Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1629/2025 19.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: alimentin azaldılması tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş X2 və X3 xeyrinə hər ay ölkə üzrə minimum əməkhaqqının 0.74 misli həddində sabit pul məbləğində müəyyən olunmuş alimentin tutulma qaydasının dəyişdirilərək ödəməli olduğu aliment məbləğinin hər ay aylıq gəlirinin üçdə bir hissəsinə, yəni 132,31 manat məbləğinə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)- 229\2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı əsasında iddiaçının öhdəliyi kimi təsbit olunmuş və indeksasiya edilmiş aliment miqdarı minimum əmək haqqı məbləğinin 0.74 mislindən 0.77 mislinə dəyişdirilmişdir. Bu dəyişikliyin iddiaçının alimentin azaldılması barədə iddia tələbindən sonra baş verdiyini nəzərə alınmasını və iddia tələbinin "aliment öhdəliyi hər ay hər uşaq üçün müəyyən olunmuş miniumum əməkhaqqı məbləğinin 0.77 mislində aliment miqdarının azaldılaraq hər ay ümumilikdə əməkhaqqının üçdə bir hissəsi miqdarında müəyyən olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 noyabr 2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişlər. Cavabdeh ilə ailə münasibətləri əvvəllər qaydasında olsa da, sonradan aralarında müəyyən səbəblərdən mübahisələr yaranmış və daha ailə münasibətlərini davam etdirə bilməkləri mümkün olmadığından Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 248\2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsi əsasında rəsmi nikah qeydi pozulmuş, hər ay hər uşağın saxlanması üçün 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment ödəməyi qət edilmişdir. 4.Həmin müddətdən bəri ata kimi övladlarının saxlanmasında iştirak etmiş, yaşayış minimumundan aşağı həddə qazanc əldə etməyinə baxmayaraq aliment ödənilməsində heç bir zaman gecikmə etməmiş, bütün ödənişləri vaxtlı-vaxtında və əksiksiz şəkildə ödədiyini qəti bir dillə bəyan edir, canının parçası övladları ilə ünsiyyət qurmaq, onlarla görüşmək üçün hər nə qədər səy göstərsə də, cavabdeh qismində qeyd etdiyi Cavabdeh buna maneçilik törətdiyini, məzmunu bu gün də iddiaçıya məlum olmayan üsul və vasitələrlə azyaşlı uşaqlara psixi təsir göstərməklə onların iddiaçı ilə görüşmək istəməmələrinə səbəbiyyət verdiyini və nəticədə aybaay onların saxlanmasında aliment ödəməklə iştirak etməyinə baxmayaraq ata kimi ünsiyyət hüququndan məhrum etdiyini böyük bir təəssüf hissi ilə bildirir 5.Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmə səbəbi cavabdehin Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-248\2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsi əsasında təyin olunmuş aliment miqdarının indeksasiya olunması barədə xx.xx.2025-ci il tarixli ərizəsinin həmin Məhkəmənin 8(078)-229\2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə təmin edilməsi, bununla da yetkinlik yaşlarına çatmayan X2 və X3 xeyrinə hər ay ölkə üzrə minimum əməkhaqqının 0.74 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərar qəbul edilməsidir. Bəhsi keçən Qərardadın icra olunması şəksiz şəkildə iddiaçının müflisləşməyi, bank və kənar şəxslərə qarşı borclu vəziyyətinə düşməyi, ən pis halda isə son “çarə” kimi qanunla qadağan olunmuş əməllər törətməyi ilə nəticələnəcəyindən (Qeyd edim ki, bugünkü tarixədək barəsində inzibati xəta barədə icraat belə başlanmamış, tərəfindən qanun-qaydalara daim riayət edilmişdir) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində birbaşa təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququndan istifadə edərək məhkəməyə pənah gətirdiyini bütün səmimiyyəti ilə ifadə edir. 6.İlk növbədə, alimentin indeksasiya olunması prosesinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarına uyğun olaraq həyata keçirildiyini qəbul edir, lakin maddi vəziyyətinin alimentin hazırkı miqdarını ödəməyə heç bir halda imkan vermədiyini yüksək diqqətə çatdırmaqla alimentin ədalətli şəkildə təyin olunmasının yeganə yolunun onun sabit pul məbləğində deyil, gəlirinin müəyyən hissəsi miqdarında tutulması olduğunu, ilk dəfə aliment təyin olunan vaxtla hazırkı maddi və sosial vəziyyətinin fərqləndiyini bəyan edir. Belə ki nikahın pozulması zamanı aliment təyin olunduğu zaman heç bir yerdə işləməməklə sabit gəliri olmadığı halda hazırda xx.xx.2021ci il tarixdən bəridir ki eyni müəssisədə- Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsində çilingər vəzifəsində işlədiyini (bu barədə müvafiq arayış sübut qismində əlavə edilmişdir) və müvafiq tutqular çıxıldıqdan sonra aylıq 396,95 manat əməkhaqqı aldığını məlum edir, belə olan halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində təsbit olunmuş gəlirinin üçdə bir hissəsi (hazırda övladlarından ikisinin yetkinlik yaşlarına çatmadıqlarını nəzərə alaraq) miqdarında tutulması barədə məhkəmənin qərar qəbul etməsi üçün müraciət etdiyini bildirir. Bütün gəliri 396 manat təşkil edən vətəndaşın təkcə 592 manat aliment məbləğini ödəməsinin deyil, eləcə də yaşayış minimumu həddində yaşamasının nə dərəcə qeyri-mümkün olmasını məhkəmənin təqdirinə buraxır, öz növbəsində Konstitusiyada dövlətin məqsədləri qismində qeyd olunmuş “vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsi”ndə məhkəmənin ədalətli mövqe tutacağına, vətəndaşın müflisləşib dolanışığını idarə edə bilməyəcək, hətta yaşaya bilməyəcək qədər çıxılmaz vəziyyətə düşməsinə izin verməmək üçün iddia tələbini təmin edəcəyinə dair heç bir şübhəsi olmadığını qətiyyətlə bəyan edir.
7. Digər bir iş üzrə mühüm əhəmiyyət kəsb edən hal kimi cavabdehin gəlirinin nəzərə alınmalı olduğunu vurğulayır. Belə ki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsində təsbit olunmuş “Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər” müddəasını rəhbər tutaraq cavabdehin hazırda işlədiyi gömrük orqanından aylıq kifayət qədər-iddiaçının qazancının təqribən 3-4 misli miqdarında əməkhaqqı aldığını ifadə etməklə, birgə nikahdan doğulmuş övladlarının saxlanmasındakı vəzifələrini yerinə yetirməklərinin müştərəkliyini təmin etmək məqsədilə Cavabdeh aylıq qazancının müəyyən edilməsinin vacibliyini bir daha vurğulayır və bu məlumatı əldə edib məhkəməyə təqdim etmək səlahiyyətim xaricində olduğundan, habelə müvafiq vəkil sorğusu ünvanlanmasına (bu barədə order almağa) maddi olaraq gücü yetmədiyindən həmin məlumatın məhkəmə sorğusu əsasında təmin edilməsini xahiş edir.
8. Yekunda aliment məbləğinin azaldılması məqsədilə X4 etdiyi müraciətinin cavabdehlə ortaq məxrəcə gəlinə bilməməsi səbəbindən nəticəsiz qaldığını yüksək diqqətə çatdırır, birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün tutulmaqda olan aliment miqdarını ödəməyə heç bir şəkildə qadir olmadığını, hazırda alimentin azaldılması ilə bağlı müraciət etməyinin heç bir halda onların saxlanılması xərclərindən boyun qaçırmaq məqsədi daşımadığını, əksinə, həm övladlarının xərclərinin qarşılanması, həm də vətəndaş kimi müflisləşməyinin qarşısının alınması, eləcə də ölkə üzrə müəyyən olunmuş yaşayış minumumundan aşağı səviyyədə yaşamağının qeyri-mümkün olması, aliment miqdarı dəyişdirilmədiyi təqdirdə geri dönülməz sıxıntılara və səhvliklərə düçar olacağından başqa çarəsinin qalmaması kimi amillərdən qaynaqlandığını bir daha ifadə edərək və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsini rəhbər tutaraq birgə nikahlarından doğulmuş X2 və X3 xeyrinə hər ay ölkə üzrə minimum əməkhaqqının 0.74 misli həddində sabit pul məbləğində müəyyən olunmuş alimentin tutulma qaydasının dəyişdirilərək ödəməli olduğu aliment məbləğinin hər ay aylıq gəlirinin üçdə bir hissəsinə, yəni 132,31 manat məbləğinə azaldılması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bəyan edir. 9.İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verilməmişdir.
11. Məhkəmə işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
12. İş materiallarında olan, Naxçıvan MR, Naxçıvan Şəhəri İcra Hakimiyyəti İstilik Təsərrüfatı İdarəsinin 09 oktyabr 2025-ci il tarixli, 17 nömrəli Arayışına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsində çilingər vəzifəsində çalışır və tutqulardan sonra xalis əmək haqqı 396.95 (üç yüz doxsan altı manat, doxsan beş qəpik) manat təşkil edir.
13. İş materiallarında olan Naxçıvan şəhər “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışa əsasən, AZ-İİ seriyalı 166374 nömrəli arayışın surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2008ci il tarixində 753 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının İddiaçı, anasının X9 olduğu qeyd olunmuşdur.
14. İş materiallarında olan Naxçıvan şəhər “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışa əsasən, AZ-İİİ seriyalı 078118 nömrəli arayışın surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2014cü il tarixində 342 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının İddiaçı, anasının X9 olduğu qeyd olunmuşdur.
15. İş materiallarında olan Nikahın Pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 nikahı 27 iyul 2018-ci il tarixdə pozulmuş və bu 76 nömrə ilə rəsmiləşdirilmişdir.
16. İş materiallarında olan X1 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07 noyabr 2025-ci il tarixli, MŞN/25-H-01787 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu:
20. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarı
21. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
22. 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı:
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:
27. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 9-cu maddəsinə və “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi, inkişafı və maddi təminatı hər iki valideynin həm ümumi, həm də bərabər vəzifəsidir. Qanunvericilik uşağın maddi-məişət tələbatının ödənilməsini valideynin uşaqla birgə yaşayıb-yaşamasından asılı olmayaraq imperativ bir öhdəlik kimi müəyyən edir. Bu prosesdə uşağın ən yaxşı mənafelərinin qorunması valideynlərin və dövlətin əsas qayğı obyektidir.
28. Məhkəmə müəyyən etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli qərardadı ilə alimentin məbləği minimum əməkhaqqının 0.77 misli (hər uşaq üçün 308 manat, cəmi 616 manat) həddində indeksasiya edilmişdir. Lakin “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilən rəsmi məlumatlara görə, İddiaçı aylıq gəliri (470 manat) ondan tutulması qərara alınan aliment öhdəliyindən (616 manat) əhəmiyyətli dərəcədə aşağıdır.
29. Məhkəmə hesab edir ki, alimentin məbləği müəyyən edilərkən bir tərəfdən uşağın əvvəlki təminat səviyyəsinin və 2025-ci il üçün uşaqlar üzrə yaşayış minimumunun (246 manat) qorunması zəruridir, digər tərəfdən isə öhdəliyin icra oluna bilməsi üçün borclunun real maddi vəziyyəti nəzərə alınmalıdır. Mövcud vəziyyətdə aliment məbləğinin iddiaçının toplam gəlirini üstələməsi həm hüquqi, həm də faktiki baxımdan qərarın icrasını qeyrimümkün edir və iddiaçının minimum yaşayış ehtiyaclarını tamamilə aradan qaldırır.
30. Məhkəmə yuxarıda göstərilənləri, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-229/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilməli, iddia qalan hissədə əsaslı olmadığından rədd edilməlidir.
31. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
33. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-229/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində "Elektron Məhkəmə" İnformasiya Sistemindın yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov