Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-698/2025 30.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasındakı nikah akt qeydinə xitam verilməsi, birgə nikah dövründə doğulmuş X1 onun himayəsində saxlanılması, cavabdehdən hər ay 245 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasındakı rəsmi nikahın bağlanması barədə akt qeydi 21 sentyabr 2017-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində 350 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonrakı ilk zamanlar münasibətləri normal olmuşdur. Lakin artıq bir neçə müddətdir ki, rəsmi nikahları olsa da, faktiki ailə münasibətləri olmadığından və yola gedə bilmədiklərindən daha birgə yaşamaqlarını, nikah münasibətlərini davam etdirməklərini qeyri-mümkün hesab edir və məhkəməyə müraciət edir. Onun tərəfindən xx.xx.2025-ci il tarixdə nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbi ilə X2 edilmiş müraciətin nəticəsiz qaldığını nəzərə alaraq, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin19.1-ci maddəsində birbaşa təsbit olunmuş “bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur” müddəasını rəhbər tutaraq Cavabdeh ilə aralarındakı rəsmi nikah qeydiyyatına xitam verilməsi üçün məhkəməyə müraciət edir. Əlavə olaraq övladının azyaşlı və anaya bağlı olması faktlarını nəzərə alaraq birgə nikah dövründə doğulmuş X1 onun himayəsində saxlanılması, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsində birbaşa təsbit olunmuş “Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər” müddəasını və 2025-ci il üçün uşaqların yaşayış minimumunu nəzərə alaraq övladının saxlanması xərclərini qarşılamaq üçün cavabdehdən hər ay 245 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh cəzaçəkmə müəssisəsindədir və cəza çəkir. X7 adına Xəstəxanada qeydiyyatçı işləyir, 550 manat əmək haqqı alır. Övladının saxlanılması üçün aliment tələb edir. Boşanmaqda fikri qətidir. Nikahın pozulmasını, uşağın onun yanında saxlanılmasını və 245 manat aliment təyin edilməsini xahiş edir. 3 ay vaxt verilməsini istəmir, çünki boşanmaqda fikri qətidir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia tələblərini qəbul etdiyini, məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmişdir. Məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 21 sentyabr 2017-ci tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə 350 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahından 05 iyul 2019-cu il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Belə ki, məhkəməyə verilən izahatdan və cavabdehin ərizəsindən belə aydın olur ki, tərəflərin boşanmaqda fikri qətidir. Məhkəmə bu nəticəyə gələrkən tərəflərin ailə münasibətlərində qarşılıqlı məhəbbət və hörmət hisslərinin olmamasını və nikahın könüllülük prinsipinə əsaslanmasını da nəzərə alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə nikahın pozulması haqqında qətnamə qəbul edərkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, 05 iyul 2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində qeyd olunur ki, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsində qeyd olunur ki, uşaq mənafelərinin üstünlüyü dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Bəyənnaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşməyə ehtiyacdır. O, mümkün olduqca, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə tərəfindən uşağın valideynlərdən hansı ilə qalması məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, tərəflərin nikahlarından doğulmuş 05 iyul 2019-cu il təvəllüdlü X1 İddiaçı yanında qalmasına dair Cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Boşanmadan sonra 05 iyul 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq aliment məsələsini müzakirə edən məhkəmə qeyd edir ki, Cavabdeh məhkəməyə ərizə göndərərək, iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh hər ay sabit məbləğdə 245 (iki yüz qırx beş) manat miqdarında aliment tutularaq 05 iyul 2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 155 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,45 mislində (345 x 0,45≈155 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.) Beləliklə məhkəmə belə hesab edir ki, iddia ərizəsi 16 aprel 2025-ci il tarixdə məhkəməyə təqdim edildiyindən müəyyən edilən alimentin miqdarı 2025-ci il üzrə ölkə üzrə minimum əmək haqqına münasibətdə müəyyən edilməli, sonrakı artımlar nəzərə alınmaqla həmin vaxt minimum əmək haqqının misli həddində təyin edilməlidir. 2025-ci il üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə 05 iyul 2019-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsində yaşamasını, həyat şərtlərinə uyğun gündəlik tələbatlarının artdığını nəzərə aldıqda, iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutulmasını ağlabatan hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan 16 aprel 2025-ci il tarixdən tutulmalıdır. Lakin məhkəmə müvəqqəti alimentin təyin edilməsi barədə qərardadın icrası ilə əlaqədar ödənilmiş aliment məbləğinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yekun nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsinə əsasən nikahın pozulmasının məhkəmə qətnaməsi əsasında qeydə alınması üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə nikahın pozulması ilə əlaqədar şəhadətnamə verilərkən tərəflərdən alınacaq dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə keçirilməli, Cavabdeh isə həmin rüsumu ödəməkdən azad edilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki,onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 21 sentyabr 2017-ci tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış 350 nömrəli nikah pozulsun. Boşanmadan sonra 05 iyul 2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. 16 aprel 2025-ci il tarixindən başlayaraq 05 iyul 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 20 (iyirmi) manat məbləğində rüsum alınıb dövlət nəfinə keçirilsin. Cavabdeh həmin rüsumu ödəməkdən azad edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-698/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-698/2025
30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver