Məhkəmə qərarları › İş №e-2(111)-136/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-136/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-136/2025 07.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu İddiaçı X1 nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib Kəngərli Rayon Məhkəməsinin inzibati binasında məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edərək müəyyən etdim: İddiaçı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X3 arasında nikah akt qeydinə xitam verilməsi, birgə nikah dövründə doğulmuş X2 onun himayəsində saxlanılması, cavabdehdən hər ay 500 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı dövlət rüsumunun ödənilməsi barədə və ya dövlət rüsumunu ödəməkdən azad olunma barədə sənədi iddia ərizəsinə əlavə etməmiş, həmçinin iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə riayət olunmamış, iddia ərizəsində cavabdehin kim olduğu, onun şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Ona görə də iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin normanın tələbindən görünür ki, sözügedən prosessual sənəddə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı),yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş qaydada iddia ərizəsinin forma və məzmununa riayət etməmiş, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.5-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalı, eyni zamanda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2, 152.3, 152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı X1 nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar