Məhkəmə qərarları › İş №e-2(125)-1912/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1912/2025

12.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1912/2025 12.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 339 nömrəli Hərbi Hissəyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti X4) qarşı «iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 339 nömrəli Hərbi Hissəyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti X4) qarşı cavabdeh tərəfindən 2021-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayının 1dək onun iş vaxtından artıq işlədiyi hər saata, həmçinin qeyri-iş günləri işlədiyi (bayram və hüzn) günləri üçün ümumilikdə 3.025 manat məbləğində əmək haqqı, əlavə xidmət ilinə və verilən mükafata görə faiz hesablanaraq və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 339 nömrəli Hərbi Hissənin Avtomobil Təmir zavodunda əmək müqaviləsi əsasında mülki işçi kimi mühafizə komandasının yanğınsöndürən mühafizəsində çalışmışdır. xx.xx.2022-ci ilin dekbar ayında könüllü olaraq ərizəsi ilə işdən çıxmış və kredit təşkilatında kredit mütəxəssisi olaraq çalışmağa başlamışdır. Belə ki, bəzi növbə günləri bayram günləri ilə üst-üstə düşdüyündən 2021-ci ilin sentyabr ayınadək həmin bayram günlərinə düşən növbə günləri üçün qanunvericiliyin tələbinə uyğun olaraq ona iki qat məbləğ və ay ərzində işlədiyi saatların tam ödənişi edilmişdir. Lakin 2021-ci ilin sentyabr ayından sözügedən ödənişlər heç bir əsas olmadan dayandırılmışdır. O, 2021-ci ilin sentyabr ayında 339 nömrəli Hərbi Hissə rəhbərliyinə müraciət edərək, ona əmək haqqının əksik ödənildiyini bildirmiş, həmin əksik olan vəsaitin ona ödənilməsini tələb etmişdir. 339 nömrəli Hərbi Hissə rəhbərliyi isə qanunda belə bir müddəa nəzərdə tutulmadığını, hətta onlara artıq ödəniş edildiyini və həmin ödənişlərin geri alına biləcəyino bildirmişdir. Halbuki o, 3 növbəli qrafikdə işləmiş, hər növbə 24 saat olmaqla ay ərzində 10-11 iş günü, yaxud 240-264 saat olmuşdur. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayınadək ona 160 saat işə görə əmək haqqı ödənilmişdir. Onun tələbi hər ay 80 saat, həmçinin iş və bayram günlərində iş vaxtından artıq işə görə ödəniş edilməsi ilə bağlıdır. Bununla yanaşı Hərbi Hissədən ona bildirmişlər ki, iş vaxtından artıq ödənişlərin verilməsini mükafatların ödənilməsi ilə əvəzləşdirilmişdir. Lakin ona ödənilmiş mükafatlar 25 faizdən 60 faizədək artırılsa da, hər bir ödənişin öz təyinatı olmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, 339 nömrəli Hərbi Hissəsinin xx.xx.2022-ci il tarixli, 215 nömrəli əmrinin surətini, əmək kitabçasını və digər sənədləri xx.xx.2022-ci il tarixdə 339 nömrəli Hərbi Hissədan almışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddia müddətini ötürüldüyünü və iddia müddətinin İddiaçı tərəfindən ötürülməsi nəzərə alınaraq, iddia rədd edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti X2 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, 2015-ci ildən xx.xx.2025-ci il tarixədək 339 saylı Hərbi Hissənin təmir zavodunda mühafizəçi, yanğınsöndürən vəzifəsində işləmişdir. İddiaçı da onunla birlikdə həmin zavodda işləmişdir.Belə ki, İddiaçı iş Günüdə saat 08:00-da başlayıb, növbəti gün saat 08:00-da işdən getmişdir. İş növbəsi 2 gündə bir dəfə olmuşdur. İddiaçı qeyri-iş günü hesab olunan «Novruz», «Qurban» və «Ramazan» bayramlarında işdə olmuşdur. Lakin ona əlavə iş saatlarına görə ödənişlər edilməmişdir. 2021-ci ilin sentyabr ayında onlar bu məsələ ilə bağlı Hərbi Hissəyə müraciət etsələr də heç bir nəticə əldə edə bilməmişlər. İşdə olan xx.xx.2017-ci il tarixli, 054970 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 28 nömrəli əmr əsasında 339 nömrəli Hərbi Hissənin İstehsalat və İqtisadiyyat bölməsinin mühəndisi vəzifəsinə əmək müqaviləsi əsasında 7-ci dərəcə ilə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, 146 nömrəli əmr əsasında 339 nömrəli Hərbi Hissənin Mühafizə komandasında mühafizəçi-yanğınsöndürən vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli, 215 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən (öz xahişi) ilə tutuduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X4 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-175/2-V-84785/2024 nömrəli məktubun surətindən görünür ki, Hərbi Hissə tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 364 nömrəli məktubuna və məktuba qoşma olaraq şöbəyə təqdim etdiyi sənədlərə, eyni zamanda şöbəyə təqdim olunmuş sənədlərə əsasən Hərbi hissənin xx.xx.2019-cu il tarixli 28 nömrəli əmri ilə mühəndis vəzifəsinə qəbul olunduğu və xx.xx.2019-cu il tarixli 146 nömrəli əmri ilə növbəli iş rejimi olmaqla mühafizəçi-yanğınsöndürən vəzifəsinə keçirildiyi məlumdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 96-cı maddəsinin tələbi pozularaq (gündəlik işin (növbənin) müddəti 12 saatdan çox ola bilməz) xx.xx.2019-cü il tarixdən iş vaxtından artıq işlərə cəlb olunduğu, Məcəllənin 164-cü (İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi) və 165-ci (İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) maddələrinin tələbləri pozularaq işlədiyi dövrdə iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə, eyni zamanda iş vaxtından artıq vaxtda görülən işə görə əməkhaqqının qanunvericiliyə uyğun hesablanıb ödənilmədiyi, Məcəllənin 114-cü maddəsinin 6-cı hissəsinin tələbləri pozularaq əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edildiyi və Məcəllənin 172-ci maddəsinin 4-cü hissənin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozularaq işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilmədiyi məlum olmuşdur. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, emək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi), 192.5-ci (İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə) və 198.1.5ci (normal əmək və istirahət rejiminə riayət edilməməsi) maddələrində nəzərdə tutulmuş xətalar törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verildiyindən Hərbi hissənin sabiq rəhbərliyini inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Lakin qeyd olunanlarla əlaqədar işəgötürənin son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin təmin edilməsi məqsədilə Hərbi Hissə rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3- 17-5/2-80888/2024 nömrəli göstəriş xarakterli məktub ünvanlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025 nömrəli «mediasiya sessiyasında iştirak edilməməsi» barədə arayışdan görünür ki, İddiaçı «iş günləri və qeyriiş (ümumxalq hüzn və bayram) günlərində görülən işlərə görə ödənilməmiş əmək haqqı» tələbinə dair xx.xx.2025-ci il tarixdə təklif məktubu ilə müraciət etmişdir. İş materiallarında olan 339 nömrəli Hərbi Hissəsinin xx.xx.2019-cu il tarixli, 28 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən 3 ay sınaq müddəti verilməklə İstehsalat və İqtisadiyyat bölməsinin mühəndisi vəzifəsinə işə qəbul edilmiş, vəzifə maaşı ştat cədvəlinə uyğun ödənilmiş və əməyin ödənilməsinin 7-ci dərəcəsi tətbiq olunmuşdur. İşdə olan 339 nömrəli Hərbi Hissəsinin xx.xx.2019-cu il tarixli, 146 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Mühafixə komandasının 3-cü dərəcəli mühafizəçi-yanğınsöndürəni vəzifəsinə keçirilmişdir.Əmək haqqı ştat cədvəlinə əsasən ödənilmişdir. İş materiallarında olan 339 nömrəli Hərbi Hissəsinin xx.xx.2022-ci il tarixli, 215 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz təşəbbüsü ilə) əsasən xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İddiaçı son haqq - hesab mühasibatlıq tərəfindən ödənilmiş və (xx.xx.2022-ci il – xx.xx.2023-cü il iş ili üçün) əsas məzuniyyətə görə artıq ödənilmiş 3 günün məzuniyyət pulu əmək haqqından tutulmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq edilməklə, müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 28 nömrəli əmr əsasında 339 nömrəli Hərbi Hissənin İstehsalat və İqtisadiyyat bölməsinin mühəndisi vəzifəsinə əmək müqaviləsi əsasında 7-ci dərəcə ilə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli, 146 nömrəli əmr əsasında 339 nömrəli Hərbi Hissənin Mühafizə komandasında mühafizəçi-yanğınsöndürən vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli, 215 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən (öz xahişi) ilə tutuduğu vəzifədən azad edilmişdir. İddiaçı 339 nömrəli Hərbi Hissəyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti X4) qarşı cavabdeh tərəfindən 2021-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayının 1-dək onun iş vaxtından artıq işlədiyi hər saata, həmçinin qeyriiş günləri işlədiyi (bayram və hüzn) günləri üçün ümumilikdə 3.025 manat məbləğində əmək haqqı, əlavə xidmət ilinə və verilən mükafata görə faiz hesablanaraq və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinə görə qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Həmin Məcəllənin 164-cü maddəsinə görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Həmin Məcəllənin 165-ci maddəsinə görə İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi iş vaxtından artıq iş dedikdə işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi nəzərdə tutulur. Belə ki, iddiaçı 2019-cu ilin sentyabr ayından 2022-ci ilin dekabr ayınadək iş vaxtından artıq işləməsni, o cümlədən bayram, hüzn günlərində işləməsini şahid ifadələri, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X4 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 175/2-V-84785/2024 nömrəli məktubu ilə sübuta yetirsə də cavabdeh tərəf iddiaçıya iş günü vaxtından artıq müddət ərzində işləməsinə görə və iş günü hesab edilməyən bayram, hüzn günlərində işləməsinə görə ödəniş edilməsinə dair hər hansı əsaslı sübut təqdim edə bilməmişdir. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin İddiaçı mülki işə məhkəmədə baxılarkən verdiyi izahatda əmək haqqının yanlış (əskik) hesablanması ilə əlaqədar 2021-ci ilin sentyabr ayında 339 nömrəli Hərbi Hissə rəhbərliyinə müraciət etdiyini və 339 nömrəli Hərbi Hissə rəhbərliyi tərəfindən müsbət cavab verilmədiyini, xx.xx.2022-ci il tarixdə isə əmək kitabçasını və digər sənədləri 339 nömrəli Hərbi Hissədən aldığını bildirmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə uyğun olaraq, 339 nömrəli Hərbi Hissə İddiaçı hüququnun pozulduğunu 2021-ci ilin sentyabr ayından bildiyini, həmçinin İddiaçı əmək kitabçasını və digər sənədləri xx.xx.2022-ci il tarixdə aldığını sübut etmə vəzifəsindən azad olmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan pul və digər əmlak tələbləri ilə əlaqədar 1 il iddia müddətini ötürməklə xx.xx.2025-ci il tarixdə 339 saylı Hərbi Hissəyə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası başa çatmış və xx.xx.2025-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 3 il müddət keçdikdən sonra həmin hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Mülki işə məhkəmədə baxılarkən 339 saylı Hərbi Hissənin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinn 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə erdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekbar 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbindən göründüyü kimi həmin maddənin tətbiq olunması üçün iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hallarla bağlı olmalıdır. Lakin İddiaçı 339 nömrəli Hərbi Hissəyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X4) qarşı «iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia müddətini buraxmasını qəbul etməmiş, iddiası üzrə ötürülmüş müddətin bərpası haqqında ərizə verməmiş və buna bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və hazırki iddia tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı 339 nömrəli Hərbi Hissəyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti X4) qarşı «iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı 339 nömrəli Hərbi Hissəyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X4) qarşı «iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar