Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-363/2025 19.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun ödənilməsi" iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinəhüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 474.04 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********31 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra - Standart Şərtlər), habelə Standart Şərtlərin 27-ci bəndində əks olunan Tam Kart bölməsinin Tam Kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Sabunçu filialının müştərisi olanCavabdeh sözügedən müqavilə əsasında ona təqdimedilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək ümumi olaraq, 456.64 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Daha sonra isə 1.38 manat məbləğində mədaxil olunmuşdur. Yekun olaraq, hesabından artıq 455.26 manat məbləğində vəsaitin məxaric edilməsinə nail omuşdur. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 474.04 manat borcu mövcuddur. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 474.04 manat borcu olmuşdur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən Dövlət rüsumunun ödənilməsi haqqında məlumat öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASCnin Sabunçu filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü tarixli BPM**********31 saylı Tam kart Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC (bundan sonra - ABB) ilə Cavabdeh (bundan sonra - Müştəri və/və ya Borc alan) arasında sonuncunun adına ABB tərəfindən İkitərəfli ödəniş kartının (ön tərəfi debet və ya əmək haqqı kartı, arxa tarafi kredit kartı; bundan sonra - "Tam kart" adlanacaq) buraxılmasına, Müştərinin adına bank hesablarının (debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı, kredit kartına bağlı olan kart hesabı; bundan sonra birlikdə - "Hesab" və ya "Hesablar" adlanacaq. kredit xəttinin (bundan sonra "Kredit" və ya "Kredit xətti" adlanacaq) açılmasına, Müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan İstifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış Kreditdən 6-cı bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Həmin Müqavilənin 1, 5, və 6-cı bəndlərinə əsasən Tam kart 5 il müddətinə, 15000 (on beş min) manat məbləğində limitlə, şəxsi ehtiyacların ödənilməsi / istehlak məqsədləri üçün tam karttan sahibkarlıq fəaliyyəti ilə bağlı hesablaşmaların və ya üçüncü şəxslərin ödənişlərinin (bu ödənişlər sui-istifadə hallarına yol verilərək süni yolla cashback qazanmaqla nəticələndikdə) həyata keçirilməsi qadağan olmaqla verilir. Həmin Müqavilənin 9.6-cı bəndinə əsasən Müştəri təsdiq edir ki, Standart Şərtlərdə nəzərdə tutulmuş şərtlərlə Texniki overdraft baş verdiyi təqdirdə mövcud Kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada Texniki overdraft məbləği qədər Kredit xətti məbləğinin artırılmasına, Kredit xətti mövcud deyilsə, başlanılma (Texniki overdraftın yarandığı gün) və bilmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada Texniki overdraft məbləği qədər Kredit xətti təyin edilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin 2.1-ci bəndinə əsasən ABB tərəfindən Müştərinin adına milli və / və ya xarici valyutalarda cari hesab(lar)ın açılması, qanunvericilikdə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla Hesaba daxil olan pul vəsaitinin mədaxil edilməsi, açılmış Hesabdan müvafiq məbləğlərin köçürülməsi, verilməsi və Hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamları yerinə yetirilir. Müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. Həmin şərtlərin 27.2-ci bəndlərinə əsasən müştəriyə bu müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq ayrılmış Kredit xətti daxilində Tam kartdan banka məxsus POS–terminallar vasitəsilə bankın Partnyor şəbəkəsi subyektlərində (siyahısı Bankın rəsmi internet səhifəsi WWW.ibar.az-da və/və ya Tam kartın rəsmi internet səhifəsi WWW.tamkart.az-da yerləşdirilmişdir) istifadə olunan zaman məhsul və xidmətlərin dəyəri 24 (iyirmi dörd) ayadək bərabər hissələrə bölünərək faizlər hesablanmadn ödənilməsi (bundan sonra Taksit əməliyyatları adlanacaq) imkanı yaradılır. Həmin şərtlərin 27.12.1-ci bəndlərinə əsasən ön tərəfi debet və ya əmək haqqı kartı, arxa tərəfi kredit kartı olan Tam karta münasibətdə Müştəri tərəfindən Kredit xəttinin açılması sifariş verildikdə və ABB Müştəriyə Kredit xəttinin açılımasına dair müsbət qərar qəbul etdikdə bu barədə ABB ilə Müştəri arasında "Kredit xətti üzrə məbləğin təyin edilməsinə dair Razılaşma" (bundan sonra "Razılaşma" adlandırılacaq) imzalanır. Razılaşmada kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatları göstərilir və Razılaşma Kredit xəttinin açılmasını təsdiq edən sənəd kimi çıxış edir. Hər iki növ Tam kartda Müştəri tərəfindən Kredit xəttinin qüvvədə olduğu müddətdə Kredit xəttinin məbləğinin dəyişdirilməsi (artırılması/azaldılması) barədə ABB-yə müraciət daxil olduqda və ABB Kredit xəttinin məbləğinin dəyişdirilməsinə dair müsbət qərar qəbul etdikdə bu barədə yeni Razılaşma (mövcud Razılaşma yeni redaksiyada təsdiq olunur) imzalanır. Razılaşmada kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatları göstərilir və Razılaşma Kredit xəttinin məbləğinin dəyişdirilməsini təsdiq edən sənəd kimi çıxış edir. İş materiallarına əlavə olunmuş əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 456.64 manat məbləğində pul çıxarılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023 - xx.xx.2025-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2021-ci il tarixli əsasız varlanmaya dair arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh Banka 455.26 (dörd yüz əlli beş manat iyirmi altı qəpik) manat əsas borc, 18.78 (on səkkiz manat, yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 474.04 (dörd yüz yetmiş dörd manat, dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30.00 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıqdan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər; - 954.3-ci maddəsinə görə bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz; - 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır; - 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır; - 960.2-ci maddəsinə tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. İlk öncə məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası olmadan, yəni Bank sistemində baş vermiş texniki xətadan istifadə edərək xx.xx.2024-cü il tarixdə 456.64 manat məbləğində pul vəsaitini onun adına Bank tərəfindən açılmış hesab vasitəsilə çıxarmaqla əsassız varlanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh həmin məbləğin 1.38 manatını iddiaçıya geri qaytarmış və haliyədə onun Banka 455.26 manat borcu mövcuddur. Eyni zamanda cavabdeh 455.26 manat məbləğində pul vəsaitini Banka geri qaytarmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçı pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Eyni zamanda məhkəmə iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 18.78 manat məbləğində pulun tutulması ilə əlaqdar qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslılıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur... Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30.0 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də məhkəmə qeyd edir ki, xx.xx.2023-cü tarixli BPM**********31 saylı Tam kart Müqaviləsinə əsasən Cavabdeh 474.04 (dörd yüz yetmiş dörd manat dörd qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 504.44 (beş yüz dörd manat qırx dörd qəpik) manat məbləğində pul alınaraq ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü tarixli BPM**********31 saylı Tam kart Müqaviləsinə əsasən Cavabdeh 474.04 (dörd yüz yetmiş dörd manat dörd qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 504.44 (beş yüz dörd manat qırx dörd qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-363/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-363/2025
19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver