Məhkəmə qərarları › İş №e-2(089)-84/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-84/2024

07.11.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-84/2024 07.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdeh Culfa Rayon X5 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Culfa Rayon X5 MMC-yə qarşı istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi və vaxtında ödənilməmiş məbləğə görə maddi zərərin cavabdehdən tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Culfa Rayon X5 MMC-yə qarşı istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi və vaxtında ödənilməmiş məbləğə görə ödəncin cavabdehdən tutulması tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehdən istifadə edilməmiş bütün illərin əsas məzuniyyətlərinə görə 2772.21 manat məbləğində pul əvəzinin və vaxtında ödənilməmiş məbləğə görə 2887 manat ödəncin, hüquqi yardıma görə 300 manat və ödənilmiş 26.59 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 01 mart 2009-cu il tarixli, 08 nömrəli əmrlə Culfa rayon X5 MMC-də elektrik vəzifəsinə təyin edilmiş, 02 oktyabr 2017-ci il tarixli, 21 nömrəli əmrlə elektrik vəzifəsindən qaynaqçı vəzifəsinə keçirilərək əmək fəaliyyətini davam etdirmişdir. 27 oktyabr 2023-cü il tarixli, 50 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 a və 69.1-ci maddələrinə əsasən 01 noyabr 2023-cü il tarixdən işdən azad edilmişdir. Culfa rayon X5 MMC-də işə başladığı 01 mart 2009-cu il tarixdən işdən azad olunduğu 01 noyabr 2023-cü il tarixədək, yəni 14-il, 8-ay əmək fəaliyyəti dövründə əmək məzuniyyətindən istifadə etməmişdir. İşdən azad olunarkən ona istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilmiş kompensasiya düzgün hesablanmamış, ona 6270.510 son haqq-hesab ödənilmişdir. Belə ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması və ödənilməsi zamanı qnunvericilikdə müəyyən edilmiş müddəalar düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi 135-ci maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 139-cu maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına-30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Culfa rayon X5 MMC-də son 12 təqvim ayı ərzində aldığı əmək haqqı məbləği və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması eləcə də ödənilməsi gecikdirilmiş məbləğə görə ödənc miqdarı aşağıdakı cədvəldə əks olunmuş məlumatlardan ibarət olmuşdur: 2022-ci ilin noyabr ayı 300 manat, əmsal 1,17 əmsalla birlikdə əməkhaqqı 350 manat, 2022-ci ilin dekabr ayı 300 manat, əmsal 1,17, əmsalla birlikdə əməkhaqqı 350 manat, 2023-cü ilin yanvar ayı 350 manat, əmsal 2.16 əmsalla birlikdə əməkhaqqı 755 manat, 2023-cü ilin fevral ayı 350 manat, əmsal 2.16, əmsalla birlikdə əməkhaqqı 755 manat, 2023-cü ilin mart ayı 350 manat, əmsal 2.16, əmsalla birlikdə əməkhaqqı 755 manat 2023-cü ilin aprel ayı 350 manat, əmsal 2.16, əmsalla birlikdə əməkhaqqı 755 manat 2023-cü ilin may ayı 350 manat, əmsal 2.16, əmsalla birlikdə əməkhaqqı 755 manat 2023-cü ilin iyun ayı 350 manat, əmsal 2.16, əmsalla birlikdə əməkhaqqı 755 manat 2023-cü ilin iyul ayı 755 manat, əmsal 0, əməkhaqqı 755 manat 2023-cü ilin avqust ayə 801.25 manat, əmsal 0, əməkhaqqı 801.25 manat 2023-cü ilin sentyabr ayı 755 manat, əmsal 0, əməkhaqqı 755 manat 2023-cü ilin oktyabr ayı 755 manat, əmsal 0, əməkhaqqı 755 manat-cəmi 8296.25 manat məzuniyyətə görə kompensasiya məbləği. 8296,25 / 12 ay = 691,35 manat Orta aylıq əmək haqqı 691,35 manat/ 30,4 * 30 gün = 682,25 manat, 682,25 manat-(DSMF 6 manat + 10% 48,23 = 54,23 manat) -(icbari tibbi sığorta 2 % = 13,65 manat) - (İşsizlikdən sığorta 0.5% = 3,41 manat) cəmi tutqu 71,29 manat (Orta aylıq ə/h) 682,25 manat-71,29 manat=aylıq alacaq məbləğ 610,96 manat. Aylıq alacaq məbləğ 610,96 manat * istifadə olunmamış məzuniyyət illərinin sayı 14,8 il = cəmi kompensasiya məbləği 9042,21 manat Cəmi Kompensasiya məbləği 9042.21 manat- 13,11,2023 tarixdə ödənilən məbləğ 6270 manat =ödənilməmiş kompensasiya məbləği 2772,21 manat. Cavabdeh tərəfindən ödənilməyən kompensasiyanın hər günü üçün 1 faiz məbləğində pul tələbi ilə bağlı bildirir ki, cəmi kompensasiyanın məbləği 9042.21 * 12 gün 12% = 1085.07 manat, 2772.21 * 65 % (Noyabr 18 gün + Dekabr 31 gün + Yanvar 16 gün = 65 gün) = 1801,93 manat. Cəmi ödənilməyən kompensasiyanın hər günü üçün 1 faiz məbləğində pul- 2887 manat. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir" müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmuişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi, vəkili Vəkil iddianın əsaslı olduğunu bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Culfa rayon “X5” MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçı 01 mart 2009-cu il tarixdə Culfa rayon X5 MMC-də işə başlamış, 27 oktyabr 2023-cü il tarixli, 50 nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. İddiaçı Culfa rayon X5 MMC-də işə başladığı 01 mart 2009-cu il tarixdən işdən azad olunduğu 01 noyabr 2023-cü il tarixədək, yəni 14 illik əmək fəaliyyəti ərzində əmək məzuniyyətindən istifadə etməmiş, işdən azad edilərkən ona istifadə etmədiyi əmək məzuniyyətinə görə 6270.51 manat kompensasiya ödənilmişdir. Bildirir ki, iddiaçı 01 noyabr 2023-cü il tarixədək Culfa rayon X5 MMC-də işləmiş, hazırda əsassız olaraq iddia müddəti keçmiş dövrlər üçün məzuniyyət haqqının hesablanmasını və ödənilməsini tələb edir. Hesab edir ki, iddiaçının tələbi Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bir il üçün əsaslı ola bilər ki, həmin müddət üçün də cavabdeh tərəfindən iddiaçıya məzuniyyət pulu tam ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə izahatında onu da bildirmişdir ki, iddiaçı iddia ərizəsində istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya məbləğinin əmsallaşdırma aparılmaqla ödənilməsini tələb edir. Culfa rayon “X5” MMC büdcədən maliyyələşən müəssisə deyil, təsərrüfat hesabı müəssisədir. Təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. “X5” MMC-də isə işçilərlə kollektiv müqavilə bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş taarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. İddiaçının nümayəndəsi Nümayəndə izahatında onu da bildirmişdir ki, iddiaçının gecikdirilmiş ödənişə görə hər gün üçün 1 faiz ödənilməsi tələbi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi hazırkı mübahisənin predmeti əmək haqqı deyil, istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiya tələbidir. Hesab edir ki, iddiaçı ödənişlərin gecukdirilməsinə görə faiz tələb edə bilməz. İddiaçının nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsinin və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş- 0372856 nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı Culfa rayon X5 ASC-də elektrik vəzifəsinə təyin edilmişdir. 06 saylı, 05 yanvar 2023-cü il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə X2 Qrupunun Culfa rayon “X6” MMC arasında əmək müqaviləsi bağlanmış, qaynaqçı vəzifəsinə təyin edilmişdir. 27 oktyabr 2023-cü il tarixli, 50 nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinə öz ərizəsi əsasında 01 noyabr 2023-cü il tarixdə xitam verilməsi, 01 mart 2009-cu il tarixdən 1 noyabr 2023-cü il tarixədək olan istifadə etmədiyi məzuniyyət günlərinin konpensasiyasının ödənilməsi və işdən azad edilməsi barədə əmr verilmişdir. İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın hesablanması ilə bağlı cədvəldən (İ cild səh 59) müəyyən olunur ki, kompensasiyanın məbləği 6270.51 manat hesablanmışdır. Naxçıvanbank ASC-nin Culfa filailından verilmiş 13 noyabr 2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Culfa “X6” MMC-dən İddiaçı **********3785003AZN hesabına 6270.51 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 967 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı 01 mart 2009-cu il tarixdən 01 noyabr 2023-cü il tarixədək X5 MMCdə işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqı əmsallaşdırma təbiq edilməklə 10892.66 manat, əmsallaşdırma tətbiq edilməməkə 7512.33 manat olmuşdur. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət haqqı əmsallaşdırılma aparılmamaqla 742,68 manat olar ki, məzuniyyət qalığı 212,89 (742,68-529,79) manat təşkil edər. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət qalığına görə hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən 7,43 (742,68 məzuniyyət əvəzi*1%) manat olur ki, bu məbləğ gecikdirilmiş 12 günə vurulduqda, 12 gün üçün hesablanan məbləğ 89,16 (7,43*12) manat, 13 noyabr 2023-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək 64 gün üçün gecikdirilmiş məbləğ isə 136,25 (64*212,89 *1%) manat təşkil edir. Məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul olunmalı və işçiyə ödənilməmiş məzuniyyət pulu və digər ödənişlər ekspertin gəldiyi nəticəyə uyğun olaraq ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən, əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 131 -ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 139-cu maddəsinin 2-ci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Maddənin "Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 196-cı maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Məhkəmə işin araşdırılan hallarından iddiaçının 01 mart 2009-cu il tarixdən 01 oktyabr 2023-cü il tarixədək X5 MMC-də işlədiyi iş illərinə görə istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı 01 mart 2009-cu il tarixdən 01 oktyabr 2023-cü il tarixədək X5 MMCdə işlədiyi iş illərinə görə istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya məbləğini əmsallaşdırma aparılmaqla hesablanmalı olmasını, əmsllaşdırma aparılmaqla ona ödənilməli olan kompensasiyanın 2772.21 manat olmasını müəyyən etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 01 mart 2009-cu il tarixdən 01 oktyabr 2023-cü il tarixədək X5 MMC-də işlədiyi iş illərinə görə istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya məbləği əmsallaşdırma aparılmamaqla hesablanmalı, ona ödənilməli olan kompensasiyanın məbləği Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 967 nömrəli ekspert rəyində qeyd edildiyi kimi 7512.33 manat müəyyən edilməli, iddiaçıya 13 noyabr 2023-cü il tarixdə ödənilmiş 6270.51 manat nəzərə alınmalıdır.. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş taarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydasına əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, Culfa rayon X5 MMC təsərrüfat hesabı müəssisədir və müəssisədə tarif maaşları kollektiv müqavilənin şərtlərinə əsasən artırılmamışdır. İş materillarına əlavə edilmiş əmək müqaviləsindən də müəyyən olunur ki, İddiaçıla fərdi qaydada əmək müqaviləsi bağlanmış, əmək haqqı kollektiv müqavilənin şərtlərinə əsasən kütləvi şəkildə artırılmamışdır. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin, yəni 2887 manat məbləğində pulun verilməsi tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə də iddia qismən təmin edilməli, Culfa rayon X5 MMC-dən 136.25 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə ilk öncə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı təqdim edilmiş ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddiaçının nümayəndəsi 27 mart 2024-cü il tarixdə iddia müddətinin tətbiqi edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edilənlərədən belə nəticəyə gəlir ki, iddiaçı 01 mart 2009-cu il tarixdən 01 oktyabr 2023-cü il tarixədək X5 MMC-də qaynaqçı vəzifəsində işləmiş, hüququnun pozulduğunu bildiyi halda məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncinin alınması ilə bağlı tələbinə bir illik iddia müddəti tətbiq edilməli, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 968 nömrəli ekspert rəyində qeyd edildiyi kimi 136.25 manat məbləğində pul cavabdeh təşkilatdan alınıb iddiaçıya verilməlidir. İddiaçı hüquqi yardıma görə xərc kimi cavabdehdən 300 manat məbləğində vəkil xərcinin alınmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş 003571 nömrəli, 16 yanvar 2024-cü il tarixli qəbzlərdən müəyyən olunur ki, iddiaçı həqiqətən də hüquqi yardım alması üçün 300 manat pul xərcləmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb belə nəticəyə gəlir ki, cavabdehdən hüquqi yardıma ağlabatan məbləğ olaraq 100 manat alınıb iddiaçıya verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iddia iddia ərizəsinin verilməsinə görə 26.59 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 26.59 manat dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, iddia qismən təmin edildiyindən 33.78 manat məbləğində pul cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi İddia qismən təmin edilsin. Culfa rayon X5 MMC-dən istifadə edilməyən bütün iş illərinin əsas məzuniyyətlərinə görə 1241.82 manat kompensasiya, vaxtında ödənilməmiş əmək haqqının hər gecikdirilmiş günü üçün 136.25 manat məbləğində pul, vəkilə ödənilmiş 100 manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 26.59 manat dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılsın. Culfa rayon X5 MMC-dən 33.78 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar