Məhkəmə qərarları › İş №e-2(090)-181/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-181/2024

26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-181/2024 26.08.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti «29» iyul 2024-cü il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “KİA Forte” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 456 AZN (dörd yüz əlli altı manat) məbləğində sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, bildiririk ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “KİA Forte” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan İXP seriyalı ******* nömrəli protokola və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, hadisənin baş verməsində “Opel Astra” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. O hadisə yerindən yayınmışdır. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin sığorta tələbinə aid sənədlərdən görünür ki, “KİA Forte” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Mərkəzi X2 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “KİA Forte” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatına əsasən, yaranmış 456 manat sığorta ödənişini xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından göründüyü kimi “KİA Forte” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Mirzəfər Hafiz oğluna ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 456 manat məbləğində pulun ödənilməsi tələbi "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və PAT********** nömrəli sığorta şəhadətnaməsindən müəyyən olunur ki, yolnəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, ** OL *** qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 456 AZN (dörd yüz əlli altı manat) məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-nə ödənilmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 456 AZN (dörd yüz əlli altı manat) məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə dair məlumatdan belə məlum olur ki, xx.xx.2023-cü il tarixli PAT********** nömrəli İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı istehsal ili 2007 olan, 99OL954 dövlət qeydiyyat nişanlı, OPEL ASTARA model minik nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə: 5 000 (beş min) manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə: 1) bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat; 2) Bir hadisə üzrə 50 000 (əlli min) manat sığorta məbləği ilə, sığorta haqqının hesablanması: baza sığorta haqqı: 50 olmaqla, sığorta haqqı 150.00 manat olmaqla, sığorta haqqının ödənilməsi qaydası birdəfəlik və nağdsız qaydada müəyyən olunmaqla 1 il sığorta təminat müddəti ərzində xx.xx.2024-cü il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP5 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 00:15-də Lütfizadə ərazisində OPEL ASTARA minik markalı, 99OL954 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Hüseynov Mirzəfər Hafiz oğlu izahatında xx.xx.2022-ci il tarixdə, saat 00:15 radələrində etibarnamə ilə idarə etdiyi KİA Forte markalı 77CE869 nömrəli avtomobilə 99RZ624 dövlət qeydiyyat nişanlı avtomobilə Lütfizadə küçəsi üzü Babək istiqamətində hərəkətdə olarkən Kolissa Holl şadlıq sarayı qarşısında qarşısına maşın çıxdığı üçün dayandığını, bu zaman avtomaşının arxa hissəsindən zərbə hiss etdiyini, maşından düşdükdə özünün idarə etdiyi avtomaşını arxadan OPEL ASTRA markalı, 99OL954 nömrəli avtomaşının vurduğunu, Cavabdeh adlı şəxsin öz şəxsiyyət vəsiqəsini verib tələsdiyini dediyini, mobil nömrəsini (***-***-**- **) verib təmir etdirəcəyini söz verib hadisə yerindən getdiyini, özünün bu barədə polisə heç bir məlumat vermədiyini bildirmiş, öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli çıxarışda qeyd olunduğu üzrə 456 manat dəymiş zərərin məbləği köçürmə yolu ilə Hüseynov Mirzəfər Hafiz oğluna ödənilmişdir. Sözügedən çıxarışdan belə məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən AZ16RBTA**********6944428208 hesab nömrəsinə Hüseynov Mirzəfər Hafiz oğluna sığorta ödənişi təhvil verilmişdir. Dəymiş zərərin hesabatından KİA FORTE markalı, 77CF869 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 456.00 manat həcmində olması müəyyən edildiyi, ehtiyat hissənin adı, görülən işlər və onların miqdarı, ölçü vahidi, məbləğlərinin: 1 ədəd arxa baqaj stopu qiyməti 70.00, 20 ədəd düymə qiyməti 16.00 manat, cəmi 86.00 manat olmaqla, dəmirçi işçiliyi üzrə arxa panel pol təmir üzrə qiyməti 100.00 manat, rəng işçiliyi üzrə arxa bufer panel rəng 180.00 manat, armatur işçiliyi üzrə arxa bufer stop s\y 45.00 manat, plasmas işçiliyi üzrə arxa bufer təmir 50.00 manat olmaqla, cəmi 370.00 manat olmaqla, yekun 456 manat olduğu müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş əlavə 1 adlı çıxarışdan İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən PAY**********7 nömrəli ödəniş sənədinə əsasən xx.xx.2023-cü il tarixdə 456 manat sığorta ödənişinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənildiyi müəyyən edilir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, O-AS-20240107 nömrəli cavabdehə ünvanlanmış pretenziyada qeyd edildiyi üzrə xx.xx.2022-ci il tarixdə tərəfinizdən idarə olunan “Opel Astra” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Forte" markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş verdiyini, ZBT (Zərərlərin Birbaşa Tənzimlənməsi) qaydalarına uyğun olaraq "xxxx" ASC öz icbari sığortalısı olan “Kia Forte” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 456 AZN (dörd yüz əlli altı manat) məbləğində sığorta ödənişi həyata keçirdiyi, həmin qaydalara uyğun olaraq, “AzSığorta Şirkəti" ASC qeyd edilən məbləği, yəni 456 AZN (dörd yüz əlli altı manat) məbləğində pulu şəxsin tərəfindən idarə etdiyi “Opel Astra” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortaçısı olan İddiaçı SŞ ASC-dən tələb etmiş, İddiaçı SŞ ASC isə ZBT qaydalarına uyğun olaraq 456 AZN (dörd yüz əlli altı manat) məbləğində pulu "xxxx" ASC-nin bank hesabına ödənildiyi, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə, ona qarşı subroqasiya hüququnun yarandığı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı (subroqasiya hüququ) maddəsinə əsasən, sığorta ödənişi almış şəxsin (zərərçəkən) ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı (zərərvuran) malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İddiaçı Sığorta Şirkəti zərərçəkənə sığorta ödənişi həyata keçirməklə, subroqasiya hüququna nail olduğu, “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 456 AZN (dörd yüz əlli altı manat) sığorta ödənişini 10 iş günü ərzində “Atəşgah" Sığorta Şirkəti ASC-nə ödəməyin xahiş edildiyi, zərər məbləğinin qeyd edilən müddət (10 gün) ərzində şirkətə ödənilmədiyi halda İddiaçı Sığorta Şirkəti ASC müvafiq iddia ərizəsi ilə Məhkəmə orqanlarına müraciət edəcəyi və bununla bağlı bütün məhkəmə xərclərinin cavabdehdən tutulacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobil Lütfizadə küçəsi istiqamətində hərəkət edən zaman ara məsafəsi saxlama ilə bağlı qaydaları pozmuş, nəticədə “KİA Forte” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Xətai Rayon DYPŞ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən “Opel Astra” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “KİA Forte” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə 456 (dörd yüz əlli altı) manat məbləğində maddi zərər dəymişdir. PAT********** saylı sığorta şəhadətnaməsi əsasında 6697 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 456 (dörd yüz əlli altı) manat məbləğində sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həyata keçirilmişdir. Müəyyən olunur ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması və təqsirli olduğu hadisə yerindən yayınması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 456 (dörd yüz əlli altı) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 456 (dörd yüz əlli altı) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar