Məhkəmə qərarları › İş №e-2(078)-581/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-581/2025

24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-581/2025 24.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1900 (bir min doqquz yüz) manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********794 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 133177 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin hesablanması” barədə hesabata əsasən hadisə nəticəsində zərərçəkən sığortalı “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 7500 (yeddi min beş yüz) manat zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 17438 saylı ödəniş tapşırığına əsasən sığortalanmış “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə 600 manat azadolma məbləği (franşiza) çıxılmaqla cəmi 6900 (altı min doqquz yüz) manat sığorta ödənişini zərərçəkən X2 hesabına köçürmüşdür. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi” haqqında qərara, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 80 manat cərimə edilmişdir. İSBdən (icbari Sığorta Bürosu) çıxarışa əsasən Cavabdeh da idarə etdiyi “VAZ 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası da hadisə baş verən zaman "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, icbari sığorta kimi iddiaçı tərəfindən ümumi 6900 manat zərərin 5000 manatı əvəzləşdirilmişdir. Qalan 1900 manat məbləğ isə cavabdehin özü tərəfindən subroqasiya qaydasında geri qaytarılmalıdır. Cavabdehə həm pretenziya, həm də şifahi qaydada müraciət edilsə də, o, ümumiyyətlə ödənişi ödəməkdən imtina etmişdir. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 1900 (bir min doqquz yüz) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Mehdiyev X1 şəhəri, SU- 6 qəsəbəsi, ev 14, mənzil 2 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 19 mart 2025-ci il tarixli, e-2(078)-581/2025 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbinə qarşı hər hansı etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 133177 nömrəli sığorta aktından görünür ki, X4 oğluna məxsus “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 6900 (altı min doqquz yüz) manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 17438 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 oğluna həmin tarixdə 6900 (altı min doqquz yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 16 sentyabr 2024-cü il tarixli hesabatdan görünür ki, “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 7500 (yeddi min beş yüz) manatdır. İş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törənmişdir. İş materiallarında olan **********794 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan görünür ki, “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış, sığortalı qismində X3 qeyd olunmuşdur, 228 manat məbləğində sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsi DYPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 80 (səksən) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, O-AS-2024-2301 nömrəli pretenziyadan (xəbərdarlıq məktubundan) görünür ki, Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi tələb edilmiş ödəmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Qeyd edilən maddənin tələbindən də göründüyü kimi subroqasiya hüququ yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 80 (səksən) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “VAZ 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə nəticəsində təqsirli olması və “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurması hazırki iddia tələbinin təmin edilməsinə əsas verir. Çünki qeyd olunan hal iş materiallarında olan sənədlərlə sübuta yetirilir. Ona görə də ona qarşı subroqasiya tələbi irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi ilə və mülki iş materiallarında olan sübutlarla hadisə nəticəsində təqsirli olması və “Citroen C4” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurması təsdiq edilir. Zərərin vurulmasında təqsirkar Cavabdeh olduğuna görə iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında Cavabdeh qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -1900 (bir min doqquz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli; -iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 1900 (bir min doqquz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar