Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1566/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2400 manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 51 manat məbləğində pulun, əmək müqaviləsinin xitam verildiyi xx.xx.2022-ci il tarixdən yekun məhkəmə aktı icra edilən tarixədək əmək haqqının verilmədiyi hər gecikdirilən gün üçün 2400 manatın bir faizi məbləğində ödəncin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə onunla cavabdeh MMC arasında 1 il müddətinə bağlanmış əmək müqaviləsinə əsasən o, həmin MMC-də köməkçi proqramçı vəzifəsində işləmişdir. MMC-nin direktoru ilə ona birinci ay 500 manat, sonrakı aylarda isə 800 manat əmək haqqı ödəniləcəyi barədə razılığa gəlmişlər. Elektron informasiya sistemində göstərilmiş 300 manat əmək haqqı kartına, qalan 500 manat isə ona nağd formada təqdim edilirdi. Müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci tarixdə bitməsinə baxmayaraq, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, lakin ona son haq-hesab bu günə qədər ödənməmişdir. İddia tələbinə görə cavabdeh MMC-nin iddiaçıya cəmi 2400 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq cavabdeh MMC tərəfindən iddiaçıya olan borcdan heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də o, xx.xx.2022-ci il tarixədək orada işləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində ifadə edilmiş məhkəmə icraatının həqiqətin müəyyən edilməsi vəzifəsi mütləq həqiqətin deyil, baxılan iş üzrə tərəflərin təqdim etdikləri və məhkəmə tərəfindən araşdırılan sübutlardan irəli gələn hüquqi həqiqətin müəyyən olunmasını nəzərdə tutur. Belə ki, həmin normanın şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus əmək kitabçasından çıxarışdan və elektron informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı MMC-də aylıq əmək haqqı 300 manat olmaqla, xx.xx.2022-ci il tarixədək proqramçı kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məcəllənin 9-cu maddəsinin “d” bəndinə görə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məcəllənin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 154-cü maddəsində göstərilir ki, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçının tələbinə görə cavabdeh MMC-nin direktoru ilə ona birinci ay 500 manat, sonrakı aylarda isə 800 manat əmək haqqı ödəniləcəyi barədə razılığa gəlmişlər. Elektron informasiya sistemində göstərilmiş 300 manat əmək haqqı kartına, qalan 500 manat isə ona nağd formada təqdim edilirdi. Həmçinin, müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci tarixdə bitməsinə baxmayaraq, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, lakin ona son haq-hesab bu günə qədər ödənməmişdir. İddiaçı izahatında bildirmişdir ki, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də o, xx.xx.2022-ci il tarixədək orada işləmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona 2400 manat əlavə əmək haqqı, son haqq-hesab ödənilməsini tələb etsə də, tələbinin faktiki əsasının, yəni əlavə əmək haqqının və ya son haqq-hesabın nədən ibarət olması barədə hər hansı sübuta istinad etməmişdir. Başqa sözlə, həmin məbləğin hansı əsasla və hansı müddət üzrə hesablanması, artıq işləməsi, işlədiyi halda neçə saat və neçə istirahət və bayram günləri üçün pul tələb etməsi ilə bağlı iddia tələbinin faktiki əsaslarını göstərə bilməmiş, habelə həmin halları təsdiq edən sübutları, ümumiyyətlə əlavə olaraq 500 manat ödənilmə barədə işəgötürənlə arasında olan razılığı məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2400 manat pulun tutulması hissədə iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdehdən əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödəncin tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Belə ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir (172-ci maddənin 1, 4, 5-ci bəndləri). Maddənin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Göründüyü kimi, iddianın əsas hissəsi, əmək haqqı tələbi təmin edilmədiyindən, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilmiş olması da sübuta yetirilmir. Odur ki, əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödəncin tutulması hissəsində də iddia tələbi təmin olunmamalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsassız olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1566/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1566/2023
12.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver