Məhkəmə qərarları › İş №e-2(125)-3265/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3265/2024

01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3265/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə xx.xx.2021-ci il tarixdə İddiaçı doğulmuş X1 atasının Cavabdeh olmasına dair Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 429171 nömrəli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə verilmişdir. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X3 oğlu ilə 2020-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə Zəhra adlı qızları anadan olmuşdur. Lakin Turan qızına atalıq vermədiyi üçün atalığı Cavabdeh oğlu vermişdir. Bu barədə Gəncə Asan Xidmət Mərkəzində xx.xx.2022-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh oğlu Zəhranın atası hesab edilmişdir. Cavabdeh ilk vaxtlar uşağın atası kimi bütün vəzifələrini yerinə yetirsə də, lakin son vaxtlar isə həmin vəzifələrini yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən də o, uşağın saxlanılması üçün alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya təşkilatına gəlmişdir, lakin onunla alimentin miqdarı barədə razılığa gələ bilməmişlər. Buna görə də cavabdehdən alimentin məhkəmə qaydasında tutulması üçün müraciət etməyə məcbur qalmışdır. Göstərilənlərə əsasən, cavabdehdən qızı Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun qazancının və gəlirlərinin ¼ hissəsi miqdarda aliment tutulmalıdır. Cavabdehin həmin məbləği ödəməyə imkanı vardır. Çünki cavabdeh yüksək pensiya alır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsini müdafiə edib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, uşağa atalıq vermişdir və 3 ildir ki, uşağın bütün ehtiyaclarını o, qarşılayır, lakin iddiaçı 2 aydır ki, uşağı onlara göstərmir. Cəmi 80 manat məbləğində pensiya alır, həmin pensiya bütovlükdə onun müalicəsinə xərclənir. Sonda, cavabdeh uşaqdan imtina etdiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının 3-17-1/2- 129631/2024 nömrəli, 03.06.024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə ödənilən 80 manat məbləğində Prezident təqaüdü və 1255,27 manat məbləğində yaşa görə pensiya alır. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmayan uşağın atasının cavabdeh olması, uşağın iddiaçının (anasının) himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunması, uşağın mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Bununla belə, qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbinə dair iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halı əsas götürərək hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulmalı aliment xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilə bilməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünməli, 25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia əsaslı olduğundan iddiaçı tərəfindən dövlət rüsumu üçün ümumilikdə ödənilmiş 50 manatın əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcinə görə 75 (yetmiş beş) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar