Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-104/2025 17.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Qarabağlar kənd icra nümayəndəliyində bağlanmış nikahın pozulması, övladları X4 və X3 onun yanında saxlanması və Cavabdeh övladları X4 və X1 üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 240 manat, cəmi 480 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə Qarabağlar kənd İcra Nümayəndəliyində nikah bağlamışlar. Həmin nikahdan iki övladı xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 vardır. Ailə qurduqdan sonra ilk vaxtlar cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, aralarında tez-tez mübahisələr baş vermiş, daha doğrusu Cavabdehlə bundan sonra ailə həyatlarını davam etdirmək mümkün deyildir. Cavabdeh ilə birgə nikahdan doğulmuş övladların kimin yanında yaşaması barədə razılıq əldə olunmamışdır. Ata uzun illərdir ki, övladları ilə maraqlanmadığından, onların üstün mənafeyi naminə uşağın yaşayış yeri anasının yanında müəyyən olunmalıdır. Məhkəməyə müraciət etməmişdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh tərəf heç bir səbəb göstərmədən mediasiya posesində iştirak etməmişdir. Məhkəmədə iştirak edən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun verdiyi izahatında iddianı müdafiə etdiyini, cavabdehlə 2009-cu ildə evlənsələr də 2011-ci ildə nikahlarını rəsmiləşdirdiklərini, rəsmi nikahdan 2011-ci ildə Hüseynli Cavad və 2014-cü ildə Hüseynov Elməddin adlı uşaqlarının doğulduğunu, cavabdehin spirtli içki qəbul etməsi, ona əl qaldırması, özünə zərərə yetirməsi səbəbindən ailə münasibətlərinin pozulduğunu, artıq 6- 7 ildir ki, ayrı yaşadıqlarını, uşaqların da onun yanında qaldıqlarını, cavabdehin uşaqları ilə maraqlanmadığını, onların saxlanılmasına heç bir köməklik göstərmədiyini, barışıq üçün verilmiş 3 ay vaxt ərzində aralarında heç bir barışıq olmadığını, boşanmaq barədə fikrinin qəti olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəməyə məlum olan ünvanına məhkəmə bildirişi göndərilməklə xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə iddiaçının iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfdən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli nikah akt qeydindən çıxarışa əsasən Cavabdeh ilə X9 arasında 16 iyun 2011-ci il tarixdə Kəngərli Rayon Qarabağlar kənd İcra Nümayəndəliyində nikah bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada "Hüseynova" soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli doğum akt qeydindən çıxarışlara əsasən iş üzrə tərəflərin 13 iyun 2011-ci il təvəllüdlü X7 və 23 avqust 2014-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia nikahın pozulması tələbinə dair hissədə təmin edilərək tərəflər arasındakı nikah pozulmalıdır. Çünki tərəflərə barışıq üçün verilən vaxt ərzində onlar barışmamışlar. Məhkəmə tərəfindən tərəflərin ailə münasibətlərinin pozulması, faktiki olaraq ayrı yaşadıqları, aralarında olan nikahın formal xarakter daşıdığı, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə tərəflər arasında bağlanmış nikahı pozarkən nikahın könüllülük prinsipi əsasında bağlanmasını əsas götürür. İddiaçı tərəfin təkidlə nikahın pozulmasını tələb etməsi həmin nikahın pozulması üçün əsas verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 22.2-ci maddəsinin tələbinə əsasən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməzlərsə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflər məhkəməyə yuxarıda göstərilən məzmunlu saziş təqdim etmədiklərinə görə yuxarıda göstərilən məsələləri müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları - 13 iyun 2011-ci il təvəllüdlü X7 və 23 avqust 2014-cü il təvəllüdlü X5 tərbiyə olunması, sağlamlıqlarının, psixi, fiziki, mənəvi inkişaflarının təmin edilməsi üçün anaları İddiaçı yanında qalmalıdırlar. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda da analarının himayəsindədirlər və yetkinlik yaşına çatmayan uşaqların ana nəvazişinə və qayğısına daha çox ehtiyacı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə iddianın aliment tələbinə dair hissəsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia aliment tələbinə dair hissədə qismən təmin edilərək məhkəməyə müraciət olunduğu 26 fevral 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 180 manat aliment tutularaq 13 iyun 2011-ci il təvəllüdlü X4 və 23 avqust 2014-cü il təvəllüdlü X1 üçün İddiaçı ödənilməli, Kəngərli Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(111)-104/2025 saylı alimentin müvəqqəti tutulması barədə qərardadı ləğv edilməli, aliment tutularkən Kəngərli Rayon Məhkəməsinin həmin qərardadı əsasında aparılmış aliment ödənişləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə aliment təyin edərkən hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alır. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat təşkil edir. Qeyd olunan 180 manat məbləğ göstərilən 400 manat minimum əmək haqqı məbləğinin (180:400) 0,45 mislini təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin faktiki hallarına, yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair iddiası qismən təmin edilməli, tərəflər arşındakı nikah pozulmalı, iş üzrə yetkinlik yaşına çatmayan uşaqlar analarının yanında qalmalı və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edildiyi 26 fevral 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 180 manat, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına uyğun olaraq sonrakı artımlar nəzərə alınmaqla 2025-ci ildə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının 0,45 misli miqdarında aliment tutularaq 13 iyun 2011-ci il təvəllüdlü X4 və 23 avqust 2014-cü il təvəllüdlü X1 üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə isə rədd edilməlidir. Məhkəmə nikahın pozulması dövlət qeydiyyatına alınarkən ödənilməli olan dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumu məbləği - 20 (iyirmi) manat iş üzrə Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı ailə qanunvericiliyinin xüsusiyyətlərini və nikahın könüllülüyü prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16 iyun 2011-ci il tarixdə Kəngərli Rayon Qarabağlar kənd İcra Nümayəndəliyində (İƏDÜN) bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddiaçı bu rüsumu ödəməkdən azad edilsin. İş üzrə tərəflərin uşaqları - 13 iyun 2011-ci il təvəllüdlü X7 və 23 avqust 2014-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalsınlar. 26 fevral 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq 13 iyun 2011-ci il təvəllüdlü X4 və 23 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Kəngərli Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(111)-104/2025 saylı alimentin müvəqqəti tutulması barədə qərardadı ləğv edilsin. Aliment tutularkən həmin qərardad əsasında aparılmış aliment ödənişləri nəzərə alınsın. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-104/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-104/2025
17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver