Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-904/2025 26.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X8 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, Müəyyən etdi: Tələb:
1. İddiaçı nümayəndəsi – Vəkil vasitəsilə məhkəməyə müraciət edərək, övladları-04 mart 2019-cu il təvəllüdlü X5 və 13 avqust 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh onun qazancının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 29 aprel 2016-cı il tarixdə nikaha daxil olmuş və bu nikah Şərur Rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından iki övladları – 04 mart 2019-cu il təvəllüdlü X5 və 13 avqust 2020ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Cavabdeh hazırda Sahil Mühafizəsi Sumqayıt Sahil Nəzarəti bölməsində nəzarətçi vəzifəsində çalışır. O, bir ildən artıq müddətdir ki, Naxçıvan Muxtar Respublikasına gəlmir və 2024-cü ilin noyabr ayından etibarən ailəsinin maddi tələbatını təmin etmir. İddiaçı hazırda kirayədə yaşayır və uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Onun əldə etdiyi gəlir yalnız gündəlik və cüzi tələbatları qarşılamağa kifayət edir. Bu səbəbdən iddiaçı, yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün cavabdehin qazancının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl Naxçıvan Şəhər Mediasiya Təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiya iclasında iştirak etmədiyindən bu barədə təşkilat tərəfindən müvafiq arayış tərtib olunmuşdur.
Tərəflərin izahatları:
3. İddiaçının nümayəndəsi-Vəkil xx.xx.2025-ci ildə məhkəməyə məlumat göndərərək xx.xx.2025-ci ildə keçiriləcək məhkəmə baxış iclasına üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri üçün onların iştirakı olmadan məhkəmə baxış iclasının keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. AZ-İ № 882148 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2016-cı il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 103 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvad “Məmmədova” soyadı verilmişdir.
8. Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 684738 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Şəhadətnamənin “Ata” qrafasında Cavabdeh, “Ana” qrafasında İddiaçı qeyd edilmişdir.
9. Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 684739 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Şəhadətnamənin “Ata” qrafasında Cavabdeh, “Ana” qrafasında İddiaçı qeyd edilmişdir.
10. X1 xx.xx.2025-ci il tarixli, MŞN/25-M-00571 nömrəli arayışın surətindən görünür ki, iddiaçı alimentin təyin olunması barədə X1 müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.
11. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları üzrə çıxarışdan görünür ki, Cavabdeh işləməsi və əmək haqqı alması barədə məlumat yoxdur.
12. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş iddiaçının gəlir məlumatları üzrə çıxarışdan görünür ki, İddiaçı işləməsi və əmək haqqı alması barədə məlumat yoxdur.
13. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan görünür ki, onun hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağı yoxdur.
İşin faktiki halları:
14. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların nikahı pozulmamışdır, lakin tərələr faktiki ayrı yaşayırlar. Birgə nikahlarından 04 mart 2019-cu il təvəllüdlü X5 və 13 avqust 2020-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı ilə yaşayır. Hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
16. “Uşaq Hüquqları haqqında” Konvensiyasının:
3-cü maddəsin əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
19.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: 8.1-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2-ci bəndində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Məhkəmənin mövqeyi: 20.Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
21. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən iddiaçının cavabdehə qarşı yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentin tutulması ilə bağlı tələb hüququ vardır.
22. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğlulmuş yetkinlik yaşına çatmamış 04 mart 2019-cu il təvəllüdlü X5 və 13 avqust 2020-ci il təvəllüdlü X6 hazırda iddiaçının yanında qaldıqlarından və cavabdeh uşaqlarının saxlanmasında iştirak etmədiyindən uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır.
23. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
24. Məhkəmə, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan 04 mart 2019-cu il təvəllüdlü X5 və 13 avqust 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir.
25. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalı və qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır.
27. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği-30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi olmalıdır.
Məhkəmə xərcləri:
28. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı barədə məhkəməyə hər hansı bir rəsmi sübut təqdim edilmədiyindən və bu da özü-özlüyündə bir il ərzində ödənilməli olan alimentin miqdarının müəyyən edilməsində çətinlik yaratdığından məhkəmə belə hesab edir ki, cavabdehin vəziyyəti ağırlaşdırıla bilməz və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qiymətləndirilən iddia tələbinə dair iddialar üzrə dövlət rüsumunun ən aşağı məbləği əsas götürülməklə, ondan 30 (otuz) manat məbləğində dövlət rüsum tutulmalıdır.
Nəticə:
29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki: -İddia təmin edilməli; -Cavabdeh 04 mart 2019-cu il təvəllüdlü X5 və 13 avqust 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməli; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; -Məhkəmə xərci olaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 04 mart 2019-cu il təvəllüdlü X5 və 13 avqust 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Məhkəmə xərci olaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Abil Orucəliyev