Məhkəmə qərarları › İş №e-2(125)-2363/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2363/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2363/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan zərərçəkən Quliyeva Nahidə Rüstəm qızına görə ödənilmiş 1500 (bir min beş yüz) AZN pulun və ödənilmiş 35 (otuz beş) AZN dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci ildə Cavabdeh oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə olunan “VAZ 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada X2 az ağır dərəcəli bədən xəsarəti almışdır. İş materiallarına əlavə edilmiş PAT220417509 nömrəli sığorta şəhadətnaməsindən, 123984 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh oğlunun idarə etdiyi “VAZ 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarında olan hökmdən və ekspert rəyindən aydın olur ki, hadisə nəticəsində piyada Quliyeva Nahidə Rüstəm qızına az ağır dərəcəli bədən xəsarəti dəymişdir. “İcbari sığortalar haqqında” qanunun 14.2.4-cü maddəsinə əsasən, sağlamlığa dəymiş az ağır dərəcəli bədən xəsarətinə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin (5000) 30 faizini təşkil edir. Yəni, 1500 AZN. İş materiallarında olan 12360 nömrəli ödəniş tapşırığına əsasən, İddiaçı SŞ tərəfindən zərərçəkən Quliyeva Nahidə Rüstəm qızına 1500 AZN sığorta ödənişi olunmuşdur. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu hadisə zamanı sərxoş olduğu və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən, Cavabdeh oğlu hadisə zamanı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlar da şəxsin spirtli içki qəbul etdiyi və sürücülük vəsiqəsinin olmadığı qeyd olunmuşdur. Hesab edirlər ki, subroqasiya əsasları yarandığı üçün 1500 manat pul Cavabdeh oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: 123984 nömrəli sığorta aktından görünür ki, PAT220417509 nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalanmış Cavabdeh oğlunun idarə etdiyi “VAZ 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “VAZ 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi törətmiş, nəticədə piyada X2 az ağır dərəcəli bədən xəsarəti almışdır. Zərərlə bağlı maddi ziyanın məbləği 1500 AZN-dir. 12360 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 1500 (bir min beş yüz) manat sığorta ödənişi edilmişdir. 16 yanvar 2024-cü il tarixli, O-AS-2024/0127 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1500 AZN sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş edilmiş və əks təqdirdə iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət ediləcəyi və bununla bağlı bütün məhkəmə xərclərinin ondan tutulacağı bildirilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-229/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, “VAZ 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərək, xx.xx.2022-ci il tarixində yolnəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində piyada X2 az ağır dərəcəli bədən xəsarəti almışdır. PAT220417509 nömrəli sığorta şəhadətnaməsinə, 123984 nömrəli sığorta aktına əsasən hadisə zamanı Cavabdeh oğlunun idarə etdiyi “VAZ 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. 12360 nömrəli ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Quliyeva Nahidə Rüstəm qızına 1500 AZN sığorta ödənişi olunmuşdur. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu hadisə zamanı sərxoş olduğu və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün iddiaçının cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-229/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Buna görə də iddiaçının Cavabdeh 1500 (bir min beş yüz) AZN məbləğində pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) AZN pul tutularaq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətininə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 (otuz beş) AZN dövlət rüsumu da cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) AZN pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 (otuz beş) AZN dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar