Məhkəmə qərarları › İş №e-2(125)-3390/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3390/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3390/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehdən "xxxx" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2049,82 manat pulun və ödənilmiş 40,50 manat dövlət rüsumunun iddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “ZAZ” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********8 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı ASC-də xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. "xxxx" LTD tərəfindən təqdim olunmuş təmir aktına əsasən, "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2299.82 manat ziyan dəymişdir. İddiaçı ASC dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 100286 nömrəli sığorta aktına və 316, 317 nömrəli ödəniş tapşırığlarına, əsasən sığortalanmış "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2299.82 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh oğlu təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(044)-716/2021 nömrəli qərarından görünür ki, Cavabdeh oğlu İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. Subroqasiya qaydasında dəymiş zərərə görə 250 manat azadolma məbləği çıxılmaqla qalan 2049.82 manat məbləğ ödənilməmiş qalmışdır. Hadisə baş verən zaman cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. Buna görə dəymiş zərər onun özü tərəfindən ödənilməlidir. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, zərərin Cavabdeh tərəfindən vurulması, habelə dəymiş zərərin iddiaçı ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 2049.82 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər e-2(125)-3390/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsi elektron qaydada ərizələrlə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında uzaq məsafə və işlərin çoxluğu ilə əlaqədar üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin sığortalanması şəhadətnaməsindən məlum olur ki, sığortalı Sloveniya Respublikasının “KRKA, TOVARNA ZDRAVİL, D.D., NOVO MESTO” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil 3502,68 manat dəyərində tam sığortalanmış, hər bir sığorta hadisəsi üçün şərtsiz azadolma məbləği 250 manat təşkil etmişdir. Qüvvədə olma tarixi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədərdir. 100286 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, iddiaçı ASC tərəfindən 2299,82 manat məbləğində sığorta ödənişinin (250 manat azad olma məbləği çıxılmaqla 2049,82 manat) Sloveniya Respublikasının “KRKA, TOVARNA ZDRAVİL, D.D., NOVO MESTO” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli 316 və 317 nömrəli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı ASC tərəfindən "xxxx" LTD MMC-nin bank hesabına ayrı-ayrılıqda 1949 manat və 350,82 manat olmaqla, cəmi 2049,82 manat köçürülmüşdür. xx.xx.2021-ci il tarixli pretenziya məktubundan (məktubun cavabdehə xx.xx.2021-ci il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilməklə) görünür ki, cavabdehdən iddiaçı ASC tərəfindən həyata keçirilən 2049,82 manat sığorta ödənişinin 10 iş günü ərzində iddiaçı ASC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-716/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdehnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. "xxxx" LTD MMC tərəfindən təqdim olunmuş təmir aktına əsasən, "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2299.82 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “ZAZ 968 M 005” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarına Sloveniya Respublikasının “KRKA, TOVARNA ZDRAVİL, D.D., NOVO MESTO” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə edən şəxs isə X1 vəsiqəsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi – toqquşma xx.xx.2021-ci il tarixində Gəncə şəhərində baş vermişdir. Həmin arayışa görə “ZAZ 968 M 005” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6, hadisə baş verdiyi anda sürücüsü onu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin etibarnamə olmadan idarə edən cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, Sloveniya Respublikasının “KRKA, TOVARNA ZDRAVİL, D.D., NOVO MESTO” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs isə X3 olmuşdur. İşdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixində Gəncə şəhərində “ZAZ 968 M 005” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, "xxxx" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2049,82 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Eyni zamanda, Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 25.1-ci bəndinə əsasən sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, ... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir... Məhkəmə vurulan zərərin sonda zərəri vurandan tutulmalı olmasını ehtiva edən hüquqi həqiqət, eləcə də prosessual qənaət prinsipini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, sözügedən yüksək təhlükə mənbəyi üzərində cavabdehin hakimiyyətə malik olması, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olması və ondan yararlanması cavabdeh tərəfindən inzibati xəta üzrə məhkəmə icraaatı zamanı inkar edilməmişdir və bu onu göstərir ki, sözügedən avtomobilin cavabdehin qanuni sahibliyində olması mübahisəsizdir. Başqa sözlə, cavabdeh ona qarşı yönəlmiş tələb üzrə hazırkı məhkəmə iclasında iştirak edib sözügedən avtomobilin onun qanuni sahibliyində olmaması barədə hər hansı dəlil irəli sürməmişdir. Həmçinin, etibarnamənin olmaması da hələ özüözlüyündə zərərin vurulmasında birbaşa təqsiri olan cavabdehin avtomobilə sahibliyini şübhə altına almaq üçün yetərli əsas deyil. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Sığortalı Sloveniya Respublikasının “KRKA, TOVARNA ZDRAVİL, D.D., NOVO MESTO” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi nəqliyyatı vasitəsini tam (kasko) sığorta etdirmiş və sığorta hadisəsi baş verdiyi üçün ona iddiaçı tərəfindən 2049,82 manat sığorta ödənişi edilmişdir. Belə olan halda iddiaçı subroqasiya hüququ üzrə həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qeyd edilən məbləğdə zərər vurduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, sığorta ödənişinin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Bundan başqa, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 40,50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2049,82 (iki min qırx doqquz manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,50 (qırx manat əlli qəpik) manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar