Məhkəmə qərarları › İş №e-2(1-8)-1952/2026

Ali Məhkəmə Qərardad — İş №e-2(1-8)-1952/2026

09.07.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(1-8)-1952/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı İddiaçı ASC-nin cavabdeh X2 qarşı “lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, mübahisəli hüquq münasibətlərinin xarakterinə görə iddianın ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “xxxx“ ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “xxxx“ ASC ilə cavabdeh fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs X2 (VÖEN: 860228232) arasında imzalanmış ***/**/* saylı, ## ### 2024-cü il tarixli X3 müqaviləsinə xitam verilməsi, cavabdeh X2 istifadəsinə verilmiş “X1 Rover” minik markalı, ağ rəngli, **YE*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, ***/**/* saylı, ## ### 2024-cü il tarixli X3 müqaviləsinin vaxtında icra edilməməsi nəticəsində iddiaçı “xxxx“ ASC qarşısında X3 müqaviləsi üzrə ## ### 2026-cı il tarixədək yaranmış 32526,3 (otuz iki min beş yüz iyirmi altı manat otuz qəpik) manat əsas borcun, 8294,93 (səkkiz min iki yüz doxsan dörd manat doxsan üç qəpik) manat lizinq mükafatının, 1979,51 (min doqquz yüz yetmiş doqquz manat əlli bir qəpik) manat cərimə borcunun, 14815 (on dörd min səkkiz yüz on beş) manat dəyərində lizinq obyektinə dəymiş zərər olmaqla, cəmi 57615,74 (əlli yeddi min altı yüz on beş manat yetmiş dörd qəpik) manat borcun, habelə iddiaçı tərəfindən ödənilmiş 263 (iki yüz altmış üç) manat dövlət rüsumunun əvəzinin cavabdeh fərdi sahibkarlıqla məşğul olan X2 tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim T.Ələkbərov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər sahibkarlıq subyektləridir. Tərəflər arasında ## ### 2024-cü il tarixdə X3 müqaviləsi bağlanmış və müqavilənin subyekti bir tərəfdən hüquqi şəxs İddiaçı ASC, digər tərəfdən isə fərdi sahibkar X2r. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.

4. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 152.1.3-cü, Mülki Məcəllənin 747-1.1, 747-1.3, 747-1.5-ci, Vergi Məcəlləsinin 140.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarına istinad edərək əsaslandırmışdır.

Şikayətin dəlilləri:

5. İddiaçı “xxxx“ ASC şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur.

7. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ### 2026cı il tarixli qərardadından görünür ki, eyni məzmunlu iddia tələbinə dair iddia ərizəsi məsələnin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı ilə əsaslanaraq iddiaçıya geri qaytarılmışdır.

8. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə etiraz verilməmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilməlidir.

13. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Hazırkı işdə birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmalarını, mübahisənin onların sahibkarlıq fəaliyyətindən irəli gəlməsini əsas götürərək, iddianın kommersiya məhkəməsinə aid olması nəticəsinə gəlmişdir.

15. Qarışıq tərkib qeyd edir ki, iddiaçının kommersiya hüquqi şəxsi, cavabdehin isə fərdi sahibkar statusunda olması mübahisəsizdir.

16. Lakin, yalnız bu hal iddianın kommersiya məhkəməsinə aid olması üçün kifayət etmir, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

17. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisə X3 müqaviləsindən irəli gəlir. Belə ki, hazırkı mübahisədə iddiaçı “xxxx“ ASC ## ### 2024-cü il tarixli X3 Müqaviləsi ilə “X1 Rover” minik markalı, ağ rəngli, **YE*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cəmi 59000 manata 31 aylıq müddətə X2 istifadəsinə vermiş, sonuncu isə bunun müqabilində lizinq ödənişini və lizinq mükafatını qrafik üzrə lizinq verənə ödəməsini öhdəsinə götürmüşdür.

18. Birinci instansiya məhkəməsi qərardadında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinə istinad etməklə, tərəflər arasındakı hüquq münasibətlərinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini göstərmişdir. Lakin, məhkəmənin özünün də istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6cı maddəsinin

19. həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2017-ci il tarixli Qərarında izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1.3-cü maddəsinin tələbləri baxımından lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.

20. Hazırkı halda, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin sahibkar statusuna istinad olunmamış, lizinq obyektinin onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə istifadə olunacağı qeyd olunmamışdır.

21. Həmçinin, lizinq obyektini “X1 Rover” minik markalı avtomobil olmaqla, onun sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi ehtimalı azdır. Belə ki, bu avtomobilin şəxsi və ailə məqsədləri üçün istifadə olunması daha məntiqli görünür.

22. Odur ki, yuxarıda qeyd olunanları və Ali Məhkəmənin Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 11-ci bəndindəki izahı əsas götürməklə, qarışıq tərkib hesab edir ki, cavabdeh fərdi sahibkar statusunda olsa da, mübahisənin xarakteri onların sahibkarlıq münasibətindən irəli gəlmir və bu səbəbdən də, kommersiya mübahisəsi hesab edilməməlidir.

23. Yuxarıda göstərilənləri nəzərə alaraq Qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Xocalı Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iddia mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı ASC-nin cavabdeh X2 qarşı “lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar