Məhkəmə qərarları › İş №e-2(079)-336/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-336/2025

04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-336/2025 04.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 22 aprel 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından dünyaya gələn övladı 17 mart 2011-ci il təvəllüdlü X1 üçün tərəfindən ödənilən alimentin məbləğinin aylıq gəlirlərinin 1/6 hissəsində müəyyənləşdirilməsi və həmin hissəyə uyğun azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən İddiaçı 10 iyun 2010-cu il tarixində keçmiş həyat yoldaşım Cavabdeh ilə rəsmi nikaha daxil olmuşam. Həmin nikahdan bizim bir övladımız, 17 mart 2011-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Övladımız dünyaya gəldikdən bir neçə ay sonra cavabdehlə münasibətlərimiz kəskin pisləşmiş və nəticədə Cavabdeh ilə nikah münasibətlərimizə rəsmi formada xitam verilmişdir. Bundan sonra Babək Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay övladım Fidanın saxlanması üçün maaşımın ¼ (dörddə bir) hissəsinə uyğun alimentin ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə uyğun olaraq bu günə kimi hər ay aliment ödənişləri nöqsansız və tam formada ödənilməkdədir. Nəzərinizə çatdırmaq istəyirəm ki, cavabdehlə rəsmi nikah münasibətlərimizə xitam verildikdən sonra mən X6 ilə rəsmi nikah münasibətlərinə daxil oldum. Sonuncu ilə evliliyimizdən xx.xx.2024-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Hazırda yaşlı anam da bizimlə birlikdə mənim himayəmdə yaşayır. Yenidən ailə həyatı qurduqdan sonra, xüsusilə, yeni övladımın dünyaya gəlməsi ilə xərclər təbii olaraq artmış, bu isə maaşımın ¼ hissəsinə uyğun məbləğdə aliment ödənişlərini həyata keçirməyimi əhəmiyyətli dərəcədə çətinləşdirmişdir. Maaşımın 3002, 4 AZN olduğunu nəzərə alsaq birinci övladım üçün hər ay ödənilən alimentin məbləğinin ən azı 800 manat təşkil etdiyi nəticəsinə gələ bilərik. Belə olan halda aylıq gəlirimlə yeni övladımın xərclərini qarşılamaq çətinləşir. Bu isə öz növbəsində alimentin azaldılması tələbi ilə iddia ərizəsi ilə Sizə müraciət etməyimi şərtləndirir. Həmçinin qeyd etmək istəyirəm ki, cavabdeh övladımızın saxlanılması üçün ödədiyim aylıq aliment ödənişlərini təyinatına uyğun sərf etmək əvəzinə, atasının evinin təmiri üçün götürdüyü kredit ödənişlərinə sərf edir. Bu isə hər ay məndən tutulan aliment ödənişlərinin ən azından bir hissəsinin birinci övladımın saxlanılması üçün zəruri olmayan məbləğ olduğunu, cavabdeh tərəfindən bu vəziyyətdən sui-istifadə edildiyini təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh qarşı “alimentin azaldılması” tələbi üzrə iddia tələbinə uyğun izahat verdiyini və zəruri sübutları təqdim etdiyini, baxış iclasının iştirakı olmadan keçirilməsini, iddia ərizəsinin məzmunu, izahatı və sübutların məcmusunu nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının şəxsən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında alimentin 2012-ci ildə təyin olunduğunu, hazırda 3002 manat əmək haqqı aldığını, aylıq isə təxminən ***-**** manat arası alimentin əmək haqqısından çıxıldığını, ikinci nikaha 06 iyun 2017-ci ildə daxil olduğunu və 2024-cü ildə ikinci övladının anadan olduğunu, həmin vaxta qədər alimenti ödəməkdə problem yaranmadığını, lakin indi ikinci övladı doğulduğundan alimenti ödəməkdə maddi sıxıntılar yarandığını, əlavə sübutunun olmadığını, Dövlət Sərhəd Xidmətində gündəlik 2 saat işlədiyini, əlavə işlərinə görə əlavə qazancı hərdənbir olsa da olsa da, davamlı olmadığını, Bakı şəhəri, Xətai Rayonunda özünə məxsus evdə yaşadığını və mülkiyyətində həmçinin avtomobil olduğunu, öhdəliyində hər hansı bir borcun olmadığını, həmçinin cavabdehin işləmədiyini və alimenti təyinatı üzrə istifadə etmədiyini bildirmiş, alimentin azaldılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçıyla xalaqızı-xalaoğlu olduqlarını, 2011-ci ildə qızının dünyaya gəldiyini, 2011-ci ildən Naxçıvana qayıdandan su və çörək sexlərində davamlı olaraq işlədiyini, 2023-cü ildən böyrəyindəki xəstəliklə bağlı işləyə bilmədiyini, qızının ehtiyaclarının çoxaldığını, onun 4 hazırlığa getdiyini, hazırda doqquzuncu sinfə getdiyini, əlavə xərcləri olduğunu, qızının ata üzü görmədiyini, hər zaman ona atasının Rusiyada olduğunu və qayıdacağını dediyini, öz evi olmadığını, qardaşının evində qaldığını, qardaşının onlara görə başqa evdə kirayədə qaldığını, iddiaçının buna görə ona təşəkkür etməli olduğunu, iddia ərizəsində yazılanların səhv olduğunu, alimenti ev təmirinə sərf etmədiyini, yalnız bir dəfə alimentdən hissə-hissə yığıb 1000 manata qızı üçün yataq dəsti aldığını və qızına həmin dəsti atasının alıb göndərdiyini dediyini, səhhəti ilə bağlı işləyə bilmədiyini və uyğun iş tapa bilmədiyini, işləsə belə təhsili olmadığından aşağı maaşlı yerlərdə işləyə biləcəyini, iddiaçının maşın alveri ilə məşğul olduğunu, villada yaşadığını, öz adına olmasa da, ayrıca iki evinin olduğunu, iddiaçının gəlirinin ondan qat-qat yaxşı olduğunu, əvvəllər cəmi 170 manat aliment aldığını, 2024-cü ildən isə 2 dəfə 800, bir dəfə 900, bir dəfə 1000 manat aliment ödənildiyini, bu ay isə 620 manat aliment aldığını, yəni alimdentin son zamanlar artdığını, indiyə qədər iddiaçının uşağı görmədiyini, iddiaçının məqsədinin qızını pis vəziyyətdə yaşatmaq olduğunu, iddiaçının yaxşı gəliri ola-ola uşağın ruzisini kəsmək istədiyini, özünün isə şəkər xəstəsi olduğunu və işsizliklə bağlı Məşğulluq Xidmətində qeydiyyatda dayandığını, özünün Babək rayon Dini İcmasının üzvü olduğunu və ictimai əsaslarla fəaliyyət göstərdiyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 10 iyun 2010-cu il tarixdə nikaha daxil olması, onların birgə nikahından 17 mart 2011-ci il təvəllüdlü X4 dünyaya gəlməsi, tərəflər arasındakı nikahın xx.xx.2012-ci il tarixdə pozulması, 17 mart 2011-ci il təvəllüdlü X4 cavabdehin yanında qalması və onun saxlanılması üçün Babək Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay maaşının ¼ hissəsinə uyğun alimentin tutulmasının qət edilməsi, iddiaçının xx.xx.2017-ci il tarixdə yenidən rəsmi nikaha daxil olması, həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X5 doğulması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ seriyalı, 174977 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən İddiaçı ilə Cavabdeh arasındakı nikahın xx.xx.2012-ci il tarixdə pozulması və bunun nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeydə alınması; - Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı, 654034 nömrəli doğum haqqında şəhadətnamənin surətindən iş üzrə tərəflərin 17 mart 2011ci il təvəllüdlü X7 adlı övladlarının anadan olması; - 5 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİ seriyalı, 204459 nömrəli nikah haqqında şəhadətnamənin surətindən İddiaçı ilə X6 arasında xx.xx.2017-ci il tarixdə nikahın bağlanması, bunun nikah akt qeydləri kitabında 1672 nömrə ilə qeydə alınması; - 4 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli AZ-V seriyalı, 054485 nömrəli doğum haqqında şəhadətnamənin surətindən İddiaçı ilə X2 27 sentyabr 2024-cü il təvəllüdlü X8 adlı övladlarının anadan olması müəyyən edilir. İşin mübahisəli halı iddiaçının alimentin azaldılması tələbinin əsaslı olub-olmaması ilə bağlıdır. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (76.2). Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də, məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İddiaçı cavabdehlə birə nikahından olan övladları 17 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Babək Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə hər ay maaşının ¼ hissəsinə uyğun tutulan alimentin məbləğinin azaldılaraq aylıq gəlirlərinin ¼ hissəsinə uyğunlaşdırılmasını tələb etmiş və bunu ikinci dəfə ailə həyatı qurması və həmin nikahdan bir övladının olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” qərarında qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi iddiaçının məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının mövcudluğu aliment məbləğinin azaldılması üçün əsas təşkil etmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, alimentin məbləğinin azaldılması onun övladının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən gəlir məlumatları üzrə çıxarışdan belə məlum olur ki, o, X14 X11 elektrik sistemləri üzrə mühəndis vəzifəsində işləyərək 3002.4 manat, həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində elektrik avadanlığı üzrə təmirçi işləyir və 215.93 manat əmək haqqı alır. Həmçinin mülkiyyətində olan nəqliyyat vasitələri üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan CHEVROLET VOLT(HİBRİD) MİNİK markalı, 77GS750 dövlət qeydiyyat nişanlı avtomobilinin olması, iddiaçının izahatından isə mülkiyyətində daşınmaz əmlakın, mənzilin olması müəyyən edilir. Cavabdehin gəlir məlumatları üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan və xx.xx.2025-ci il tarixə verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya Sistemindən Məşğulluq haqqında arayışdan işsiz olması müəyyən olunur. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların olması və ya mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin yəni, iddiaçının üzərinə düşsə də o, Babək Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində alimentin azaldılması üçün əsas təşkil edən ciddi dəyişikliyin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun azaldılması zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd oluduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar