Məhkəmə qərarları › İş №e-2(078)-631/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-631/2021

19.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-631/2021 19.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı kreditor Tələbkar MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsini Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: Tələbkar MMC Borclu qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 350 (üç yüz əlli) manat əsas borc, 50 (əlli) manat cərimə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kreditorun məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, onun məhkəmə əmri verilməsi haqqında ərizəsinin qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə əmrinin çıxarılması barədə ərizəyə əlavə olunmuş 13 iyun 2020ci il tarixli, WTCN-008419 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinin 7.3-cü bəndində bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələrin tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilməsi, həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ olduğu qeyd edilmişdir. Lakin həmin müraciətlərlə bağlı borcluya edilmiş xəbərdarlıq sənədi ərizəyə əlavə edilməmişdir. Eyni zamanda məhkəmə əmrinin verilməsi haqqında ərizədə kreditor borcludan 50 (əlli) manat miqdarında cəriməni tələb etdiyini qeyd etmiş, lakin həmin cərimənin hansı əsasa görə tələb edilməsi ilə bağlı sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə əmrinin verilməsinin iki əsasını nəzərdə tutur ki, bunlar kreditorun tələbinin aşkar olması və kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Mülki Prosessual Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, borcluya edilmiş xəbərdarlıqlar və cərimənin tələb edilməsi ilə bağlı sənəd məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə edilmədiyindən, işə əmr icraatı qaydasında tam, obyektiv və hərtərəfli baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Bundan əlavə olaraq Tələbkar MMC-yə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 279.3-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: Kreditor Tələbkar MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmri çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın. Tələbkar MMC-yə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar