbirlərinin keçirildiyi vaxtlar iddiaçının məcburi işləməyə cəlb edilməsini təsdiq edən sübutlar mövcud olmamışdır. Odur ki, iddia həmin hissədə də əsassızdır.

78. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə aşağıdakıları qeyd edir:

79. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

80. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

81. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.

82. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

83. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından eləcə də, iddiaçı tərəfindən Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış müraciət əsasında Xidmət tərəfindən Naxçıvan MR Mədəniyyət Nairliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının hüququnun pozulması barədə ən geci 2024-cü ilin mart ayında məlumatı olmuş lakin, iddiaçı Qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

84. Beləliklə məhkəmə hesab edir ki, həm iddia tələbləri sübuta yetmədiyindən həm də, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən, iddia tələbi rədd edilməlidir.

85. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır

86. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır.

87. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).

88. Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı əmək haqqının və digər ödəmələrin müəyyən edilməsi, hesablanması və ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar