Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-764/2022 30.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X1, 01 aprel 2010-cu il təvəllüdlü X3 və 28 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay hərəsinə sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat aliment tutulması haqda barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uşaqların hər üçü onun yanında saxlanılmışdır. Hazırda uşaqların təhsili, qidalanma, geyim və repititor xərclərini pensiyaçı olaraq qarşılayır. İddiaçı tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini, yaşayış minimumu haqqında Qanuna istinad edərək hərəsinə sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat aliment tutulması haqda barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh 1985-ci il təvəllüdlü əmək qabiliyyətli və Naxçıvan Dövlət Universitetinin xarici dil-ingilis dili ixtisasını bitirmiş ali təhsilli pedaqoqdur. X6 diaqnostik qiymətləndirmə zamanı yüksək bal toplamışdır. Birgə yaşadıqları dövrdə Naxçıvan şəhər 14 nömrəli məktəbdə işləməsi ilə yanaşı gündəlik evdə repititorluq fəaliyyəti ilə məşğul olmaqla həm universitetə bakalavr, həm də magistr pilləsinə qəbulla əlaqədar 50-dən çox tələbəsi olurdu. 2021-ci ilin mart ayından Bakı şəhərində yaşayır və məhkəmədə bildirdiyinə görə Nefçilər rayonu ərazisində yaşamaqla həmin ərazidə 251 nömrəli orta məktəbdə repititorluq fəaliyyəti ilə məşğul olur və SOCAR-dan tərcümə işi də sifariş olaraq qəbul edir. Bakı şəhərində hazırlıq 50 manatdan az deyil və növbəli keçdiyi hazırlıq kursları üzrə kifayət qədər gəlir əldə edir. Bu məlumatlar Cavabdeh öz dilindən deyilib və Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-125/2021 nömrəli xx.xx.2021-ci il tarli mülki işin protokolunda öz əksini tapıb. Bundan əlavə uşaqların mənafeyi nəzərə alınmadan məhkəmənin qərarı ilə daşınar və daşınmaz əmlakı (iki ev, avtomobil və torpaq sahəsi) yarıbayarı 50/50 ikisinin arasında bölünmüşdür. Göründüyü kimi Cavabdeh kifayət qədər əmlakın sahibidir və aylıq kifayət qədər gəlir əldə etməsi alimentin yuxarı məbləğdə təyin olunmasına əsas verir. İddiaçı Cavabdeh izahatında göstərilənlərə əlavə olaraq qeyd etmişdir ki, onun yazdıqları yalandan ibarətdir. O hazırda təqaüdçüdür və aylıq təqaüdü onun göstərdiyi kimi 950 manat deyil. 2020-ci ilin avqust ayından Naxçıvan Dövlət Universitetində işdən azad olunmuşdur. Hazırda evinin biri boşdur və o biri evdə şəxsi əşyaları vardır və arada bir həmin evdə yaşayır. Övladlarına lazımi qayğının göstərilməsi üçün valideynlərinin yanında yaşayır. Cavabdeh əmək qabiliyyətli, ali təhsilli və aylıq kifayət qədər gəlir əldə edir və Bakı şəhərində yaşayır. Lakin həm əmlakının övladlarına qalmaması və övladları üçün aliment təyin olunmasına qarşı müstəlif üsullara əl atamağa cəhd edir. Azərbaycan Respublikasında qadın-kişi hüquq bərabərliyi vardır və heç bir əsas onun aliment öhdəliyini ləğv edə bilməz. Aliment təyin olunarkən 3 uşağın qayğısının onun üzərində olduğunu və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən alimentin X2 vasitəsilə Cavabdeh müraciət etdiyi gündən hesablanmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərmişdir. Cavabdeh ərizəsində “Uşaqların hansı valideynin himayəsində qalması” haqqında qətnamə qəbul edildikdən sonra, əlavə olaraq “uşaqlarla ünsiyyətin” tam təmin olunmamasından sonra bunun nəticəsi olaraq, səhhəti ilə bağlı baş vermiş dəyişikliklərə görə məhkəmə proseslərinə yalnız yazılı şəkildə müraciət etməli olduğunu, iddia tələbinə etiraz etdiyini, sübut etmək yükü iddia edənin üzərinə düşdüyündən iddiaçı tələbi irəli sürməzdən əvvəl cavabdehin həmin miqdarı ödəyə biləcəyinə dair məhkəməyə sübutlar təqdim etməli olduğunu, iddiaçının maddi təminatı olan əmək haqqı və gəlirləri haqqında rəsmi sənəd əldə etməyə çalışsa da həmin orqanlar yalnız iddiaçının və məhkəmənin tələbi əsasında sənəd vermək səlahiyyətlərinin olduğunu bildirdiklərini, lakin ona məlum olduğu qədəri ilə iddiaçının 6 ildir Naxçıvan MR DİN-dən polis işçisi kimi təqaüdə çıxaraq hər ay 950 (doqquz yüz əlli) manat, Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyətinə görə 520 (beş yüz iyirmi) manat, Naxçıvan şəhər Gənclər şəhərciyində yerləşən İ binanın “C" blokunun 6-cı mərtəbəsində yerləşən evi kirayə verərək hər ay 350 (üç yüz əlli) manat və Naxçıvan şəhəri Çənlibel məhəlləsi bina 25, mənzil 34-ü kirayə verərək hər ay 450 (dörd yüz əlli) manat olmaqla ümumilikdə hər ay 2270 (iki min iki yüz yetmiş) manat məbləğində gəlir əldə etdiyini, hazırda iddiaçı atası tərəfindən ona bağışlanmış xx.xx.2018-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK-nın xx.xx.2018-ci il tarixli, 4ə-70 bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanında, 4 otaqlı fərdi yaşayış evində yaşadığını, hal-hazırda iddiaçının adında “Hyundai İX 35” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmçinin iddiaçının adına Şahbuz rayon Nurs kəndində torpaq sahəsinin olduğunu, özünün isə xx.xx.2021-ci ildə Naxçıvan şəhəri 14 nömrəli məktəbdən öz ərizəsi ilə işdən azad olunduğunu, övladlarının ondan alınmasına görə mənəvi sarsıntılar keçirdiyindən səhhəti iş fəaliyyətini davam etdirməyə imkan vermədiyini, hal-hazırda işsiz olduğunu, Bakı şəhərində qohumunun evində yaşadığını, iddiaçının yetkinlik yaşına çatana kimi hər ay hərəsinə sabit pul məbləği 193 manat olmaqla, ümumilikdə 3 uşağa 579 manat tələb etməsinin absurd olduğunu bildirmiş və qərar qəbul olunarkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin yazılı etirazını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin mülki işin materiallarında olan məhkəmə qətnamələri ilə təsdiq olunmuş mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. İddiaçı və Cavabdeh nikahlarından 10 aprel 2008-ci il təvəllüdlü X5, 01 aprel 2010cu il təvəllüdlü X7 və 28 mart 2014-cü il təvəllüdlü X8 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(078)-12/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın himayəsində qalması tələbi barədə iddiası qismən təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış 156 nömrə ilə qeydə alınmış nikahın pozulması, iş üzrə tərəflərin uşaqları- 10 aprel 2008-ci il təvəllüdlü X5 atası İddiaçı, 01 aprel 2010-cu il təvəllüdlü X7 və 28 mart 2014-cü il təvəllüdlü X8 isə anaları Cavabdeh yanında saxlanılması, nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Sözügedən qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli 2(108)- 125/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(078)-12/2021 nömrəli qətnaməsinin qismən mübahisələndirilən “iddia qismən təmin edilsin, iş üzrə tərəflərin uşaqları- 10 aprel 2008-ci il təvəllüdlü X5 atası İddiaçı, 01 aprel 2010-cu il təvəllüdlü X7 və 28 mart 2014-cü il təvəllüdlü X8 isə anaları Cavabdeh yanında saxlanılmasın və iddia qalan hissədə rədd edilsin” hissələrində ləğv olunaraq ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilmiş və iddia tam təmin olunaraq iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşaqları 01 aprel 2010-cu il təvəllüdlü X7 və 28 mart 2014-cü il təvəllüdlü X4 ataları İddiaçı yanında saxlanılması qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 11 may 2022-ci il tarixli 2(102)-2106/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli 2(108)-125/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(078)-881/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbi barədə iddiası təmin olunaraq İddiaçı adına qeydiyyata alınmış Naxçıvan şəhəri Çənlibel 25/34 ünvanında yerləşən ümumi sahəsi 66.36 kv.m olan 3 otaqlı mənzil, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61.19 kv.m olan 2 otaqlı mənzil, Şahbuz rayon Nurs kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi və ** BE *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX 35” markalı avtomobil birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə, Cavabdeh həmin əmlakdan ½ hissəsinə payının müəyyən edilməsi qət olunmuşdur. Sözügedən qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(108)-22/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(078)-881/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4177/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(108)-22/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə iddiaçının izahatını, cavabdehin etirazında bildirdiyi halları işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment tələbi ilə müraciət etmək üçün əsası olmamışdır. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində hal-hazırda işsiz olduğunu, Bakı şəhərində qohumunun evində yaşadığını qeyd etmişdir. İddiaçı cavabdehin Bakı şəhəri Nizami rayonu ərazisində ev tutaraq yaxşı şəraitdə yaşadığını, həmin ərazidə 251 nömrəli tam orta məktəbdə repititorluq fəailiyyəti ilə məşğul olduğunu, bundan başqa SOCAR-dan tərcümə işi də sifariş olaraq qəbul etdiyini bildirmiş, bunu sübut etmək üçün onun izahatının Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-125/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında qeydə alındığını və maddi sübut olaraq nəzərə alınmasını xahiş etmişdir. Halbuki iddiaçının məhkəməyə təqdim etdiyi Naxçıvan MR Ali Məhkəməsinin sözügedən qətnaməsində cavabdehin bir-birinə ziddiyyət təşkil edən izahatları kimi qeydə alınmış Bakı şəhərinə müvəqqəti olaraq səhhəti ilə əlaqədar müalicə almaq məqsədilə getməsi, Naxçıvanda işdən iddiaçının ona qarşı şəxsiyyətini ləkələyən məlumatlar yaydığına görə öz ərizəsi əsasında çıxdığını, Bakıda repititor fəaliyyəti ilə məşğul olduğu, əvvəllər “SOCAR”da müqavilə ilə işlədiyini, lakin uşaqlarına daha çox vaxt ayıra bilməsi məqsədilə oradan da işdən çıxdığı və s. kimi izahatlar versə də nə xəstəliyini, nə işlədiyini, nə də haradasa daimi yaşadığını təsdiq edə biləcək hər hansı sübut və ya rəsmi sənədi məhkəməyə təqdim etmədiyi aydın olur. İddiaçının sübut hesab etdiyi mövcud qanuni qüvvədə olan qətnamədə də onun bildirdiyi hallar sübuta yetirilməmiş, izahatında bildirdiyi halların təsdiqi üçün hər hansı sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə cavabdehin adına əmlakların, avtomobilin, torpaq sahəsinin olması barədə iddiaçının izahatına münasibətdə qeyd edir ki, sözügedən əmlaklarda iddiaçının və cavabdehin pay hüququnun olması qanuni qüvvədə olan qətnamələrdə öz təsdiqini tapsa da, hazırki vəziyyətdə cavabdeh real şəkildə həmin əmlaklar barəsində mülkiyyətini həyata keçirmir. Bunun təsdiqi isə həmin əmlakların paylı mülkiyyətinə dair əlavə məhkəmə aktlarının mövcud olmadığına dair, bu gün həmin əmlaklara bütövlükdə sahibliyi və istifadəni iddiaçının həyata keçirməsinə dair iddiaçının məhkəmənin suallarına cavab olaraq bildirdiyi hallar təşkil edir. Şəxsin barəsində müvafiq qətnamələrlə əmlaklarda pay hüququnun müəyyən edilməsi onun aylıq kifayət qədər gəlir əldə etməsini təsdiq etmir. Bunu təsdiq edən sübutları-yəni cavabdehin rəsmi iş yeri barədə, rəsmi qaydada müəyyən məblədə gəlir əldə etməsi barədə mötəbər sübutları iddiaçı təqdim edə bilmir. Məhkəmə iddianın rədd edərkən həmçinin iddiaçının maddi vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla öz yazılı çıxışında 800 manatdan artıq miqdarda təqaüd alması, məhkəmə qətnaməsi ilə ½ hissədə pay hüququ müəyyən edilən əmlaklarda faktiki sahiblik və istifadəni özünün həyata keçirməsi, övladlarının tələbatlarının ödənilməsi üçün zəruri vəsaitə malik olmasının təsdiq edilməsi, uşaqların əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə dair hər hansı halın olmadığını, cavabdehin iddia tələbində tələb edilən miqdarda qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-764/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-764/2022
30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver