Məhkəmə qərarları › İş №e-2(111)-289/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-289/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-289/2024 11.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X10 Ədalət oğlunun sədrliyi, Qurbanəliyeva Günel Bayram qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadeh Cavabdeh 19 noyabr 2017-ci il tarixdə doğulmuş X4 və 24 avqust 2019cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 235 manat olmaqla iki uşağa cəmi birlikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə 09 dekabr 2013-cü il tarixdə Kəngərli rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirərək ailə qurduğunu, həmin nikahdan iki nəfər övladının doğulduğunu, X7-xx.xx.2017-ci il təvəllüdlü, X6xx.xx.2019-cu il təvəllüdlü. Cavabdehlə ailə münasibətlərinin əvvəllər normal olduğunu, lakin son vaxtlar baldızı Aişənin ailə işlərinə tez-tez müdaxilə etdiyindən ailədə problemlər yaranmağa başladığını. Sonuncu dəfə 19 sentyabr 2024-cü il tarixdə onu döyüb, atası evinə gətirdiyini, həmin günün səhəri onu valideynlərinin Səftərgilə gətirdiyini və Səftərdən bizim qızımızın günahı nədi deyə soruşduqlarını, onun isə “mən boşanmaq istəyirəm, qızınızı götürün aparın” dediyini, valideynlərinin uşaqlarla birlikdə oradan gətirmək istəyəndə Səftər qızı Arzunu saxladı ki, Siz gedin özüm gətirəcəm. Gələndən sonra 25 sentyabr 2024-cü il tarixdə Səftər Arzunu gətirib küçədən evə buraxıb getdiyini, Səftərin həmin vaxtdan indiyə kimi uşaqlara hər hansı bir maddi köməklik göstərmədiyini, halhazırda iki övladı ilə birlikdə 25 sentyabr 2024-cü il tarixdəndir ki, atası evində yaşadığını, özünün heç bir yerdə işləmədiyini, tək qadın olaraq övladlarının saxlanılmasında çətinlik çəkdiyini, hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunduğunu və bu da ailə büdcəsinə təsir etdiyini, bu səbəbdən də övladlarının saxlanması, inkişafı və gələcəyi üçün Cavabdeh sabit məbləğdə aliment ödəməsini istədiyini, Səftərin "xxxx" MMC-nin işçisi kimi hazırda Gürcüstan Respublikasında ekskavator sürücüsü işlədiyini və yüksək məbləğdə qazanc əldə etdiyini, X2 aliment tələbi barədə müraciət etsə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən orada məsələ öz müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etməyin tövsiyə olunduğunu, İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməyərək, vəkil və nümayəndə ilə təmsil olunmuşdur. İş üzrə iddiaçının vəkili və nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, Ağır Cinayətlər Məhkəməsində başqa işlərinin olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunmmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, cavabdehin qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə sənədi cavabdehin atasına təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan AZ-İİİ 962792 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarında olan AZ-lV 168437 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2019-cu il tarixdə doğulmuş X3 valideynləridir. İş materiallarında olan AZ-l 690880 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2013-cü il tarixdə Kəngərli Rayon Qeydiyyat Şöbəsində 191 nömrəli qeydlə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Qıvraq qəsəbə İƏDÜN-in 23 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, X1 rayon Qıvraq qəsəbəsində qeydiyyatdadır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından xx.xx.2017-ci il tarixdə X7 və xx.xx.2019-cu il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayır və yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh uşaqların saxlanmasında maddi köməklik etmir və iddiaçı isə uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, cavabdehin gəlirləri barədə heç bir məlumat olmasa da, iddiaçının cavabdehin gəlirləri ilə bağlı göstərdiklərini nəzərə alaraq hesab edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 63,20 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 63,20 manat (altmış üç manat iyirmi qəpik) məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar