Məhkəmə qərarları › İş №e-2(094)-187/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-187/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-187/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “alimentin azadılması” tələbinə dair məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə həyatı quraraq nikahı rəsmiləşdirmişdirlər. Birgə nikahdan 04 mart 2007-ci təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə bir müddət normal ailə münasibətində olsa da, sonradan cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Nəticə olaraq ayrılmaq qərarına gəlmişdirlər və nikahın pozulması məhkəmə qaydasında həyata keçirilmişdir. Nikah məhkəmə qaydasında pozularkən cavabdehin tələbi ilə uşağın saxlanması üçün aliment məbləği təyin olunmuşdur. Bundan sonra cavabdeh alimentin artırılması tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 14 mart 2014-cü il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 100,0 manat müəyyən olunmuşdur. Bundan sonra o, azadlıqdan məhrum edilərək 8 il həbsdə olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır. Həbsdə olduğu müddətdə heç bir qazancı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir və nəticə etibarı ilə 8000,0 manata yaxın borc yaranmışdır. Hal-hazırki maddi vəziyyəti borcun ödənilməsinə imkan vermir. Qanunvericiliyə əsasən şəxs üzrlü səbəbdən aliment borcunu ödəyə bilmirsə məhkəmə bu halı nəzərə alaraq üzrlü vaxta yaranmış borcdan şəxsi tamamilə azad edə bilər. Həbsdə olduğu müddətdə işlə təmin olunmadığından yaranmış aliment borcunun silinməsi qanunamüvafiqdir. Bundan əlavə həbsdən azad olduqdan sonra yenidən ailə həyatı qurmuş və birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Heç bir yerdə işləmədiyindən və ailəli olduğundan cavabdehlə aralarındakı uşağa təyin olunan aliment məbləğini ödəməyə çəkinlik çəkir və hesab edir ki, təyin olunan aliment məbləği azaldılmalıdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qətnaməsi və həmin məhkəmənin icra sənədinə əsasən həbsdə olduğu müddətdə hesablanmış aliment borcunun silinərək, həmin hissədə aliment öhdəliyinə qismən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmişdir və cəzaçəkmə müəssisəsində olduğu müddətdə hesablanmış alimentin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bu müddət ərzində bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır, uşağın son zəngində nə maddi, nə mənəvi dəstək olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 2(094)-422/2014 saylı icra vərəqəsinin surətindən göründüyü kimi, xx.xx.2014-cü il tarixdən başlayaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 100,0 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ №524482 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X3 xx.xx.2023-cü il tarixdə Astara rayonu Pensər kənd İƏD üzrə nümayəndəliyində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV №878612 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, İddiaçı X3 ilə olan nikahından xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan AZ-İV №878613 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, İddiaçı X3 ilə olan nikahından xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 10 saylı Cəzaçəkmə Müəssisəsi tərfindən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü ildə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək cəzasını Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində çəkmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarına əsasən xx.xx.2019-cu ildə MTCM-nə keçirilmişdir. İddiaçı 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində əmək fəaliyyəti ilə məşğul olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Həmin qanunun 19-cu maddəsinin tələbinə görə uşağın maddi və mənəvi tələbətlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olması halı sübut edilmədiyindən, hətta azaldılması tələb olunan aliment məbləği 2024-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduğundan, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azadılması” barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, tərəflər qətnaməni qəbul etdiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar