Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-191/2024 05.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəlilov Vüqar Cəlil oğlundan “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2000 (iki min) manat pulun və ödənilmiş 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2020-ci il tarixdə Cəlilov Vüqar Cəlil oğlunun qanuni sahibliyində olan və onun tərəfindən idarə olunan "xxxx" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, sözügedən "xxxx" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə mülkiyyətçinin etibarnaməsi ilə Alməmmədov Möysüm Sərdar oğluna 2000 (iki min) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş, inzibati tənbeh vermə haqqında qərardan və inzibati xəta protokolundan aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cəlilov Vüqar Cəlil oğlu olmuşdur. İnzibati xəta haqqında protokoldan və qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh, hadisə yerindən yayındığına görə İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin Cəlilov Vüqar Cəlil oğlu öz izahatında da hadisə yerindən getdiyini bildirmişdir. Cəlilov Vüqar Cəlil oğlu hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. 2000 (iki min) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil 14 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərmişdir. Ərizədə qeyd olunmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin şikayət üzrə iddiaçı tərəfindən verilmiş iddia, bunun üçün nəzərdə tutulmuş müddət keçdiyi üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 372.2 maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin məcəllənin 373.2 maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 377.1 maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı ilə cavabdeh arasındakı hüquq münasibətləri onlar arasında bağlanmış PAT********** saylı sığorta müqaviləsindən yarandığı üçün həmin iddia üzrə tələb də müqavilədən irəli gəlmiş tələbdir. İddiaçı bildirir ki, cavabdeh idarə etdiyi "xxxx" markalı, 90JJ450 dövlət qeydiyyat nişanlı avtomobillə “BMW 320” markalı, 10SZ383 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sığorta hadisəsi baş verib və iddiaçı “BMW 320” markalı, 10SZ383 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə 2000 manat sığorta ödəyib. Həmin hadisədə cavabdeh hadisə yerindən yayındığı üçün iddiaçı həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddiaçı həmin pulu xx.xx.2020-ci il tarixli 3109 saylı ödəniş tapşırığına əsasən zərərçəkmişə ödəyib və həmin gündən onun subroqasiya hüququ yaranıb. Hətta ondan da əvvəl, yəni hadisə barədə ona məlumat verildiyi gündən həmin vaxtdan isə üç ildən artıq müddət keçdiyi üçün iddiaçı bu hüququnu itirib. Ona görə onun iddiası rədd edilməlidir. Etirazın qəbul edilərək iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 15 yanvar 2024-cü il tarixdə məhkəməyə mülahizə göndərmişdir. Həmin mülahizədə qeyd olunmuşdur ki, icraatda "xxxx" SŞ ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında iddia tələbinə dair 2(078)-191/2024 saylı mülki iş vardır. Sözügedən işlə bağlı cavabdehin vəkilinin elektron məhkəmə sisteminə əlavə olunmuş ərizəsinə əsasən, iddia tələbi iddia müddətinin ötürülməsi səbəbi ilə rədd edilməlidir. Belə ki, cavabdeh tərəfə görə "Mülki məcəllənin 373.2 maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı həmin pulu xx.xx.2020-ci il tarixli 3109 saylı ödəniş tapşırığına əsasən zərərçəkmişə ödəyib və həmin gündən onun subroqasiya hüququ yaranıb. Hətta ondan da əvvəl, yəni hadisə barədə ona məlumat verildiyi gündən, həmin vaxtdan isə üç ildən artıq müddət keçdiyi üçün iddiaçı bu hüququnu itirib. Ona görə onun iddiası rədd edilməlidir." Cavabdeh tərəfindən verilmiş etiraz əsassızdır və təmin edilməməlidir. Belə ki, subroqasiya hüququna dair iddia müddəti məsələsinə Ali Məhkəmə oxşar işlərdə bir neçə dəfə toxunmuş və belə öhdəliklərin mülki-hüquq pozuntusundan (deliktdən) yarandığını qeyd edərək, 10 illik iddia tələbinin şamil edilməsi qənaətinə gəlmişdir. Belə ki, Mülki Məcəllə, müxtəlif əsaslardan irəli gələn öhdəliklərə münasibətdə fərqli iddia müddətlərini nəzərdə tutur (m. 373). Bu baxımdan hazırkı mübahisə üzrə iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verilməsi üçün iddiaçı "xxxx" SŞ ASC ilə Cavabdeh arasındakı öhdəlik hüquq münasibətlərinin təbiətinin müəyyənləşdirilməsi zəruridir. Cavabdeh ilə "BMW 320" markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi, sığorta olunan X2 arasında mülki-hüquq pozuntusundan irəli gələn (delikt) öhdəlik münasibətləri yaranmışdır. "xxxx" SŞ ASC-nin "BMW 320" markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişini həyata keçirməsi nəticəsində MM-in 936.1-ci ("Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.") və 936.2-ci ("Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.") maddələrinə əsasən, həmçinin “İcbari Sığortalar Haqqında" qanunun 63.1ci maddəsinə əsasən, "BMW 320" markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Cavabdeh qarşı olan və mülki-hüquq pozuntusundan irəli gələn tələb hüququ "xxxx" SŞ ASC-yə keçmişdir. Başqa sözlə, "xxxx" SŞ ASC, zərərçəkən nəqliyyat vasitəsinin mülkiyyətçisi ilə Cavabdeh arasında olan mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətində zərərçəkəni əvəzləmişdir. Nəticə etibarilə, "xxxx" SŞ ASC-nin bu münasibətlərə sığorta müqaviləsi və ödədiyi sığorta ödənişi əsasında daxil olması həmin öhdəlik münasibətlərinin təbiətini dəyişdirməmişdir, yəni tərəflər arasındakı öhdəlik münasibəti yenə də mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətdir. Bu növ tələblərə isə, 10 illik ümumi iddia müddəti şamil olunur (m. 373.1). Öhdəlik hüquq münasibətinin xx.xx.2020-ci il tarixdə (yəni yol- nəqliyyat hadisəsinin baş verdiyi tarixdə) yarandığını, bu növ öhdəliklərin isə əmələ gəldiyi tarixdən icrası tələb edilə bilən öhdəliklər olduğunu nəzərə alsaq, iddia müddətinin axımı həmin tarixdən başlamışdır (m. 377.3). "xxxx" SŞ ASC-nin bu münasibətlərə daxil olması iddia müddətinin axımı tarixini dəyişdirməmişdir; çünki MM-in 377.4-cü maddəsinə görə, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Lakin yuxarıda qeyd edilən səbəblərdən hazırkı iddiaya 10 illik müddət şamil edilməli olduğundan müddətin keçməsindən söhbət gedə bilməz. Cavabdehin vəkili və nümayəndəsi Vəkil 01 fevral 2024-cü il tarixdə məhkəməyə vəsatət göndərmişdir. Vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaygasında pul tətləbinə dair iddia ilə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin şikayət üzrə iddiaçı tərəfindən verilmiş iddianın, bunun üçün nəzərdə tutulmuş müddətin keçdiyi üçün rədd edilməsi barədə ərizə ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi bununla bağlı mülahizə bildirərək cavabdehlə iddiaçı arasında yaranan hüquq münasibətlərinin mülki hüquq pozuntusundan əmələ gəldiyini, buna görə bu münasibətlərə 10 illik ümumi iddia müddətinin şamil olunduğunu bildirir. Ancaq iddiaçı ilə cavabdeh arasındakı hüquq münasibətləri onlar arasında bağlanmış sığorta müqaviləsindən yaranıb. Ona görə də həmin münasibətlərə Azərbaycan Respublikası MM-nin 373.2 maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti şamil olunmalıdır həmin məcəllənin 1099cu maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdehin idarə etdiyi "xxxx" markalı, 90JJ450 dövlət qeydiyyat nişanlı avtomobil Dövlət Neft Şirkətinə məxsusdur. Ona görə məhkəmə müddəti buraxılmamış hesab etsə belə iddiaçının tələbi cavabdehə deyil, onun işçisi olduğu hüquqi şəxsə yönəldilməlidir. İddiaçı ilə cavabdeh arasındakı hüquq münasibətləri onlar arasında bağlanmış PAT********** saylı sığorta müqaviləsindən yarandığı üçün həmin iddia üzrə tələb də müqavilədən irəli gəlmiş tələbdir. iddiaçının tələb hüququnun yarandığı vaxtdan üç ildən artıq müddət keçdiyi üçün iddiaçı bu hüququnu itirib. Ona görə onun iddiası rədd edilməlidir. Etirazın qəbul edilərək iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi X4 01 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini qeyd edərək mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi X3 15 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında icraatlarında olan işlərin çoxluğu və uzaq məsafə ilə bağlı üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini qeyd edərək mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin nümayəndələrinin məhkəməyə göndərdikləri ərizələri nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 01 fevral 2024-cü il tarixə, 15 fevral 2024-cü il tarixə və 05 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin vəkili və nümayəndəsi Vəkil mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin vəkil və nümayəndəsi həmin məhkəmə iclaslarında iştirak etməmiş, 01 fevral 2024-cü il tarixdə, 15 fevral 2024-cü il tarixdə və 05 mart 2024-cü il tarixdə məhkəməyə eyniməzmunlu ərizələr göndərərək ərizələrdə e-2(078)-191/2024 saylı mülki iş üzrə məhkəmə iclası təyin olunduğunu, həmin iclasda cavabdehin nümayəndəsi kimi iştirak etməli olduğunu, ancaq əvvəlcədən təyin olunmuş başqa məhkəmə prosesində iştirak etməli olduğunu, ona görə üzürlü səbəbdən prosesdə iştirak edə bilməyəcəyini, əvvəlcədən müddətin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi ilə bağlı ərizə verdiyini, Ona görə işə onun iştirakı olmadan baxıb iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə göndərdiyi ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin vəkili və nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ilkin olaraq cavabdehin vəkil və nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməlidir. Cavabdehin vəkil və nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd olunmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin şikayət üzrə iddiaçı tərəfindən verilmiş iddia, bunun üçün nəzərdə tutulmuş müddət keçdiyi üçün rədd edilməlidir. İddiaçı həmin pulu xx.xx.2020-ci il tarixli 3109 saylı ödəniş tapşırığına əsasən zərərçəkmişə ödəyib və həmin gündən onun subroqasiya hüququ yaranıb. Hətta ondan da əvvəl, yəni hadisə barədə ona məlumat verildiyi gündən həmin vaxtdan isə üç ildən artıq müddət keçdiyi üçün iddiaçı bu hüququnu itirib. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə cavabdeh tərəfin diqqətinə çatdırır ki, hazırki mülki iş üzrə iddia müddəti 3 il təşkil edə bilməz. Belə ki, 3 illik iddia müddəti müqavilə münasibətlərindən irəli gələn tələblərə şamil olunur. Hazırkı iş üzrə tələb etmə hüququ mülki hüquq pozuntusu əsasında vurulmuş ziyanla əlaqədar olduğundan hazırkı tələbə ümumi iddia müddəti (10 il) tətbiq olunur. Mülki iş materiallarından görünür ki, iddiaçı həmin müddəti ötürmədən məhkəməyə müraciət edib və 10 illik iddia müddətini ötürməyib. Qeyd olunan qanunvericilik normasının tələbindən də göründüyü kimi cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə xahiş etməsi əsassızdır və təmin edilə bilməz. İddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini buraxmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi rədd edilməlidir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 083280 nömrəli sığorta aktından görünür ki, Alməmmədov Möysüm Sərdar oğluna məxsus “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 2000 (iki min) manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3109 nömrəli ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Alməmmədov Möysüm Sərdar oğluna həmin tarixdə 2000 (iki min) manat məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 24 noyabr 2020-ci il tarixli hesabatdan görünür ki, “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 2000 (iki min) manatdır. İş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışdan görünür ki, 12 fevral 2020-ci il tarixdə Babək prospektində yol nəqliyyat hadisəsi baş vermiş, "xxxx" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “SOCAR Petrollium”un mülkiyyətindədir, hadisə baş verdiyi vaxt həmin nəqliyyat vasitəsini Cavabdeh idarə etmiş, hadisə baş verdiyi an sürücü Cavabdeh hadisə yerini tərk etmişdir, yol nəqliyyat hadisəsi nəticəsində Alməmmədov Möysüm Sərdar oğlunun idarə etdiyi “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin istifadəçi sorğusundan görünür ki, "xxxx" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış, sığortalı qismində "xxxx" MMC qeyd olunmuşdur, 168 manat məbləğində sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Xətai rayonu DYPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, O-AP-2020-4321 nömrəli pretenziyadan (xəbərdarlıq məktubundan) görünür ki, Cavabdeh 2000 (iki min) manat məbləğində sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi tələb edilmiş ödəmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. İddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Cəlilov Vüqar Cəlil oğlunun qanuni sahibliyində olan və onun tərəfindən idarə olunan "xxxx" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, Cavabdeh hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası DİN-in Xətai rayonu DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2000 (iki min) manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi ilə və mülki iş materiallarında olan sübutlarla hadisə nəticəsində təqsirli olması və “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması təsdiq edilir. Zərərin vurulmasında təqsirkar Cavabdeh olduğuna və sonuncu hadisə yerindən yayındığına görə iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında Cavabdeh qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 2000 (iki min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməli; -iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 2000 (iki min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-191/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-191/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver