Məhkəmə qərarları › İş №e-2(078)-471/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-471/2022

17.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-471/2022 17.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi X5, cavabdehin vəkili Vəkil2 və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komisiyyasının nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın onun himayəsinə verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 dekabr 2013-cü il təvəllüdlü X2 Cavabdeh alınıb onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 08 iyun 2022-ci il tarixdə yazılı izahatını təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 2012-ci il tarixində nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 17 dekabr 2013-cü il təvəllüdlü X8 və 13 iyun 2017-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Münasibətləri uyğun gəlmədiyindən Babək Rayon Məhkəməsində iddia qaldırmış, Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-188/2021 ci il nömrəli qətnaməsi əsasında nikahları pozulmuşdur. Cavabdehlə razılığı əsasında xx.xx.2017-ci il təvəllüdlü X12 öz yanında qalmış, xx.xx.2013-cü il təvəllüdlü X9 isə cavabdehə verilmişdir. Həmin vaxt maddi imkanı olmadığı üçün bu razılığa gəlmişdir. İndi Bəhmanı almaq üçün maddi imkanı vardır. Tort bişirir, özü qazanır. Nikah pozulandan sonra cavabdehin ailəsi azyaşlı övladı X9 ilə əlaqə saxlamağa qoymadılar. Başqa şəxslərin vasitəsi ilə həmişə telefon əlaqəsi saxlamaqla onunla ünsiyyətdə olmuşdur. Hər dəfə uşaqla ünsiyyətinə mane olublar. Oğlu Bəhman ona və qardaşı Əliyə çox bağlıdır. Hazırda Bakı şəhərində yaşayır, qardaşı ona maddi baxımdan dəstək olur. Hər iki oğlunu öz himayəsində saxlamaq istəyir. Buna maddi imkanı yol verir. O yenidən ailə qurmamışdır. Bakıda qardaşı ilə yaşayır. Cavabdeh epilepsiya xəstəsidir. Ona anası nəzarət edir. Bəhmanı ondan uzaqlaşdırıblar. Nə danışmağa qoyurlar, nə də Əli ilə atası danışır. Oğlunu çox sevir, sentyabr ayından onu görməyibdir. Bəhman məhkəməyə gələndə onu bibisi və nənəsi ona yaxın qoymadılar. Uşağı qucaqlaya bilməmişdir. Bilərək Bəhmanı atasına verməmişdir. İmkanı yox idi iki uşağı saxlamağa. İşləmirdi. İndi işləyir, o Bəhmanı da almaq istəyir. Qeyd etdiklərinə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddiaçının izahatını təsdiqlədiyini, Bəhmanın anası ilə danışıqlarından cavabdehin özünə baxmaq iqtidarında olmadığını aydın olduğunu, qış vaxtı qaynar su tökülüb yandığını, Bəhmanın çox qorxduğunu, uşağın nəzarətsiz qaldığı üçün başının daşla yarıldığını, özünə baxmaq iqtidarında olmayan birinin uşağa baxmasının mümkün olmadığını, uşağa nənənin baxdığını, nənə olmadığı halda uşağın baxımsız qalacağını, ananın uşağı istədiyini bidlirib, qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə 2012-ci il tarixində nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 17 dekabr 2013-cü il təvəllüdlü X8 və 13 iyun 2017-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Münasibətləri uyğun gəlmədiyindən İddiaçı nikahın pozulması barədə Babək Rayon Məhkəməsində iddia qaldırmiş, Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-188/2021-ci il nömrəli qətnaməsi əsasında nikah pozulmuş, İddiaçı razılığı əsasında xx.xx.2017-ci il təvəllüdlü X1 yanında qalmış, xx.xx.2013-cü il təvəllüdlü X9 isə ona verilmişdir. Artıq 1 ilə yaxındır ki, Bəhman onunla və anası ilə yaşayır. O və anası onun bütün qayğısına qalırıq. Gülər boşanmamışdan öncə Bəhmanı Ordubad rayonu Tivi kəndində yaşayan valideynlərinin yanına qoyub Əlini də götürüb başqa bir şəxslə çıxıb getmişdir. Anası gedib bacısı ilə birlikdə Bəhmanı buraya yanlarına gətirmişdir. O epilepsiya xəstəliyindən əziyyət çəkir. Gülər hazırda başqa bir şəxslə qeyri-qanuni nikahda yaşayır. Oğlu Əlini də özü ilə aparıb. İndi də Bəhmanı istəyir. Əgər oğlunu belə istəyən ana idisə niyə onda Bəhmanı qoyub başqa bir şəxslə gedirdi. O oğlunun başqa bir yad kişinin yanında yaşamağını istəmir. Bəhman anası gedəndən sonra onunla danışmayıb. Bunu özü istəməyib, onlar da təklif etməmişlər. O da Əli gedəndən onunla danışmamışdır. Çünki Gülər ona deyib ki, Əli onun oğlu deyil. O da Əlinin atası olub-olmadığını bilmir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onun oğlu Şəhriyarın gözünün ağı-qarası bir balası oğlu Bəhmandır. Oğlu Şəhriyarda fiziki qüsur olsa da o oğluna bağlı bir atadır. O heç bir halda razı ola bilməz ki, Bəhman anasının yanında saxlanılsın. Oğlunu düşünən ana heç vaxt onu buraxıb getməzdi. İddiaçı ona görə ailə qurmayıb ki, qeyri-rəsmi yaşadığı şəxs hələ ki, boşanmayıb, iş məhkəmədədir. Həmin şəxsi tanıyır. Evlərinə gəlib-gedən adam olub. Bəhman anası ilə danışmaq istədiyini və darıxdığını onlara bildirməyibdir. Onlar da Bəhmanı anası ilə danışdırmamışdırlar. Lakin Bəhman özü də Əlini çox sevdiyini, onun üçün darıxdığını onlara deyibdir. Onlar Bəhmanı anasına verməyəcək. Əgər Bəhman getsə onun oğluna gələcəkdə kim baxacaq. O Bəhmanla nəfəs alır, xəstədir, bundan sonra nə evlənə bilər, nə də uşaq sahibi olar. Ona görə də Bəhman onlarla qalacaq. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında Bəhmanın atasında daha çox bağlı olduğunu, bunu Bəhmanla söhbətində özünün gördüyünü, iddiaçının Bəhmanı könüllü şəkildə cavabdehə verdiyini, cavabdehin xəstə olmasına baxmayaraq özünə və oğluna qarşı heç bir təhlükə törətmədiyini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Babək rayonu Yarımca kənd tam orta məktəbin pedaqoqu X7 iştirakı ilə dinlənilən xx.xx.2013-cü il təvəllüdlü X9 bildirmişdir ki, adı Bəhmandır. 9 yaşı var. Yarımca kənd tam orta məktəbin 3-cü sinifdə oxuyur. Qiymətləri yaxşıdır, 5 alır. Hazırda atası, nənəsi və bibisi ilə yaşayır. Babası onlarla yaşamır. Əvvəlcə Ordubad rayonu Tivi kəndində olan məktəbdə təhsil alırdı. 2 il orada oxumuşdur. Orada anası ilə qalırdı. Hazırda də Yarımca kənd məktəbində təhsil alır. O əlavə olaraq dərs fənlərindən hazırlığa gedir. Dərslərini hazırlıq müəlliməsi olan Türkan müəllimə ilə birgə hazırlayır. Evdə dərsləri ilə heç kim məşğul olmur. Nənəsi isə ona qulluq edir, paltarlarını yeməyini hazırlayır. Qardaşı Əli ilə anasını axırıncı dəfə bu ilin sentyabr ayında görmüşdür. O anasız və qardaşsız çox darıxır. Əlini çox sevir. Əli ilə birgə yaşamaq istəyir. Anası ilə əlaqə saxlaya bilməmişdir. Evdən heç kim bununla bağlı razılıq verməyiblər. Ona görə də anası ilə əlaqəsi yoxdur. Məhkəmə baxışı iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəlik Komissiyasının nümayəndəsi X11 izahatında göstərmişdir ki, Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən cavabdehin, Ordubad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən iddiaçının həyat şəraiti araşdırılmış və araşdırma aparılarkən məlum olmuşdur ki, tərəflər arasında olan nikah qeydi pozulduqdan sonra müvafiq qətnamə ilə onların birgə nikahdan olan övladları cavabdehin yanında qalması qət olunmuşdur. V.Qələndərov qeyd etmişdir ki, araşdırılma aparılması üçün sorğular verilmiş və təqdim olunan sənədlər nəticəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəlik komissiyası 17 dekabr 2013-cü il təvəllüdlü X2 azyaşlı olmasını, ana nəvazişinə daha çox ehtiyacı olduğunu nəzərə alıb anası İddiaçı yanında qalmasını uşağın hüquq və qanuni mənafeyi baxımından məqsədəuyğun hesab etmişdir. V.Qələndərov bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan şəhər 1 saylı Nikah Evi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli AZ-İ 687124 nömrəli nikah akt qeydindən çıxarışdan aydın olur ki, Cavabdeh və İddiaçı xx.xx.2012-ci il tarixdə nikah bağlamış və bu barədə 562 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 01 fevral 2022-ci il tarixli AZ-İİİ 081371 nömrəli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X9 17 dekabr 2013-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə doğum kitabında xx.xx.2014-cü il tarixdə 520 nömrəli qeyd icra edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 01 fevral 2022-ci il tarixli AZ-İİİ 959834 nömrəli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X12 13 iyun 2017-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə doğum kitabında xx.xx.2017-ci il tarixdə 469 nömrəli qeyd icra edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(078)-188/2021 nömrəli qətnaməsinin surətinə əsasən həmin qətnamə ilə iddia təmin olunaraq tərəflər arasında 28 dekabr 2012-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 562 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 atanın-Cavabdeh, xx.xx.2017-ci il təvəllüdlü X12 ananın- İddiaçı yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı alınaraq anası Cavabdeh verilməsi müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 28 yanvar 2022-ci il tarixli 57 nömrəli məktubundan aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan 1990-cı il təvəllüdlü Cavabdeh xx.xx.2009-cu il tarixdən “keçirilmiş neyroinfeksiyanın nəticəsində ensefalopatiya. Tez-tez müşahidə olunan ikincili generalizə olunmuş fokal epileptik tutmalarla” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X4 qeydiyyatda dayanır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 16 iyun 2022-ci il tarixli 19 nömrəli rəyindən aydın olur ki, Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Qanunvericilik sisteminə daxil olan uşaq hüquqları haqqında digər normativ hüquqi aktların tələblərini əsas tutaraq İddiaçı və Cavabdeh birgə nikahlarından doğulmuş 17 dekabr 2013-cü il təvəllüdlü X2 azyaşlı olmasını, ana nəvazişinə daha çox ehtiyacı olduğunu nəzərə alıb anası İddiaçı yanında saxlanılmasını uşağın hüquq və qanuni mənafeiyi baxımından məqsədəuyğun hesab edir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 16 iyun 2022-ci il tarixli 19 nömrəli rəyinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 09 iyun 2022-ci il tarixli yetkinlik yaşına çatmayan X2 valideynlərinin hansının yanında qalmaq istəməsinə dair protokoldan aydın olur ki, uşaq bütün söhbət boyunca hər iki valideynini bərabər istədiyini və onların hər ikisi ilə qalmaq istədiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 16 iyun 2022-ci il tarixli 19 nömrəli rəyinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 06 iyun 2022-ci il tarixli Cavabdeh həyat şəraitinin müayinə aktından aydın olur ki, mənzil məişət şəraiti, həmçinin ailədə olan psixoloji vəziyyət uşağın burada atası ilə yaşaması üçün yararlıdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 16 iyun 2022-ci il tarixli 19 nömrəli rəyinə əlavə edilmiş Ordubad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 02 iyun 2022-ci il tarixli müayinə aktında aydın olur ki, İddiaçı həyat şəraitinin müayinə aktı tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 17 dekabr 2013-cü il təvəllüdlü X2 anası iş üzrə İddiaçı himayəsinə verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları qeyd etməyi vacib saymışdır: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.2-49.3). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqının gedişində dinlənilmək hüququna malikdir (maddə 52). Məcəllə həmçinin müəyyən edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (maddə 56.1). Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (maddə 58.2). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (maddə 60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər (maddə 60.2). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qeyd edilən maddi hüquq normalarının məzmununa görə ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından suiistifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafeylərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Uşaqların ən üstün maraqlarına uyğun olan cəhətlərin nəzərə alınması şübhəsiz ki, belə işlərin hər birində çox vacibdir. Bu məqsədlə, məhkəmə bütövlükdə ailə vəziyyətini və bir sıra amilləri, xüsusən də faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterli amilləri araşdırmaq və uşaq üçün ən yaxşı həll yolunun nə olacağını müəyyənləşdirmək üçün hər bir insanın müvafiq maraqlarını balanslı və ağlabatan qiymətləndirilməlidir. Belə araşdırma, qiymətləndirmənin aparılmaması İnsan Hüquq və Azadlıqlarının müdafiəsi üzrə Apropa Konvensiyasının 8-ci maddəsinin pozuntusuna səbəb olacaq. “İnsan Hüquq və azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 8-ci maddəsində deyilir:

1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Konvensiyanın 8-ci maddəsi milli hakimiyyət orqanlarından uşaqların və valideynlərin maraqları arasında ədalətli tarazlığı təmin etməsini tələb edir və balanslaşdırma prosesində, mahiyyətindən və ciddiliyindən asılı olaraq, uşaqların valideynlərin maraqlarından üstün ola bilən ən yüksək maraqlarına xüsusi diqqət yetirilməlidir. Özəlliklə, valideynlərin 8-ci maddəyə əsasən, uşaqların sağlamlığına və inkişafına zərər vura biləcək tədbirlərin görülməsinə hüququ ola bilməz. Məhkəmə xatırladır ki, valideynlər arasındakı münasibətlər pozulduqda belə, uşaqlar və valideynlərin bir-birləri ilə qarşılıqlı münasibətləri ailə həyatının təməl bir hissəsini təşkil edir. Ailə həyatı azyaşlı uşaqların qayğısı və tərbiyəsi sahəsində valideynlərin geniş hüquq və vəzifələrini ehtiva edir. Uşaqların qayğısı və tərbiyəsi normal olaraq və mütləq şəkildə valideynlərdən (və ya tək valideyndən) onların harada yaşayacaqlarına qərar vermələrini tələb edir. Bu baxımdan ailə həyatı, özəlliklə də valideynlərin uşaqları üzərindəki valideynlik vəzifələrini həyata keçirmələri, onların müvafiq valideynlik məsuliyyətləri lazımi dərəcədə nəzərə alınmaqla, xüsusilə, Konvensiyanın 8-ci maddəsi ilə təsbit olunub və qorunur. Ailə həyatına mane olan daxili tədbirlər, məsələn, uşaqların yaşayış yerinin bir valideynə verilməsi kimi bir qərar, ailə həyatına hörmət hüququna müdaxilə təşkil edir. Belə müdaxilələr qanuna uyğun olaraq 8-ci maddənin 2-ci bəndində qeyd edilən qanuni məqsədlərə və ya həmin məqsədlərə müvafiq deyilsə və demokratik cəmiyyətdə zərurilik testinə cavab vermirsə, bu, 8-ci maddənin pozuntusunu təşkil edir. Bu zərurilik müdaxilənin təxirəsalınmaz sosial ehtiyaca uyğun olmasını və xüsusilə də həyata keçirilmiş qanuni məqsədə mütənasib olmasını nəzərdə tutur. “Ləman Babayeva Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli Qərarında ərizəçi uşaqların yaşayış yerləri haqqında qərarın atalarının xeyrinə verilməsinin onun ailə həyatına hörmət hüququna müdaxilə təşkil etdiyini vurğulayıb. O, vurğulayıb ki, bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb, qanuni məqsədlərə xidmət etməyib və təxirəsalınmaz sosial təlabatdan doğmayıb. Məhkəmə yaşayış yeri kimi atanın yanının müəyyən edilməsi barədə qərarın ərizəçinin ailə həyatına hörmət hüququna müdaxilə təşkil etməsi qənaətinə gəlmişdir. Məhkəmə onu da müəyyən etmişdir ki, bu müdaxilə milli qanunvericilikdə əsaslara malik olub, müdaxilə xüsusilə uşaqların hüquqlarının müdafiə edilməsi kimi qanuni məqsədi daşıması ilə razılaşmışdır. Burada araşdırılmalı olan əsas məsələ, hazırkı müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmamasının müəyyən edilməsinə münasibətdə Məhkəmə təkrar vurğulamışdır ki, milli məhkəmələr, xüsusilə uşağın yaşayış yerinin müəyyən edilməsi məsələlərində geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Bu qiymətləndirmə sərbəstliyinə baxmayaraq, Məhkəmə, uşaqların yaşayış yerini müəyyən edərkən milli məhkəmələrin əsas etibarilə ərizəçinin nikahdankənar münasibətlərinə istinad etməsini problematik sayır. Bunun müəyyən şərtlərdə uyğun ola biləcəyini düşünmək olar, ancaq uşaqların üstün maraqları naminə digər müvafiq amillərin zəruri qiymətləndirilməsi aparılmayıb. Özəlliklə, ərizəçinin keçmiş həyatının iki uşağının tərbiyə edilməsi və gündəlik həyatına təsirini əks etdirən birbaşa, konkret sübut mövcud olmayıb, buna görə Məhkəmə hesab edir ki, milli məhkəmələr qərar verərkən ümumi mülahizələrə əsaslanıblar. Beləliklə, Məhkəmə qərara gəlmişdir ki, hazırkı işdə milli məhkəmələr tərəfindən aparılmış araşdırma müvafiq və yetərli olmayıb. Bunun nəticəsində qərar qəbul etmə prosesi məqbul olmayıb və buna görə də uşağın üstün maraqlarının müəyyən edilməsinə imkan yaratmayıb. Beləliklə, Məhkəmə, hesab etmişdir ki, milli qurumlar uşaqların atasının xeyrinə olan yaşayış yeri haqqında qərarını müvafiq və yetərli dəlillərlə əsaslandıra bilməyiblər. Milli qurumların qiymətləndirmə sərbəstliyinə baxmayaraq, müdaxilə güdülən qanuni məqsədə mütənasib olmayıb və 8-ci maddənin pozuntusu baş vermişdir. Məhkəmə cavabdehin yazılı izahatında bildirdiyi iddiaçının əxlaqi keyfiyyəti, bununla bağlı sərgilədiyi davranışlar, əxlaq normalarına sığmayan hərəkətlər etməsi, uşağın iddiaçıya verilməsinin onun tərbiyə və əxlaq normalarına uyğun yetişməsinə imkan verməməsi ilə bağlı arqumentlərini əsassız hesab edir. Belə ki, cavabdeh bildirdiyi halların təsdiqi üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə, uşağın yaşını, onun mənafeyini, qardaşına bağlılığını, cavabdehin sağlamlıq vəziyyətini nəzərə alaraq 17 dekabr 2013-cü il təvəllüdlü X2 atasından alınaraq anasının himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən “Kapitasl Bank”ın Naxçıvan Filialına 05 aprel 2022-ci il tarixdə 18336 nömrəli qəbzlə ödənilən 50 (əlli) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdi:

İddiaçı Cavabdeh qarşı uşağın onun himayəsinə verilməsi tələbinə dair iddiası təmin edilsin. 17 dekabr 2013-cü il təvəllüdlü X9 atası Cavabdeh alınıb anası İddiaçı himayəsinə verilsin. İddiaçı tərəfindən “Kapitasl Bank”ın Naxçıvan Filialına 05 aprel 2022-ci il tarixdə 18336 nömrəli qəbzlə ödənilən 50 (əlli) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar