Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-503/2023 12.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladları xx.xx.2009cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün uşaqların hər birinə hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavdehlə 2008-ci ildə evləndiklərini, birgə yaşadıqları müddətdə xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 doğulduğunu, xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfatı idarə etmədiklərini, cavabdehin uşaqların saxlanmasına heç bir köməklik etmədiyini, özünün heç bir yerdə işləmədiyini, başqa yerdən qazancının olmadığını, cavabdehin fərdi işlə məşğul olduğunu, onun aylıq qazancının 1500-2000 manat təşkil etdiyini, uşaqların saxlnamasında köməklik etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin iddiaçıya telefonoqram göndərilərək Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışa əsasən Cavabdeh qarşı uşaq tələbi ilə bağlı iddia qaldırdığından uşaqların onun yanında qalması ilə bağlı sübutları məhkəməyə təqdim etməsi təklif edilmiş, iddiaçı yetkinlik yaşına çatmayan X2 atası ilə, digər uşağın isə özü ilə birlikdə yaşadığını bildirmişdir. Cavabdehə telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, uşaqların birinin onun yanında yaşadığını, digərinin isə bütün ehtiyaclarını özünün qarşıladığını bildirdirmişdir. Lakin bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi və Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cı il tarixli, AZ-İİİ № 661590 nömrəli və xx.xx.2016-cı il tarixli, AZİİİ-№ 751239 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xadimə işləyir və aylıq 200 manat əmək haqqı alır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, 2(110)-502/2023 nömrəli mülki iş üzrə iddiaçı cavabdehə qarşı X2 atadan alınıb ananın himayəsinə verilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflərin birgə yaşadıqları müddətdə 2 uşaqları doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar. Uşaqlardan xx.xx.2016-cı il təvəllüdlü X2 atasının yanında, xx.xx.2009-cu il təvəllüdlü X1 anasının yanında yaşaması işin mübahisəsiz halıdır. Yəni tərəflər bu halları təsdiq etmişlər. İddiaçı xadimə işləyir və aylıq qazancı 200 manatdır. İş üzrə iddiaçı cavabdehin usta işlədiyini və aylıq qazancının 1500-2000 manat olduğunun bildirmiş, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə özününü ananın yanıda qalan uşağın saxlanmasında iştirakı ilə bağlı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin məhkəmə işin hallarını nəzərdən keçirib Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini, uşağın birinin atasının, digərinin anasının yanında yaşamasını, lakin iddiaçının 200 manat əmək haqqı almaqla qazancının aşağı olmasını, cavabdehin gəlirləri barədə sübut olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən iş üzrə Mülki- Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,16 manat (iyirmi üç manat, on altı qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Xanlıqlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2009cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı ünvan 1 ünvanında yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 23,16 manat (iyirmi üç manat, on altı qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-503/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-503/2023
12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver