Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2146/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(104)-2180/2019 saylı qətnaməsi ilə Cavabdeh 28 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(104)-2180/2019 saylı qətnaməsi ilə 28 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş hər ay hər uşaq üçün160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək, Cavabdeh aylıq ümumi qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, aldığı alimentin miqdarı çox azdır, bu məbləğ uşaqların minimum ehtiyaclarını ödəmir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti bu günədək müntəzəm şəkildə ödəyir. İddiaçının uşaqları ilə maraqlanmadığını bildirməsi tamamilə əsassızdır. Belə ki, iddiaçı uşaqlarla görüşməyə mane olduğu üçün məhkəmə qaydasında uşaqla ünsiyyət barədə qətnamə qəbul edilmişdir. Lakin həmin qətnamənin icrasına iddiaçı hazırda da mane olur. Bütün bünlara baxmayaraq o, alimenti ödəyərək, uşaqlarla görüşmək üçün əlaqə saxlayır. Bundan başqa X4 dövlət tərəfindən 300 manat məbləğində sosial müavinət ödənilir, iddiaçının uşağın problemləri ilə maraqlanmadığını bildirməsi tamamilə əsassızdır. Belə ki, həmin xəstəlik sağalmaz xəstəlikdir, xəstəlikdə əlavə təzahürlər hansısa kəskinləşmə olduğu halda maddi olaraq dəstək olmağa hazırdır. O, bildirdi ki, "xxxx" QSC-də işləsə də, yüksək əmək haqqı almır. Həmin əmək haqqı ilə Bakı şəhərində ailə xərclərini, qarşılamaq həmçinin artırılmış şəkildə alimeti ödəmək çox çətindir. Belə ki, o, X5 ilə 15 oktyabr 2018-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Nikahlarından 16 sentyabr 2022-ci il təvəllüdlü X6 və 16 sentyabr 2022-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Həmin uşaqlar körpə olduğu üçün daha çox maddi vəsaitə ehtiyac yaranır. Bununla belə o, uşaqları bir-birlərindən ayırmır, hamısının ehtiyaclarını imkan daxilində maksimum qarşılamağa çalışır. Hazırda dövlət ipotekası olaraq 25 il müddətinə hər ay 417 manat (389 kredit + 28 sığorta) məbləğində ipoteka krediti ödəmək öhdəliyi vardır. 2019-cu ildən etibarən hər iki uşaq üçün hər ay 320 aliment həmçinin 50 manat da X8 üçün ödəyir. O,bildiririk ki, İddiaçı müəllimə işləyir və kifayət qədər yüksək əmək haqqı alır. Sonda o, cavabdeh tərəfin diqqətəlayiq başqa maraqlarının, qazancı və ailə vəziyyətinin də məhkəmə tərəfindən nəzərə alınmasını və alimentin 20 manat məbləğində artırılaraq hər uşaq üçün hər ay 180 manat məbləğində tutulması barəsində qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının təmsilçisi tələbi müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının hal-hazırda iddiaçının (analarının) himayəsində olması, onların saxlanılması üçün vəsait tələb olunduğu, uşaqların mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqların saxlanılması üçün valideynlərdən tutulan aliment onların qazancının və başqa gəlirlərinin hissəsi ilə müəyyən edilir. Bu qaydada kənara çıxmağa yalnız Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və alimentin sabit pul məbləği ilə tutulmasına dair tələb edən şəxsin xahişi olduqda yol verilir. Beləliklə qanunvericilikdə alimentin sabit pul məbləği ilə tutulmasının əsası kimi tələb edən şəxsin xahişinin olması mütləqdir. Hazırda iddiaçı alimentin cavabdehin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulmasını istədiyi üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və tərəflərin birgə yaşayışlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(104)-2180/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 28 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. 28 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-2146/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2146/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver