Məhkəmə qərarları › İş №e-2(078)-970/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-970/2025

25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-970/2025 25.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin qaytarılması haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Picanto” markalı “75BH765” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin ½ hissədə paylarının müəyyən edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Picanto” markalı “75BH765” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində cehiz əşyalarının dəyəri göstərməli olduğu halda göstərilməmişdir. Halbuki məhkəmə müvafiq qətnamədə əmlakın adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərməlidir. Həmçinin İddiaçı qiymətləndirilməyən iddia ərizəsinə görə rüsum ödəmişdir. İddia ərizəsində cehiz əşyalarının ağlabatan dəyəri göstərilməli və həmin dəyərə münasibətdə bu hissədə tələbin qiymətləndirilən iddia tələbi olması nəzərə alınmaqla müvafiq rüsum ödənilməli idi. Eyni zamanda, İddiaçı iddia ərizəsini imzalayan şəxsin Vəkil olması qeyd edilsə də onun iddiaçını müdafiə etməsinə dair order işə əlavə edilməmişdir. Mediasiya prosesində rüsum ödənilməsi barədə qəbz iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddia ərizəsi geri qaytarıldığına görə, İddiaçı tərəfindən 23 iyun 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Picanto” markalı “75BH765” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin ½ hissədə paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 23 iyun 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar