Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-100/2024 11.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayanların ananın himayəsindən alınaraq nənənin himayəsinə verilməsi tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh himayəsində olan, onunla X3 birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X2 cavabdehin himayəsindən götürülərək nənələri İddiaçı himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X6 2005-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. X6 xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirmişdir. Bundan sonra hər iki yetkinlik yaşına çatmayan şəxs analarının himayəsində qalmışlar. İddiaçının keçmiş gəlini və yetkinlik yaşına çatmayanların anası Cavabdeh yüngül həyat tərzi keçirməyə başlamış, tez-tez uşaqları evdə tək qoyaraq günlərlə evi tərk etmiş, bəzən isə gecə vaxtları evi tərk edərək evə gəlməmiş, yetkinlik yaşına çatmayan qızı Yusifova Leylanı gecə radələrində sinif yoldaşıgildə qoyaraq və ya özü ilə birlikdə yad insanların evlərinə aparmaqla uşaqların təlim və tərbiyəsi, təhsili ilə, onların nə ilə qidalanması ilə maraqlanmamış, bunun da nəticəsində yetkinlik yaşına çatmayan X8 Bakı şəhəri, Zığ qəsəbəsində faktiki yaşadıqları evdən qaçaraq İddiaçı faktiki yaşadığı Tovuz rayonundakı evinə gəlmişdir və bir ildən artıq müddətdir ki, orada iddiaçı ilə birlikdə yaşayır. İddiaçı Ömərin bütün maddi tələbatlarını qarşılayaraq, onun təhsili ilə bağlı bütün xərcləri çəkir və hazırda X8 orta təhsilini də iddiaçının yanında qalmaqla davam etdirir. Digər yetkinlik yaşına çatmayan X5 isə anasının hərəkətlərindən bezərək iddiaçının qızının evinə, yəni bibisigilə qaçıb gəlmişdir. Bununla kifayətlənməyərək Cavabdeh yetkinlik yaşına çatmayanların evdə olmamasını fürsət bilərək vaxtı ilə iddiaçının Gəncə şəhərində yerləşən və xx.xx.2017-ci il tarixində satdığı mənzildən əldə olunmuş vəsaitlə Bakı şəhəri Suraxanı rayonu 43 saylı sahədə nəvələrinin yaşaması aldığı 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş 3 (üç) otaqlı fərdi yaşayış evini xx.xx.2023-cü il tarixində X1 64 000 manata (faktiki olaraq 75 000 manata) sataraq naməlum istiqamətdə getmişdir. Bu barədə yalnız iddiaçının qızları yetkinlik yaşına çatmayan Yusifova Leylanı evlərinə geri aparmaq istərkən evdə artıq kənar şəxslərin yaşadığını müəyyən edərək xəbər tutmuşlar. Cavabdeh ərinin ölümündən sonra himayəsində qalmış iki yetkinlik yaşına çatmayan övladının qarşısında valideyn olaraq Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş vəzifələrini nəinki icra etməmiş, həmçinin uşaqların yaşayış yeri olan fərdi evi sataraq övladlarının harada yaşayacağı ilə belə maraqlanmamışdır. Cavabdehin hərəkətləri uşaqların fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməklə yanaşı, onların təhsildən ayrı düşmələrinə və nəzarətsiz qalmalarına səbəb olmuşdur. Cavabdeh dövlət tərəfindən ailə başçısının ititrilməsinə görə aldığı pensiyanı da öz şəxsi tələbatları ilə bağlı xərcləyərək, həmin vəsaitdən uşaqların saxlanılması üçün, onların qidalanması, məişət tələbatları ilə bağlı və digər ehtiyacları üçün xərcləməmişdir. Odur ki, Cavabdeh himayəsində olan, onunla X3 birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X2 cavabdehin himayəsindən götürülərək nənələri İddiaçı himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddianını təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi, Vəkil2 iddia tələbini qəbul etməyərək iddianını təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İşdə olan AZE 12019406 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X11, anası Cavabdehdir. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-1/2-03/2216/2023 saylı xx.xx.2023-cü il tarixli rəyindən qeyd edilir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 nənəsi İddiaçı, 31.05 2009-cu il tarixdə anadan olmuş X2 anası Cavabdeh himayəsinə veri məsini məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə baxışı zamanı pedaqoqun iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 izahatında göstərmişdir ki, 14 yaşı var. 9-cu sinifdə oxuyur. Anası ilə birlikdə Bakı şəhərində yaşayır. Qardaşı Ömər hal-hazırda nənəsi Sahibə ilə birgə yaşayır. Qardaşı anası evi nənəsinin adına vermədiyi üçün anası ilə yaşamaq istəmir. O, isə anası ilə yaşamaq istəyir. Məhkəmə baxışı zamanı pedaqoqun iştirakı ilə dindirilmiş xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 izahatında göstərmişdir ki, Atası vəfat etmişdir. Atasının vəfatından sonra anası onunla maraqlanmamışdır. 2021-ci ildən anasının yanından çıxaraq əvvəlcə bibisinin, sonra isə nənəsi Sahibənin yanında yaşamışdır. Hazırda nənəsi Sahibənin yanında Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayır və orada məktəbə gedir. Nənəsi ilə yaşamaq istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi, uşaqlar xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 və bacısı xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 atası vəfat etmişdir. Sonradan uşaqlar ana himayəsindən məhrum olmuş və uşaqlar 2021-ci ildə əvvəlcə bibilərinin yanına getmiş, sonradan nənələri Sahibənin yanına gəlmişlər. Bir müddətdən sonra uşaqlardan X5 yenidən anasının yanına qayıtmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsindən də, göründüyü kimi uşaqlar uzun müddət ana himayəsindən məhrum olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114-cü maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkar edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla 1 (bir) ay müddətində həmin uşaqların bu Məcəllənin 116-cı maddəsinə uyğun olaraq yerləşdirilməsini təmin edir. Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir. Həmin məcəllənin 116.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 114.1-ci maddəsində qeyd olunan uşaqlar barədə məlumatı aldıqdan sonra 3 (üç) iş günü müddətində uşağın və onun ailəsinin həyat şəraitini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə ilkin qiymətləndirilməni həyata keçirir. Həmin məcəllənin 116.2-ci maddəsinə əsasən, ilkin qiymətləndirmə nəticələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın ailəsinin olmamasını və ya ailədə qalmasının qeyri-mümkünlüyünü müəyyən etdikdə, onun bu Məcəllənin 116.6–116.8-ci maddələrinə uyğun olaraq yerləşdirilməsi barədə, uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının və yaxud ailəsində qalmasının mümkünlüyünü müəyyən etdikdə, 14 (on dörd) iş günü müddətində əlavə qiymətləndirmənin aparılması və ailə inkişaf planının tərtibi barədə qərarlardan birini qəbul edir. Göründüyü kimi, ailə qanunvericiliyi valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsini müvafiq icra hakimiyyəti orqanın üzərinə qoymuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi uşaqlar onun nəvələri olmaqla valideyn himayəsindən məhrum olmuş uşaqlardır. İddiaçı bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və müvafiq icra hakimiyyəti orqanı həmin uşaqların yerləşdirilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayanların ananın himayəsindən alınaraq nənənin himayəsinə verilməsi tələbinə dair iddiası məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayanların ananın himayəsindən alınaraq nənənin himayəsinə verilməsi tələbinə dair ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, müvafiq icra hakimiyyəti orqanına müraciət edə, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-100/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-100/2024
11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver