Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3899/2025 06.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehya qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xeyrinə tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək azaldılmasına, yəni hər ay xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı Cavabdeh ilə əvvəllər rəsmi nikahda olmuşlar, birgə nikahdan bir uşaq – xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması iddiası qismən təmin edilmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1949/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 110 manat məbləğində müəyyən edilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, artırılmış aliment məbləğinin 25 yanvar 2016-cı il tarixdən tutulması, İddiaçı 7.50 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1253/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 8(125)-371/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi Cavabdeh ərizəsinin təmin edilməsi, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.04 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh ilə el adəti üzrə ailə qurmuş və onların birgə ər-arvad münasibətlərindən xx.xx.2013-cü il tarixdə X10 adlı övladları doğulmuşdur. Aralarında yaranmış narazılıqla bağlı cavabdeh məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1949/2014 nömrəli qətnaməsi ilə nikahları ləğv edilmiş və birgə nikahdan doğulan uşağın saxlanılması üçün 80 manat aliment təyin edilmişdir. Sonradan cavabdehin yenidən məhkəməyə müraciəti əsasında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən alimentin miqdarının artırılması barədə işə baxılaraq xx.xx.2016-cı il tarixli, 2(043)-822/2016 nömrəli qətnamə ilə alimentin miqdarı 110 manat müəyyən edilmişdir. Daha sonra cavabdeh ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-371/2025 nömrəli qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,04 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. O, xx.xx.2016-cı il tarixdə yenidən ailə həyatı qurmuş, X3 ilə birgə nikahından Göyçək və Məsud adlı uşaqları anadan olmuşdur. Bundan başqa o, əvvəllər Rusiya Federasiyasında işləsə də, hazırda Göygöl rayonunda yaşayır və heç bir yerdə işləmir. O, işsiz kimi məşğulluq orqanında qeydiyyata durmuş, güc-bəla ilə birinci nikahdan olan uşağın alimentini ödəmiş və yeni nikahından doğulan uşaqlarını saxlamışdır. Hazırda Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-371/2025 nömrəli qərardadından belə aydın olur ki, o, ayda 416 manat aliment ödəməlidir. Bu isə onun imkanları xaricindədir. Belə ki, aylıq minimum əmək haqqı 400 manat olan ölkədə işsiz kimi qeydiyyatda olan bir şəxsin ayda 416 manat aliment ödəməyi mümkünsüz olmaqla, gələcəkdə məhkəmə qərarının icrasını da mümkünsüz edir. O, ayda 200 manat, yəni əmək haqqının 0.5 misli miqdarında aliment ödəməyə razıdır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar, o da bir valideyn kimi istəyir ki, uşağını daha yüksək səviyyədə yetişdirib boya-başa çatdıra bilsin. Lakin hazırki vəziyyətdə bu qeyri-mümkündür. Gələcəkdə maddi imkanı yaxşı olduqda əlbəttə ki, uşağına əlavə xərclər də çəkəcəkdir. Ona görə də o, məcbur olub uşağın saxlanılması üçün müəyyən olunmuş aliment miqdarının azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, həqiqətən iddiaçı birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X2 xx.xx.2016-cı il tarixdən 110 manat aliment ödəyir. Uşaq böyüdüyündən və onun maddi tələbatı artdığından, iddiaçının onun xeyrinə ödədiyi məbləğ uşağın saxlanmasına azlıq etdiyindən 2025-ci ildə o, yenidən məhkəməyə müraciət edərək, alimentin məbləğinin indeksasiya edilməsini xahiş etmişdir. Məhkəmə işə baxaraq alimentin məbləğinin 416 manata qaldırılması barədə xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qərarı iddiaçının səhlənkarlığı və məhkəməni saymaması üzündən icra edilməmişdir. Əksinə məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmiş və onun məhkəmə yollarında süründürülməyinə çalışmışdır. İddiaçı əvvəlki məhkəmə prosesində səhlənkarlıq edərək iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı iddia tələbində qeyd edilənləri, yəni təkrar ailə qurmasını, uşaqları olmasını, işləməməsini və maddi imkanının olmamasını bildirmişdir. Məhkəmə onun ərizəsini nəzərə almaqla qərar qəbul etmişdir. İddiaçının işləməməsini və işsizlikdən məhkəməyə arayış təqdim etməsini əsas gətirərək, alimentin miqdarının azalmasına çalışmasını əsaslı hesab etmir. Çünki iddiaçı burada rəsmi işləməsə də, Rusiyada bizneslə məşğul olur. Uzun müddət idi ki, Rusiyada idi, Azərbaycana yeni qayıdıb. Azərbaycana gələndən sonra isə coğrafiya fənnindən müəllim kimi uşaq hazırlayır. İddiaçı ali təhsilli müəllimdir. O, Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini və magistraturasını bitirib. Bundan sonra 11 il Göygöl rayonun Mollacəlilli kənd məktəbində coğrafıya fənnindən dərs deyib. Daha sonra mağazada menecer kimi çalışıb. Özünün və valideynlərinin maddi imkanı yaxşıdır. Ata evi ilə birlikdə üç ev sahibidir. Evin biri Göygöl rayonunda, biri Göygöl rayonun Mollacəlilli kəndində yerləşir. Üçüncü evi isə ona bibisi bağışlayıb. İddiaçı istəsə nəinki 416 manat, hətta ***-**** manat da hər ay uşağın saxlanması üçün pul ödəyə bilər. Buna baxmayaraq, alimentdən başqa uşağa heç bir maddi yardım etməyib. Bir ata kimi uşağın nə istəməsi, hansı arzularla yaşaması onu maraqlandırmayıb. Ancaq ikinci yoldaşından doğulmuş uşaqlarının istək və arzularını yerinə yetirir. Yəni bal-qaymaqla onları böyüdür. İlk övladı olan Məhəmməd isə bunlardan məhrumdur. Onun maddi imkansızlığından uşağının bütün istək və arzuları ürəyində qalır. O, uzun illərdir uşağa 110 manat məbləğ pul ilə baxmışdır. Çox vaxt uşağının maddi imkanlarını qarşılamaqda çətinliklərlə üzləşdiyi üçün borc da almışdır. Hazırda onun müxtəlif adamlara borcu yaranıb. Ödəməkdə çətinliklərlə qarşılaşmışdır. Uşaq göz xəstəsidir. Bundan başqa uşağın başına oksigenin də çatması zəifdir. Görmə qabiliyyəti zəifdir, yəni mənfi ikidir. O, uşağın müalicə olunmasında, iynə-dərmanlarınin alınmasında çətinliklərlə üzləşir. Bu isə atanı narahat belə etmir. Uşağın heç bir arzu və istəklərini yerinə yetirə bilmir. Məhəmməd artıq 7-ci sinifdə oxuyur, dörd fəndən hazırlığa gedir, sınaqlarda yüksək bal toplayır. Arzusu xarici dövlətdə oxumaqdır. Yay tətilini xarici dövlətdə keçirmək istəyir. O, imkansızlıqdan onun bu arzusunu reallaşdıra bilmir. Yaşıdlarından kənarda qalır. İstəyir yay fəslində idmanla da məşğul olsun. Pulu olmadığından uşağı idmana da qoya bilmir. Uşaq heç bir əyləncə mərkəzlərinə gedə bilmir. Yaşıdlarından seçilir. Uşağın yemək-içməyini və geyim əşyalarını almaqda belə çətinliklərlə üzləşir. Ata və anası xəstədir. Pulları müalicələrinə sərf edilir. Qardaşı da müharibə veteranıdır. Heç bir yerdən köməklik yoxdur. Uşaq böyüdükcə pula olan maddi tələbat da çoxalır. Bahalıqla bağlı məhkəmənin müəyyən etdiyi 416 manat məbləğ də azlıq edə bilər. 400 manat alması barədə məhkəməyə təqdim etdiyi arayışla iddiaçı məhkəmələri aldatmağa çalışır, o məhkəmədən əlavə gəlirlərini gizlədir. İddiaçı aylıq məbləği məhkəməyə bildirsə də, əlavə gəlirini bildirməyib. Bununla da məhkəməni aldatmağa, məhkəmə qarşısındakı hüquqlarını pozmağa çalışır. Odur ki, iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Onu da əlavə etdi ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə Məhəmməd adlı övladları doğulmuşdur. Aralarında yaranmış narazılıqla bağlı məhkəmə qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulan uşağın saxlanılması üçün 80 manat aliment təyin edilmişdir. Sonradan cavabdehin yenidən məhkəməyə müraciəti əsasında məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı 110 manat müəyyən edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,04 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı, əvvəllər Rusiya Federasiyasında işləsə də, hazırda Göygöl rayonunda yaşayır və heç bir yerdə işləmir. O, işsiz kimi məşğulluq orqanında qeydiyyata durmuşdur. İddiaçı xx.xx.2016-cı ildə X3 ilə yenidən ailə həyatı qurmuş, onun həmin birgə nikahından iki uşağı anadan olmuşdur. Həmçinin iddiaçının həyat yoldaşı X3 heç bir yerdə işləmir, bundan başqa iddiaçının himayəsində ata-anası var. Hazırda Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-371/2025 nömrəli qərardadından belə aydın olur ki, iddiaçı ayda 416 manat aliment ödəməlidir. Belə ki, aylıq minimum əmək haqqı 400 manat olan ölkədə işsiz kimi qeydiyyatda olan bir şəxsin ayda 416 manat aliment ödəməyi mümkünsüz olmaqla, gələcəkdə məhkəmə qərarının icrasını da mümkünsüz edir. İddiaçı, ayda 200 manat, yəni əmək haqqının 0,5 misli miqdarında aliment ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, uşaq ana bətnində altı aylıq olarkən iddiaçı ilə ayrılmışlar, həmin vaxtdan bəri iddiaçı uşağı ilə maraqlanmamışdır. Uşaq hazırda məktəbin 7-ci sinfində oxuyur, tələbatları xeyli artmışdır, həmçinin uşaq xəstədir. Bu ilə kimi cəmi 110 manat alimentlə uşağını bu yaşa kimi öz atasının köməyi ilə böyütmüşdür. Bundan sonra məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,04 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı heç bir yerdə işləməməsini bildirsə də, hazırda “Sevimli market”də işləyir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı, 088773 nömrəli, xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə İddiaçı X3 ilə nikahlarını Göygöl rayon qeydiyyat şöbəsində 35 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə ailə qurmuş, nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Göygöl rayonu İcra Hakimiyyəti başçısının Mollacəlilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 713258 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Göygöl rayonu Mollacəlilli kəndində doğulmuşdur, atası İddiaçı, anası X6r. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 391977 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası İddiaçı, anası X6r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış “Məşğulluq haqqında arayış”dan görünür ki, cavabdeh, Göygöl rayonu Mollacəlilli kəndində işaxtaran statusu ilə qeydiyyatdadır, statusun verilmə vaxtı xx.xx.2025-ci il tarixi olmaqla, etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədəkdir. Cavabdeh etiraz ərizəsinə qoşma kimi xx.xx.2013-cü il təvəllüdlü X1 tibbi müayinədən keçdiyini təsdiq edən müayinə sənədlərini və digər tibbi sənədləri əlavə etmişdir. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 110 manat məbləğində müəyyən edilmiş, Gəncə Şəhər Məhkəməsinin 8(125)-371/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləği indeksasiya edilərək xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.04 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Sonuncu dəfə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, yəni xx.xx.2016-cı il tarixdə iddiaçı ikinci dəfə ailə qurmuş və həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur. Hazırda ata uşağın saxlanılması üçün müəyyən edilmiş 416 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkdiyi üçün məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (maddə 76.2). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini, cavabdehin ailə vəziyyətindəki dəyişikliyi, həmin dəyişikliyin onun maddi vəziyyətinə təsirini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Belə ki, iddiaçının ikinci nikahdan məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməsə də, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün hazırda müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olmasını, eyni zamanda iddiaçının ikinci nikahdan olan uşaqlarının da, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, həmçinin iddiaçının uşağın saxlanması üçün hazırda hər ay 200 manat ödəmək üçün maddi cəhətdən imkanı olması barədə razılığını nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş və Gəncə Şəhər Məhkəməsinin 8(125)-371/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılmalı, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 (240:400=0,6) misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, alimentin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində müəyyən edilməsi uşağın mənafeyinə ziddir, iddiaçı bu hissədə tələbini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli, 8-2 nömrəli Qərarının 8.14cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı azaldılmış alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh aliment alan tərəf kimi məhkəmə xərcini ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-822/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş və Gəncə Şəhər Məhkəməsinin 8(125)-371/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 (sıfır tam onda altı) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3899/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3899/2025
06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver