Məhkəmə qərarları › İş №e-2(094)-84/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-84/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-84/2024 23.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2005-ci il tarixli nikahın pozulması, nikahlarından olan azyaşlı X2 onun himayəsində saxlanılması və uşağın saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235,0 manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk vaxtlar İddiaçı ilə Cavabdeh münasibətləri normal olsa da, sonradan bu münasibətlər pozularaq, aralarında tez-tez mübahisələr yaranmağa başlamışdır. Tərəflərin ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur və hal-hazırda sadəcə formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası və tərəflərin barışması mümkün deyildir. Tərəflərin birgə nikahlarından doğulan yetkinlik yaşına çatmamış X5 hal-hazırda İddiaçı yanında və himayəsindədir. Belə ki, hazırda İddiaçı azyaşlı uşağın normal şəraitdə saxlanması üçün cavabdehin maddi köməyinə ehtiyacı vardır. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən bir daha sübut olunur ki, nəinki ailə münasibətlərinin bərpası, eyni zamanda azyaşlı - xx.xx.2009-cu il təvəllüdlü X2 Cavabdeh yanında qalması qeyri-mümkündür. Belə ki, hazırda ata uşaqların təlim-tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanına malik deyildir. Cavabdeh öz uşaqlarına son dərəcə etinasız və biganə münasibət bəsləmiş, nəticədə isə valideynlik vəzifələrindən sui-istifadə etmişdir. Göstərilən xüsusatları nəzərə alaraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli nikahları pozulması, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X5 iddiaçının himayəsində qalması, cavabdehdən azyaşlı X1 üçün hər ay 235,0 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Yediyarov X3 Aida Səfər qızı ilə xx.xx.2005-ci il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd İcra Nümayəndəliyində nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 №-li qeyd aparılmışdır. İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, məhkəmə tərəfindən tərəflərin barışması üçün 3 aylıq barışıq müddəti müəyyən edilmiş, lakin həmin müddət ərzində onlar barışmamışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20-ci maddəsindən görünür ki, tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə və məhkəmə tərəfindən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü müəyyən edildikdə, tərəflər arasındakı nikah pozulur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşdur. X4 yetkinlik yaşına çatmışdır. Tərəflər hal-hazırda birgə yaşamırlar, ər-arvad kimi hüquq və vəzifələr daşımırlar. Bundan sonra ailənin bərpası qeyri-mümkün olmadığından onlar arasında olan nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları halhazırda iddiaçının himayəsindədir. İşdən görünür ki, məhkəmə tərəfindən tərəflərə barışmaları üçün 3 ay müddət müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, Azərbaycan Respublikası AM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. İddia digər tərəfdən ona görə təmin edilməlidir ki, tərəflərə barışmaları üçün vaxt təyin edilmiş, onlar təyin edilmiş müddət ərzində barışmamışlar. Hazırda isə iddiaçı nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası AM-nin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşağı faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında qalmalıdırlar. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 7-ci bəndinin tələbinə görə məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə azyaşlı uşağın mənafeyini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın hazırkı yaşda ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olduğunu nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2009-cu il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında tədqiq olunan hallarından məlum olur ki, iddiaçı cavabdehlə birgə nikahından olan uşağın saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay 235,0 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə, qanunun yuxarıda qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 235,0 manat aliment tutulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd İcra Nümayəndəliyində bağlanmış 10 №-li akt qeydli nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalmalı, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdehdan İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 235,0 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd İcra Nümayəndəliyində bağlanmış 10 №-li akt qeydli nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalsın. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 235,0 manat məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar