Məhkəmə qərarları › İş №e-2(111)-47/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-47/2024

02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-47/2024 02.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Peugeot Partner” markalı **-OK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1215 manat məbləğində vəsaitin, 32.60 manat dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2019-cu il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “VAZ 21214” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Peugeot Partner” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta müqaviləsinin 073511 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İDSB) çıxarışdan göründüyü kimi Cavabdeh oğlunun idarə etdiyi “VAZ 21214” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır.İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Peugeot Partner” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1215 AZN (min iki yüz on beş manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq iş materiallarına əlavə edilmiş 110097 nömrəli ödəniş tapşırığına əsasən “Peugeot Partner” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X3 1215 AZN (min iki yüz on beş manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli AP seriyalı ******* saylı protokoldan və xx.xx.2019-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh oğlu İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlarda da şəxsən özü hadisə yerindən yayınmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- Sabunçu rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli, AP ******* nömrəli protokolundan və xx.xx.2019-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 20:20 radələrində “VAZ 21214” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən Cavabdeh Ramana qəsəbəsi Gülçülük Sovxozunda hərəkətdə olarkən manevr qaydasını pozaraq üzbəüz hərəkətdə olan “Peugeot Partner” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. Nəticədə hadisə ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək barəsində inzibatı xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh 100 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh, hadisə nəticəsində zərərçəkən şəxs isə X4r. “İcbari Sığorta Müqavilələlərinin Yoxlanılması”na dair çıxarışdan görünür ki, “VAZ 21214” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. xx.xx.2019-cu il tarixli nömrəli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Peugeot Partner”” markalı **-OK-*** dövlət nömrə nişanlı avtomobilin zərəri qiymətləndirilmiş və cəmi 1215 manat müəyyən edilmişdir. X1 Şəhadətnaməsindən görünür ki, “VAZ 21214” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r. xx.xx.2019-cu il tarixli, 818131 nömrəli etibarnamədən görünür ki, “VAZ 21214” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ X6 tərəfindən Cavabdeh verilmişdir. xx.xx.2019-cu il tarixli 10097 nömrəli ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1215 manat məbləğində vəsait X2 hesabına köçürülmüşdür. PAT ********** nömrəli sığorta müqaviləsinin 073511 nömrəli sığorta aktından görünür ki, faydalanan şəxs “Peugeot Partner” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. xx.xx.2019-cu il tarixli, 4142-19 nömrəli məktubdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-yə olan borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən iş üzrə 32.15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Mehdiyev X7 rayon Qarabağlar kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə vardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Beləliklə, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 20:20 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21214” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ramana qəsəbəsi Gülçülük Sovxozunda hərəkətdə olarkən manevr qaydasını pozaraq üzbəüz hərəkətdə olan “Peugeot Partner” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə ilə bağlı Cavabdeh təqsirli bilinmiş, “Peugeot Partner”” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1215 manat ziyan dəymiş, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 1215 manat sığorta haqqı ödənilmişdir. Bununla da, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmış və qeyd edilən 1215 manat dəymiş ziyan məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə iddianın qaldırılmasına səbəb olmuş inzibati xəta hadisəsində zərərvuran Cavabdehdur və zərərçəkənə sığorta şirkəti tərəfindən ödənilən müvafiq pul məbləği sığorta şirkətinə Cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin subroqasiya üzrə 1215 manat pul vəsaitinin qaytarılması hissəsi əsaslı olduğundan təmin edilməlidir. İddianının ödənilmiş 32.60 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi qismən təmin olunaraq cavabdehdən 32.15 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçının cavabdehdən 32.60 manat məbləğində dövlət rüsumunun tələbi iş materiallarında öz təsdiqini tapmamış, xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən iş üzrə 32.15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1215 manat sığorta ödənişinin əvəzi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 32.15 manat dövlət rüsumu olmaqla, cəmi 1247.15 (min iki yüz qırx yeddi manat, on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar