Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4024/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız olaraq ödənilmiş 4340 manat pulun və ödənilmiş 63.4 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X6 tərəfindən sürücülük hüququ olmadan idarə olunan “VAZ 21061” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh ağır dərəcəli bədən xəsarəti almışdır. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin 129798 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “VAZ 21061” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər mülkiməsuliyyətin icbarisığortası növündə sığortalı olmuşdur. xx.xx.2024-cü il tarixli, eskpertiza aparmaq səlahiyyətinə malik müstəqil qurum olan "xxxx" MMC-nin tərtib etdiyi zərərin qiymətləndirilməsi barədə məlumata əsasən, “VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2840 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan cavabdehin (zərərəkmiş) ərizəsinə əsasən, o dəymiş zərərin məbləği ilə razılaşmış və ödəniş edilməsi üçün kart hesabını iddiaçıya təqdim etmişdir. xx.xx.2024cü il tarixli, 120İNTL241501509 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı“VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh hesabına 2840 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş hadisə nəticəsində həmçinin Cavabdeh ağır dərəcəli bədən xəsarəti almışdır. Bu iş materiallarında olan sənədlərlə də təsdiq olunur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən zərərçəkənin hesabına ağır dərəcəli xəsarətə görə 1500 manat sığorta ödənişi köçürülmüşdür. Beləliklə, zərərçəkmiş şəxsə ümumi olaraq 4340 manat sığorta ödənişi edilmişdir. Sonradan bizə məlum olmuşdur ki, zərərvuran və onun ailəsi tərəfindən də cavabdehə hələ iddiaçıya sığorta ödənişi edilməsindən əvvəl də pul ödənilmişdir. Belə ki, zərərvuran tərəfindən təqdim edilən **********1200 saylı notarial qaydada təsdiqlənmiş 2024-cü ilin fevral ayına aid ərizənin surətindən görünür ki, cavabdeh zərərvuran tərəfindən ona dəymiş bütün maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini və ona qarşı hər hansı iddia tələbinin və şikayətinin olmamasını bildirmişdir. Həmçinin ərizəyə qoşma olaraq əlavə edilmiş qəbzdən görünür ki, cavabdehə 1400 manat pul ödənilmişdir. Həmçinin, Cavabdeh daha əvvəl yəni, xx.xx.2024-cü il tarixində Gəncə Şəhər Məhkəməsinə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona 2500 manat ödəniş edildiyini bildirmiş, bir daha ona qarşı dəymiş bütün maddi və mənəvi zərərin qarşılandığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Habelə təqsirləndirilən şəxsin ailəsi bildirmişdir ki, hətta qəbzini təqdim edə bilmədikləri digər ödənişlər də etmişlər. Lakin hazırkı halda sübut olunan ödəniş məbləği ümumilikdə 2500+1400=3900 manat olmuşdur. Beləliklə, Cavabdeh cinayət işi üzrə məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxsdən müvafiq ödənişlər almasına, ona dəymiş maddi və mənəvi ziyanın ödənilmiş olmasını bildirməyinə baxmayaraq sonradan 2024-cü ilin may ayında yenidən iddiaçı sığorta şirkətindən əlavə sığorta ödənişi almış, sığortalı tərəfindən ona əvvəlcədən ödənilmiş məbləğlərlə bağlı məlumat verməmişdir. İcbari Sığortalar Haqqında qanunun 17-ci maddəsi, sığorta ödənişi verilməsi üçün tələb olunan sənədlərin siyahısını göstərir, həmin maddənin 17.1.9-cu bəndinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti sığortaçıya təqdimedilməli və məlumat verilməlidir. Çünki 19.4-cü maddənin tələbinə əsasən, Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Hazırki halda, vurulan zərər məbləği təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən iddiaçı tərəfindən həmin məbləğ cavabdehə, yəni zərərçəkənə yox, zərərvuran sığortalı X2 ödənilməli idi. Cavabdeh isə əvvəlcə zərərvurandan ona dəymiş zərərə görə ödənişlər aldıqdan və cinayət işi üzrə məhkəmənin hökmü çıxarıldıqdan 3 ay sonra iddiaçıya edilmiş ödənişlər barədə məlumat vermədən yenidən sığorta ödənişi olaraq 4340 AZN ödəniş almışdır. Buna görə də, Cavabdeh əsassız varlanan şəxsdir. İddiaçı tərəfindən ona sonradan ödənilən 4340 manat sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehə pretenziya ərizəsi göndərilmiş, pretenziya məktubu sonuncu tərəfindən əldə edildikdən sonra iddiaçı ilə əlaqə saxlanılmış, ona iddia tələbi barədə məlumat verilmişdir. Lakin borc ödənilməmiş qalmışdır. Buna görə də 4340 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi iddiaya etiraz edərək, bildirdi ki, Hüseyn Ələsgərov tərəfindən cavabdehə 2500 manat ödəniş edilmişdir, Hüseyn Ələsgərov tərəfindən cavabdehin xəstəxana xərci tam ödənilməmişdir, xəstəxana xərci ilə sığorta ödənişi əvəzləşdirilərək barışıq əldə edildiyi üçün bu barədə Cavabdeh ərizələr vermişdir. Cavabdehin təmsilçisi təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının təmsilçisi məhkəmə iclasına gəlməmiş, iddiaçının təmsilçisi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin təmsilçisini dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 1(125)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsmişdir. Həmin hökmdən görünür ki, X6 23 aprel 2023-cü il tarixdə saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında X4 istifadəsində olan **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin Qanunun 73-cü maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən sutkanın qaranlıq vaxtı, yəni saat 21 radələrində idarə etdiyi avtomobilin faralarının yaxın və ya uzaq işıqlarının yanılı vəziyyətdə idarə etməli olduğu halda, həmin qaydalara əməl etməyərək ön faraları nasaz vəziyyətdə Gəncə şəhəri, İsaq Cəfərov küçəsindən Dədə Qorqud küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən “2.5 dayanmadan keçmək qadağandır” yol nişanının olmasını nəzərə alaraq idarə etdiyi “VAZ- 2106” markalı avtomobili yolayrıcına daxil olmadan dayandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunduğu vəziyyətdə yolayrıcına daxil olaraq hərəkətinə davam etməli olduğu halda, həmin tələblərə riayət etməyərək idarə etdiyi avtomobili dayandırmadan İsaq Cəfərov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsinə daxil olmuş, sağ tərəfdən Dədə Qorqud küçəsi ilə hərəkətdə olan Cavabdeh idarə etdiyi “VAZ-2107” minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ-2107” minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh dalağın cırılması ilə müşahidə olunan qarının qapalı küt travması, sol dirsək, sol diz nahiyələrinin sıyrıqları sınığı ilə müşayiət olunan xəsarətlər yetirməklə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin məhz 263-1.2 və 264-cü maddəsi ilə tövsif olunmalıdır. Həmin hökmdən həmçinin görünür ki, zərərçəkmiş şəxs Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X6 ilə barışmış və ona dəymiş xəstəxana xərcləri ilə bağlı zərər tam ödənilmişdir. Ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. İş materiallarında olan Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyan olaraq 2500 manat pulu təqsirləndirilən şəxs Hüseyn Ələsgərovun anası X5 xx.xx.2024-cü il tarixdə ona şəxsən təqdim etmişdir. O, həmin şəxsdən pulu qəbul edib. Hüseyn Ələsgərova qarşı tələbi yoxdur, ona yüngül cəza verilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, **********200 nömrəli ərizəyə əsasən, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh dəymiş ziyanın, xəstəxana xərcləri X6 tərəfindən tam olaraq ödənilmişdir. X2 qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 129798 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh PAB və MTE rəyinə əsasən 1500 manat ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə, 129798 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh 1500 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən, “Vaz 21074” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2840 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 130323 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli nəliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı qiymətləndərilməsi barədə hesabata əsasən 2840 manat ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə, 130323 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh 2840 manat ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 13.4 Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 14.2-ci maddəsinə əsasən, Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin (5000 AZN) aşağıdakı nisbətlərində ödənilir: 14.2.4-cü maddəsinə əsasən, əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; 17.1.9. mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti; 19.4-cü maddənin tələbinə əsasən, Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. 23.1.6. Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Mülki işin tədqiq edilmiş halları nəticəsində müəyən edilmişdir, iddiaçı tərəfindən sığorta olunmuş nəqliyyat vasitəsini idarə edərkən X1 xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi törətməsi nəticəsində Cavabdeh sağlamlığına və ona məxsus nəqliyyat vasitəsinə ziyan dəymişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hökmü ilə Hüseyn Ələsgərov yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Həmin məhkəmə icraatı zamanı Cavabdeh ona vurulmuş ziyanın Hüseyn Ələsgərov tərəfdən tam ödənildiyini və ona qarşı hər hansı tələbi olmadığını yazılı qaydada bildirmişdir. Daha sonra İddiaçı SŞ ASC tərəfindən ödənilmiş Cavabdeh xx.xx.2024-cü ildə 1500 manat, xx.xx.2024-cü ildə 2840 manat sığorta ödənişi edilmişdir. Hazırkı iş üzrə iddiaçı olan sığorta şirkəti cəmi 4340 manat pulun cavabdehdən tutulmasını xahiş etmiş, Hüseyn Ələsgərov tərəfdən vurulmuş ziyan ödənildiyi halda iddiaçıdan sığorta ödənişi alaraq cavabdehin əsassız varlanmasıyla tələbini əsaslandırmışdır. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, tələbi təkzib edən hər hansı dəlil təqdim olunmamışdır. Bundan başqa, cavabdeh tərəf sığorta ödənişi edildiyi üçün Hüseyn Ələsgərova qarşı hər hansı tələbin olmadığına dair ərizə verdiklərini bildirsə də, həm bunu təsdiqləyən hər hansı sübut təqdim etməmişdir, həm də ki, qeyd edilən ərizələr verildikdən və iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra həmin sığorta ödənişləri həyata keçirilmişdir. Beləliklə, sığorta ödənişi müqabilində cavabdehin tələb hüququndan imtina etməsi müəyyən olunmur. Məhkəmə həmçinin nəzərə alır ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və məhkəmə hökmündə cəza təyin edilərkən nəzərə alınan izahatı bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Beləliklə, ziyanın ödənildiyi barədə izahat verildikdən tələb hüququnun saxlanıldığını təsdiqləyən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Hüseyn Ələsgərov tərəfindən vurulmuş ziyanın ödənilməsiylə bu barədə tələb üçün qanuni əsas aradan qalxdıqdan sonra sığorta ödənişini qəbul etmiş cavabdeh əsassız varlanmışdır. Məhkəmə araşdırması zamanı, məhrum olan iddiaçının əsassız varlanmış cavabdehdən sığorta ödənişinin qaytarılma tələbini istisna edən hallar müəyyən olunmamışdır. Belə olan halda, cavabdehdən 4340 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlardan olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3351/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, “51. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. 52. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin olunduğu ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63.4 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 4340 (dörd min üç yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 (altmış üç) manat 40 (qırx) qəpik pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-4024/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4024/2025
21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver