Məhkəmə qərarları › İş №e-2(094)-91/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-91/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-91/2025 25.02.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay aylıq əmək haqqının və digər gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin, 13 saylı Mediasiya təşkilatına ödədiyi 60 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə 15 dekabr 2010-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki övladı doğulmuşdur. Cavabdeh ilə ailə münasibətləri bir müddət yaxşı olsa da, son illərdə bu münasibətlər demək olar ki, pozulmuşdur. Belə ki, onlar rəsmi qaydada ayrılmasalar da, hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. Belə ki, o, bir neçə aydır ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən evdən uşaqları ilə birgə çıxmağa və Qazax rayonunun Kəmərli kəndində yerləşən öz ata evinə gedərək orada yaşamağa məcbur olmuşdur. Azyaşlı övladları da onunla birlikdə orda yaşayır. Onların başqa yaşayış yeri də yoxdur. Faktiki ayrılmalarının səbəbi isə cavabdehin yüksək maaşlı işdə işləməsinə baxmayaraq, uşaqlarına və ona maddi cəhətdən baxmaması, davamlı olaraq spirtli içki qəbul etməsi və bundan sonra da evdə dava-dalaş salaraq, onu incitməsi və azyaşlı qızlarına ağır travmalar yaşatmasıdır. O, axırıncı dəfə elə bir vəziyyətdə evdən çıxmışdır ki, hətta sənədlərini belə evdən götürə bilməmişdir. Hal-hazırda sənədləri cavabdehdədir və dəfələrlə istəsə də ona verməyib. Cavabdeh “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsində operator vəzifəsində işləyir və 2000 (iki min) manata qədər maaş alır. Bundan başqa da, il ərzində maaşına əlavə olunan gəlirləri də olur. Lakin bunun qarşılığında demək olar ki, ona heç bir maddi köməklik göstərmir, necə yaşamağı ilə maraqlanmır və o, körpə qızlarını təkbaşına, çətinliklə böyüdür. Dəfələrlə cavabdehə müraciət etsə də, o azyaşlı övladının saxlanılması üçün heç bir maddi yardım etmir. O isə, azyaşlı övladlarını böyütməklə məşğul olduğundan, heç bir yerdə işləyə bilmir və onların saxlanılması üçün lazım olan vəsaiti qazanmaq iqtidarında deyil. Cavabdeh isə dənizdə işləyir, rəsmi iş yeri var və kifayət qədər yüksək əmək haqqı alır. Lakin buna baxmayaraq, o nə öz övladlarının, nə də onun ən zəruri xərclərini belə qarşılamaq istəmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkiil və nümayəndəsi Kazımova X6 məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan məhkəmə iclasının keçirilərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin İMS-dan sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/13/2024-01882 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki Cavabdeh İMS iştirak etməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 xx.xx.2010-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 1312 nömrə ilə qeydiyyata alınmışdır. Nikadan sonra arvada Balakişiyeva soyadı verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, 2024-cü il üçün Cavabdeh əmək haqqı 1385,40-2499,28 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmamışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Hazırda iddiaçı xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə iddiaçının xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində alimentin İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Eyni zamanda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş mediasiya xərci 60 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddian təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar