Məhkəmə qərarları › İş №e-2(125)-2839/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2839/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2839/2024 12.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Mübarizovnaya qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh Mübarizovnaya qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-439/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi üzrə ondan tutulan alimentin miqdarının azaldılaraq onun əmək haqqısının 1/3 (üçdə bir) hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı Cavabdeh Mübarizovna ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki uşaq – xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Mübarizovna ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 526 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 iddiaçı Cavabdeh Mübarizovnanın yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment və hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh Mübarizovnaya ödənilməsi qət edilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan və iş materiallarında olan sənəddən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixinədək bağlanmış xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsi üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çovdar filiz emal sahəsi üzrə videomüşahidə üzrə mütəxəssis (operator, kompüter) işləyir və onun aylıq əmək haqqı 1537,6 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 hazırkı iş üzrə cavabdehin yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin və hər ay, hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq hazırkı iş üzrə cavabdehə ödənilməsi qət edilmişdir. Alimentin onun əmək haqqısına və eyni zamanda hər uşağa görə 90 manat sabit pul məbləğində tutulmasına səbəb əmək haqqısının aşağı olması olmuşdur. Hazırda o, iş yerini dəyişməsi nəticəsində 1200 manat əmək haqqı alır və hesab edir ki, əməkhaqqısının hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment və hər ay, hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması onun hüquqlarını pozur. Onun əməkhaqqısı yüksək olduğundan hər ay onun qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması kifayət edir. Bu səbəbdən hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması hissəsində azaldılmalıdır. Eyni zamanda qeyd olunan mübahisə ilə bağlı onun tərəfindən Mediasiya Şurasına müraciət edilmiş və xx.xx.2024-ci il tarixində cavabdeh gəlmədiyinə görə müvafiq arayış verilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Onu da əlavə etdi ki, əvvəllər iddiaçının əmək haqqı 300 manat olsa da, 5-6 aydır ki, iddiaçının əmək haqqı məbləği artmışdır. Hazırda onun əmək haqqı 1500 manatdan çoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 440.1 və 440.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.1 və 443.0.4.-cü maddələrinin tələbinə görə Azərbaycan Respublikasnın məhkəmələri xarici şəxslərin iştirakı ilə olan, həmçinin aşağıdakı işlərə aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda baxmağa haqlıdır. MPM-in 447-ci maddəsinə əsasən şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun. Məhkəmə, Azərbaycan Respublikası vətəndaşı olan iddiaçının hazırkı tələbi üzrə Cavabdeh Mübarizovnanın Rusiya Federasiyasının vətəndaşı olmasını nəzərə alaraq hesab edir ki, şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan, habelə aliment tələbi barədə olan hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin mötəbərliyini mübahisələndirmədiyi Gəncə Şəhər Məhkəməsinin 2(125)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilərkən İddiaçı Gəncə Telekommunikasiya İdarəsində Texniki qeydiyyat şöbəsində mühəndis işləmiş və aylıq əmək haqqı 330 manat təşkil etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsi üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çovdar filiz emal sahəsi üzrə videomüşahidə üzrə mütəxəssis işləməyə başlamışdır və hazırda onun aylıq əmək haqqı 1537,6 manat təşkil edir. Bu isə iddiaçının maddi vəziyyətində dəyişikliyə gətirib çıxarmışdır. Odur ki, hazırda iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişilməsi tələbini irəli sürməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.2). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin və hər ay, hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulmasına səbəbin əmək haqqısının aşağı olması ilə əlaqələndirmiş, hazırda iş yerini dəyişməsi nəticəsində 1500 manatdan artıq əmək haqqı aldığını, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentlə yanaşı hər ay, hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulmasının onun hüquqlarını pozduğunu, əməkhaqqısı yüksək olduğundan hər ay onun qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulmasının kifayət etdiyini bildirərək bu səbəbdən alimentin hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması hissəsində azaldılmasını xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, məhkəmə aktı ilə xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment və hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulmuşdur. Əvvəlki məhkəmə bu qənaətə gələrkən cavabdehin əmək haqqısının 330 manat təşkil etdiyini, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, hazırkı iş üzrə cavabdehin də uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların hazırkı iş üzrə cavabdehin üzərinə düşməsini, hazırkı iş üzrə cavabdehin bu barədə xahişi, habelə, uşaqlar üçün 2022-ci il üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edildiyi və hazırkı iş üzrə iddiaçının ərizəsinə uyğun olaraq qazancın (gəlirin) 1/3 hissəsinin tutulacağı halda, təxmini hesablamaya əsasən hər uşaq üçün 100 manat ödəniləcəyini, həmin məbləğin isə uşağın təminatının mümkün qədər maksimal saxlanılması ilə tənasübsüzlüyə səbəb olacağını və diqqətəlayiq olan digər halları nəzərə almışdır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının maddi vəziyyətində dəyişiklik olmuş, yəni onun əvvəlki aylıq əmək haqqı 330 manat olduğu halda, hazırkı əmək haqqı 1537,6 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməklə iddiaçıdan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh Mübarizovnanın xeyrinə Gəncə Şəhər Məhkəməsinin 2(125)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği dəyişdirilməli və iddiaçının qazancının 1/3 hissəsi məbləğində müəyyən edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mövcud vəziyyətdə Nərmin və Aminə üçün tutulan alimentin miqdarının onların hər birinə iddiaçının aylıq gəlirinin 1/3 hissəsi həcmində müəyyən edilməsi hər birinə 256 manat 25 qəpik ayrılıqda təşkil edir ki, bu da mövcud vəziyyətə uyğundur. Belə ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh aliment alan tərəf kimi məhkəmə xərcini ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh Mübarizovnaya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar