Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1197/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3857/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü ildə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində müəyyən olunmuş alimentin miqdarını azaldaraq alimentin hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla, cəmi 300 manat miqdarında müəyyən olunaraq Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat məbləğində aliment və uşaqlardan birinin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində aliment tutulması qət edilmişdir. Qətnamə qəbul edilən zaman xəbəri olmamış, məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bakı şəhərində olduğundan qətnamədən apellyasiya şikayəti verilmək müddətini də ötürmüşdür. Hazırda 4 uşaq üçün aliment ödəyir. Birinci nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə 120 manat məbləğində aliment kəsilmişdir. Cavabdeh ödənilməmiş 2400 manat məbləğində aliment borcu vardır. Gəncə şəhəri üzrə İcra İdarəsinin onun iş yeri "xxxx" MMC-yə ünvanladığı məktub əsasında borcun tutulması əmək haqqının 70%-nə yönəldilmişdir. Nəticə etibarə ilə onun aylıq qazancından bütün tutmalar aparıldıqdan sonra əmək haqqından ona heç nə qalmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, məhkəmələr tərəfindən dörd uşağın saxlanılması üçün cəmi 720 manat məbləğində aliment kəsilmişdir, bu məbləğ isə iddiaçının gəlirlərindən çoxdur. İddiaçının əmək haqqı 710,62 manat təşkil edir, əlavə gəlirləri yoxdur. Maşınlardan biri atasındadır, digər maşın isə köhnədir, 9000 qiyməti vardır. Alimentin məbləği azaldılaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, yaşayış minimumu və əmək haqqı davamlı olaraq artmaqdadır. Uşaqlar körpədir, onlar böyüdükcə ehtiyacları, xərcləri də artır. Cavabdeh 3 uşağı ilə Bakı şəhərində yaşayır, maddi imkanı yoxdur. İddiaçı təyin olunmuş aliment məbləğini ödəmir, cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə iclası davam etdiyi halda iddiaçı maşınları satmış, xeyli məbləğdə pul əldə etmiş, buna görə də əmlakı bölə bilməmişdirlər. İddiaçı məhkəmə prosesindən xəbəri olmadığını qeyd etsə də, ona lazımi qaydada məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra iddiaçı heç bir şikayət verməmiş, həmçinin iddiaçının qazancında və ailə vəziyyətində heç bir dəyişiklik olmamışdır. Alimentin məbləği əksinə daha da artırılmalıdır. İddia tələbi əsassız olduğundan iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-2087/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat miqdarında aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3857/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü ildə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü ildən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci ildə anadan olmuş X2 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 02-015/2024 nömrəli arayışdan görünür ki, o, xx.xx.2020-ci il tarixdən halhazıradək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Süni Mərmər və X7 hazır məhsul anbarının anbardarı vəzifəsində işləyir, bir aylıq əmək haqqı 710,62 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2024-00770 nömrəli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3857/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü ildə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü ildən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci ildə anadan olmuş X2 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmə qətnamələri əsasında 4 uşağa görə müəyyən olunmuş alimentin əmək haqqından artıq olmasını, ödənilməmiş 2400 manat məbləğində aliment borcu olmasını və əlavə gəlirlərinin olmadığını əsas gətirərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3857/2024 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin azaldılaraq hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 isə cavabdehin 3 uşağı ilə birlikdə Bakı şəhərində yaşamaqla maddi imkanının olmamasını, yaşayış minimumu və əmək haqqının davamlı olaraq artmasını, uşaqların körpə olduğunu, onlar böyüdükcə ehtiyaclarının da artmasını, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra iddiaçının heç bir şikayət verməməsini, həmçinin iddiaçının qazancında və ailə vəziyyətində heç bir dəyişiklik olmamasını və birgə nikah dövründə əldə olunmuş avtomobilin cavabdeh tərəfindən satıldığını əsas gətirərək iddiaya etiraz etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin (vəkillərinin) izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırıb, hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmış, həmçinin alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsi və ya tərəflərdən birinin aliment ödəməkdən azad edilməsi, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Hazırki işdə isə iddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 3857/2024 nömrəli qətnaməsi qəbul edildikdən sonra onun maddi gəlirlərində və ya ailə vəziyyətində dəyişiklik olması barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1197/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1197/2025
18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver