Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-652/2023 20.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin subroqasiya qaydasında ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti “30” noyabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 700 (yeddi yüz) manat məbləğində vurulmuş zərərin və 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini əsaslandıraraq qeyd etmişdi ki, 02 mart 2020-ci il tarixdə Cavabdeh tərəfindən yol vərəqəsi əsasında idarə olunan “Dawoo BS090” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X4” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığına və qiymətləndirmə aktına əsasən “X4” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 700 (yeddi yüz) manat sığorta ödənişi həyata keçirmişdir. 02 mart 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Məmmədov X2 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlar da şəxsən özü hadisə yerindən yayınmasını qeyd etmişdir. Hesab edirik ki, 700 (yeddi yüz) manat pul Cavabdeh iddiaçı “İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli arayışından, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. İddiaçının ərizəsinin surəti məhkəmənin 01 dekabr 2023-cü il tarixli, 2(079)- 652/2023 nömrəli məktubu ilə cavabdehə göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə “05” dekabr 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında əsasən zərər vurmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun preambulası ilə müəyyən olunur ki, həmin Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Bundan əlavə həmin Qanunun 4.1-ci maddəsindən aydın olur ki icbari sığortanın məqsədi, həmin Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etməkdir. Bu məqsədin həyata keçirilməsi üçün isə həmin qanunla icbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyi qeyd edilir. İcbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyini icbari sığortanın prinsiplərindən biri kimi qeyd olunmuş həmin Qanunun 3.1.1-ci maddəsində öz əksini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin mahiyyətinə görə isə icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Mülki iş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılmasına dair məlumatdan və 083078 nömrəli sığorta aktından aydın olur ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Vüqar Məmmədov arasında 11 iyul 2019-cu il tarixdən 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanaraq dövlət qeydiyyat nişanı **-XS-*** olan «Dawoo BS090» markalı avtomobil sığorta etdirilmişdir. Sığorta müqaviləsinin iddiaçı ilə Vüqar Məmmədov arasında bağlanılması ilə bağlı məhkəmə bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə görə müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12 mart 2020-ci il tarixli, 073-7333-1220 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan və yol vərəqəsindən məlum olur ki, 02 mart 2020-ci ildə Cavabdeh dövlət qeydiyyat nişanı **-XS-*** olan «Dawoo BS090» markalı avtomobili idarə etmişdi. Dövlət qeydiyyat nişanı **-XS-*** olan «Dawoo BS090» markalı avtomobil üzrə icbari sığorta müqaviləsinin bağlanması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, icbari sığorta müqaviləsinin bağlanması ilə onlar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn hüquq və vəzifələr əldə etmişlər. Qanun ümumi mahiyyətindən aydın olur ki, icbari sığorta müqaviləsini bağlamaq sığortalının əsas vəzifələrindən biridir. Sığortaçının isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn vəzifələrindən biri sığorta hadisəsinin baş verməsi halında həmin Qanunda nəzərdə tutulmuş hallarda və müddətdə sığorta məbləğinin sığortalıya və ya sığorta olunana verməkdir. Sığorta hadisəsi dedikdə isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1 və 13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üçün sığorta hadisəsi sayıla biləcək hallar qeyd edilən Qanunun 52-ci maddəsində öz əksini tapmışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 52.1 və 52.2-ci maddələrinin mahiyyətinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2020-ci il mart ayının 02-də Cavabdeh idarə etdiyi «Dawoo BS090» markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomaşınla «X4» markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sığorta hadisəsinin baş verməsi faktı iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12 mart 2020-ci il tarixli, 073-7333-1220 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”, Cavabdeh izahatı, həmçinin həmin X5 Polis şöbəsinin İXP seriyalı, ******* nömrəli, 02 mart 2020-ci il tarixli inzibati xəta haqqında protokolu və 06 mart 2020-ci tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Sığorta hadisəsinin nəticəsi olaraq iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən «X4» markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobilə 700 (yeddi yüz) manat məbləğində zərər dəymiş və İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu zərər aradan qaldırılmışdı. İddiaçı tələbinin qeyd edilən əsasları ilə bağlı məhkəməyə 17 avqust 2020-ci il tarixli, 00196645 nömrəli zərərin qiymətləndirilməsi barədə hesabatı və 18 mart 2020-ci il tarixli, PRP**********37 nömrəli ödəniş tapşırığını təqdim etmişdir. Qeyd edilən sənədlərdən aydın olur ki, həqiqətən də «X4» markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobilə 700 (yeddi yüz) manat məbləğində zərər vurulmuş və iddiaçı qeyd edilən məbləği 18 mart 2020-ci ildə X3 ödəmişdir. İddiaçının cavabdehə qarşı vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna gəldikdə isə o, qeyd etmişdir ki, cavabdeh inzibati xətanı törətdikdən sonra yol nəqliyyat hadisəsi yerini tərk etdiyindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilən halla əlaqədar məhkəmə bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranma əsasları qeyd edilmişdir. Bu əsaslardan biri də 25.1.8-ci maddəsinə görə həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması inzibati xəta tərkibinin yaranmasına səbəb olan hadisədir. Həmin Məcəllənin 8.1-ci maddəsi ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qanunvericiliyin tələbindən də görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müvafiq qərarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh yol nəqliyyat hadisəsi yerini tərk etməsi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin X7 şöbəsinin İXP seriyalı ******* nömrəli 02 mart 2020-ci il tarixli inzibati xəta haqqında protokolu və 06 mart 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla sübut olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.5-ci maddəsinin tələbinə görə həmin Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Qanunvericiyinin tələblərindən aydın olur ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddiası əsaslıdır və bu səbəbdən də o, təmin edilməlidir. İddia təmin edilməli olduğundan vurulmuş zərərin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İddiaçının sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sığortaçısı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 700 (yeddi yüz) manat miqdarında sığorta ödənişinin verməsi öz təsdiqini tapdığından, iş üzrə Cavabdeh qeyd edilən məbləğdə zərəri iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -iş üzrə Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 700 (yeddi yüz) manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli; -iddia təmin olunduğundan iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. İş üzrə Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 700 (yeddi yüz) manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia təmin olunduğundan iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-652/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-652/2023
20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver