Məhkəmə qərarları › İş №e-2(125)-2504/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2504/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2504/2024 06.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, tərəflər xx.xx.2001-ci il tarixdə nikaha girmiş, onlar arasında olan nikah həmin tarixdə qeydə alınmışdır. E.İddiaçı birgə nikahından xx.xx.2002-ci il tarixdə X3, xx.xx.2004-cü il tarixdə X4 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 üç uşaqları vardır. xx.xx.2002-ci il tarixdə anadan olmuş Mahizər artıq evlidir, xx.xx.2004-cü il tarixdə anadan olmuş Fidan isə universitet tələbəsidir. Tərəflər arasında olan ailə münasibətləri pozulmuş və onlar müxtəlif ünvanlarda yaşamağa başlamışdırlar. Cavabdeh iddiaçının himayəsində olan xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün heç bir maddi köməklik göstərmir. Halbuki, cavabdeh Gəncə Alüminium zavodundan kran sürücüsüdür və aylıq əmək haqqı 880 manat təşkil edir. Buna baxmayaraq o, azyaşlı uşağın saxlanması üçün heç bir köməklik göstərmir.İddiaçı isə uşağın saxlanmasıda çətinlik çəkir və uşağın tələbatlarını, təbii ehtiyaclarını qarşılaya bilmir. Buna görə uşağın saxlanması üçün cavabdehdən alimentin alınmasında zərurət yaranmışdır. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından xx.xx.2002-ci il tarixdə anadan olmuş adlı X3, xx.xx.2004-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 adlı üç uşaqları vardır. Belə ki, o, Gəncə Alüminium zavodundan kran sürücüsüdür və aylıq əmək haqqı 800 manat təşkil edir. Həmin əmək haqqının bir qismi qızı Mahizər evləndiyi zaman götürdüyü kredit və borclara istifadə olunur. Bununla yanaşı digər qızı Fidan universitet tələbəsi olduğundan onun xərclərini də qarşılayır. İddiaçı iddia etdiyi məbləğdə alimentin tutulması onun maddi vəziyyətini olduqca pis vəziyyətə sala bilər. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZ-İ seriyalı 002722 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2001-ci ildə nikahlarını Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 506 nömrəsi ilə qeydə aldırmışlar. İş materiallarında olan AZ-İİ seriyalı 219780 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan «Elektron məhkəmə» informasoya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də kran operatoru işləyir və aylıq əmək haqqı 935 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin sabit qazanca malik olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın saxlanması üçün hər ay qazancın (başqa gəlilərin) dörddə bir hissəsi miqdarında pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 26 fevral 2009-cu ildə anadan olmuş X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulsun. Alimentin tutulması 28 mart 2024-cü il tarixdən X5 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar