Məhkəmə qərarları › İş №e-2(110)-34/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-34/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-34/2024 07.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin məsuliyyətsizliyi ucbatından onun sağlamlığına vurulmuş xəsarət nəticəsində Cavabdeh ona vurduğu mənəvi zərərə görə 9999 manat təminatın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi xx.xx.2019-cu il tarixində dişlərində olan əyriliklərin müalicə edilməsi məqsədilə “İnstaqram” sosial şəbəkəsindən tapdığı doktor Cavabdeh müraciət edib randevu aldığını, xx.xx.2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən “Urud Klinikası”nda fəaliyyət göstərən Cavabdeh dişlərindəki əyriliklərin aradan qaldırılması məqsədilə “breket” qoyması üçün müraciət etdiyini, cavabdeh dişlərinə baxış keçirdikdən sonra məsuliyyəti üzərinə götürdüyünü, müalicə proseduruna başlayarkən rentgen etmədiyini, müalicə müddəti ərzində cavabdehə ümumilikdə 800 AZN ödəniş etdiyini, ödəniş zamanı ona heç bir qəbzin təqdim olunmadığını, prosesin 2021-ci ilin sentyabr ayınadək davam etdiyini, nəticədə dişlərində olan əyriliklərin 2 ildən çox müddət ərzində düzəlmək yerinə içəriyə doğru əyildiyini, ön alt və üst çənəsindəki dişlərin içəriyə doğru əyildikləri üçün özünü daima narahat hiss etdiyini, alt çənəsin ön hissəsindən dişlər çəkildikləri üçün orada bərpa edilə bilinməyən boşluqlar yarandığını, 2021-ci il oktyabr ayında dişində yaranmış çürüklə əlaqədar ünvan 2 ünvanında yerləşən “X4”na müraciət etdiyini, orada fəaliyyət göstərən doktor Mikayılın onun dişlərinə baxış keçirib rentgen etdikdən sonra cavabdeh doktor Cavabdeh ona ciddi zərər vurduğunu bildirdiyini, bu xəbərdən sonra bir daha əmin olmaq üçün Bakı şəh, Nəsimi rayonunda yerləşən “Dental Klinikası”nda fəaliyyət göstərən doktor Anar Həsənova müraciət etdiyini, doktor Anar bəy dişlərinə baxış keçirdikdən sonra ona müalicənin düzgün aparılmadığını bildirdiyini, həmçinin Anar bəy vəziyyətini analiz etdikdən sonra yuxarı və alt çənədə olan dişlərim içəriyə doğru əyildiyini, çənəsində arxa tərəfdən çəkilməli olan (ağıl dişləri) yerinə ön tərəfdən 5 dişin çəkilmiş və nəticədə alt çənədə qalıcı boşluq yarandığını, bu boşluğun aradan qaldırılması üçün isə, ön alt çənəsində olan 5, 6 sağlam dişin çəkilərək implant qoyulması zərurətinin yarandığını, nəticə olaraq bir neçə həkimə müraciət etdikdən sonra cavabdeh doktor Cavabdeh savadsızlığına tam əmin olduğunu, bununla əlaqədar olaraq “Səhiyyə Nazirliyinə” müraciət etdiyini və sorğusuna cavab olaraq cavabdeh doktor Cavabdeh ixtisasca “həkimstomatoloq” olmadığı məktub və elektron məktubun göndərildiyini, onun cərimə olunacağını və bənzər əməlləri törətdiyi üçün əvvəllərdə cərimə olunduğunu bildirildiyini, bundan əlavə ərizəsinə “Urud Klinikasında” cavabdeh olaraq əlavə etmək istədiyini, lakin “Vergilər Nazirliyinin” portalında “Urud Klinikasını” tapa bilmədiyi üçün bununla bağlı “Vergilər Nazirliyinə” sorğu göndərdiyini, cavab olaraq “Urud Klinikasının” vergi ödəyicisi olmadığını, yəni vergi uçotunda olmadığını bildirdiklərini, cavadeh doktor Cavabdeh fəaliyyət göstərdiyi klinikaya yaxınlaşaraq onu məhkəməyə verəcəyi barədə məlumat verdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək bilet əldə edə bilməməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutları məhkəməyə təqdim etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olmadığını, iddianı qəbul etmədiyini, qanuni fəaliyyət ilə məşğul olduğunu, bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəyini bildirdiyini bildirmiş, lakin heç bir sübut təqdim etməmiş, məhkəmə iclaslarına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında “İnstaqram” sosial şəbəkəsi vasitəsilə cavabdeh ilə tanış olduğunu, sonradan klikananın adının “Urud Klinkası” olduğunu bildiyini, cavabdeh qismində klikanı cəlb etmək istəsə də sorğusuna cavab olaraq elə bir klinkanın mövcüd olmadığının müəyyən olunduğunu, bununla bağlı aidiyyəti orqanlara müraciət etdiyini, onlar həmin klinkanın cərimə edəcəklərini bildirdiklərini, həmçinin Səhiyyə Nazirliyindən sorğusuna cavab olaraq Cavabdeh həkim-stomatoloq olmadığının müəyyən olunduğunu, cavabdehin sağlamlığına zərər vurduğunu, breket qoyulması üçün 5 sağlam dişini çəkdiyini, halhazırda breketləri çıxartdığını, lakin heç bir müalicə almadığını, cavabdehin müalicəni düzgün apardığını iddia etdiyini, ikinci dəfə ona müraciət etmədiyini, ona güvəninin qalmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********610400 nömrəli məktubundan görünür ki, uçot məlumatlarında “X3” adlı vergi ödəyicisi haqqında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1”nin xx.xx.2023-cü il tarixli 3-28-1/2-A-10-31-248/2023 nömrəli məktubundan görünür ki, “Urud” stomatoloji klinikasının həkimi Cavabdeh barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” publik hüquqi şəxsində cari ilin yanvar-fevral aylarında sözügedən ünvanda plandankənar yoxlama keçirilmiş, Cavabdeh ixtisasca həkim-stomatoloq olmadığı müəyyən edilmiş, aşkar edilmiş digər nöqsanlar və inzibati məsuliyyət yaradan pozuntularla bağlı müvafiq tədbirlər görülmüşdür. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024-cü il tarixli 07 mömrəli rəyindən görünür ki, İddiaçı müayinəsi zamanı-ağız boşluğunda 26 dişi olduğu və beş dişin yerində olmadığı müəyyən olunmuş, dişləmənin isə tam dişləməyə uyğun olduğu, qeyd olunan dişlərdə ciddi deformasiya “Patalogiya” aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı dişlərindəki əyriliklərin aradan qaldırılması məqsədilə “breket” qoyulması üçün Cavabdeh müraciət etmişdir. İddiaçı müalicə nəticəsində dişlərində bərpa edilə bilinməyən deformasiyalar yarandığı və ciddi zərər dəyməsi səbəbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə tibb ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasən iddiaçının dişlərində ciddi deformasiya aşkar olunmadığı müəyyən olunmuşdur. İddiaçı həmçinin mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırsa da bununla bağlı da sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehə telefonoqram göndərilən zaman iddianı qəbul etmədiyini bildirmişdir. Cavabdeh lisenziya əsasında tibb fəaliyyəti ilə məşğul olduğunu bildirsə də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın rədd olmaması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir... Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər (həmin plenum qərarının 4-cü bəndi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (həmin plenum qərarının 8-ci bəndi). İş üzrə mənəvi zərərə görə kompensasiyanın tələb olunması iddiaçının sağlamlığına iddia olunan zərərin vurulması ilə əlaqədar olduğundan, həmin hallar məhkəmə araşdırması zamanı ekspert rəyi sübut oluna bilmədiyindən, iddia olunan mülki hüquq pozuntusundan asılı olan mənəvi zərərin əvəzinin ödənilməsi tələbini də məhkəmə əsassız hesab edir. Bundan başqa, iş üzrə iddiaçı ona mənəvi zərər vurulduğunu qeyd etsə də, onun nədə ifadə olunmasını da sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar