Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4245/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 650 manat dəyərində 750 əyyarlı ağ qızıldan hazırlanmış 5 qram çəkidə olan brilliant qaşlı (1,2 karat) kitab formalı üzük, 2800 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış 30,8 qram çəkidə olan pandora dəst (sırğa, üzük, braslet, sep, kulon), cəmi 3450 (üç min dörd yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda onların cəmi dəyəri olan 3450 (üç min dörd yüz əlli) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 54,5 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 14 dekabr 2021-ci il tarixdə 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahlarını rəsmi qeydiyyata aldırmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X1 adlı bir uşaqları dünyaya gəlmişdir. Gəncə şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli, e- 2(125)-1716/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bildirmək istəyirlər ki, 2023-cü ildə İddiaçı və Cavabdeh birlikdə Bakı şəhərinə köçmüşlər və orada kirayə mənzil tutaraq yaşamışlar. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra, maddi durumları çətin olduğu üçün birlikdə özlərinə məxsus avtomobil ilə Gəncə şəhərinə gəlmişlər. El adətinə görə İddiaçı toyla bağlı qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Gəncə şəhərinə gələndə iddiaçı həmin qızıl-zinət əşyalarını Bakı şəhərində kirayədə yaşadıqları mənzildə qoymuşdur. Gəncə şəhərinə gəldikdən bir müddət sonra iddiaçı ilə cavabdeh aralarında olan narazılıqlar ailənin dağılmasına, baş verən mübahisələr onların münasibətlərinin pozulmasına gətirib çıxarmışdır və Gəncə şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli, e2(125)-1716/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. 650 manat dəyərində 750 əyyarlı ağ qızıldan hazırlanmış 5 qram çəkidə olan brilliant qaşlı (1,2 karat) kitab formalı üzük, 2800 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış 30,8 qram çəkidə olan pandora dəst (sırğa, üzük, braslet, sep, kulon), ümumi dəyəri 3450 (üç min dörd yüz əlli) manat olan qızıl-zinət əşyalarının hamısı Bakı şəhərində kirayədə yaşadıqları evdə cavabdehdə qalmışdır. İddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona məxsus qızıl-zinət əşyalarını könüllü olaraq verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bildirirlər ki, toy şənliyində alınmış qızıl-zinət əşyaları iddiaçıya hədiyyə verilmiş, hədiyyə verənlər həmin daşınar əşyaların mülkiyyətçisi olmuş, iddiaçı mübahisəli qızılzinət əşyaları üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin qızıl-zinət əşyaları hazırda cavabdehdə qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 whatsapp yazışması olan disk təqdim edərək, bildirmişdir ki, həmin yazışmalardan qızıl-zinət əşyalarının cavabdehdə qalması aydın olur. Odur ki, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyaları toy zamanı ona hədiyyə olunsa da, həmin əşyaların cavabdehdə qaldığını və iddiaçıya qaytarılmadığını təsdiq etmək üçün isə iddiaçının əlində heç bir sübut, dəlil yoxdur. İddiaçıya məxsus qızıllar toyunda hədiyyə edilən qızıllardan ibarət olmuş və iddiaçı cavabdehlə birlikdə yaşadığı evi həmişəlik tərk edib gedərkən qızıl-zinət əşyalarını da özü ilə götürüb aparmışdır. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları - ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə qaldığını sübut etməlidir. Lakin, iddiaçı qeyd olunan əşyaların cavabdehdə qaldığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1 və cavabdehin nümayəndəsi Vəkil2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 14 dekabr 2021-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflər aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. İddiaçı ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə qaldığını və həmin əşyaların cavabdeh tərəfindən könüllü olaraq qaytarılmadığını qeyd edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə olaraq verilmiş əşyalarla ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 666.1-ci madəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 152.1-ci madəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki işdə hər iki tərəfin məhkəmədə verdiyi izahatlardan iddiaçının iddia etdiyi əşyaların iddiaçıya hədiyyə edilməsi işin faktiki halı kimi müəyyən olunur. Məhkəmə bununla yanaşı göstərir ki, Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yəni, baxılan işdə iddiaçının iddia etdiyi əşyalarını cavabdehdən tələb edə bilməsi üçün həmin əşyaların cavabdehdə qalması müəyyən olunmalıdır ki, iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qaldığını bildirsə də, həmin qızıl-zinət əşyalarının cavabdehdə qalması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin göstərir ki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Baxılan işdə cavabdehin nümayəndəsi qızıl-zinət tələbinə dair iddiaya etiraz etmiş və iddiaçının özünə məxsus olan həmin əşyaları özü ilə apardığını göstərmişdir. Belə halda MPM-in sübutlarla bağlı tələblərinə əsasən, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən başqa əlaqəli sübutlar da məhkəməyə təqdim edilməlidir ki, iddiaçı bu halla bağlı məhkəməyə başqa heç bir sübut təqdim etməmişdir. İddiaçının işin bu halını təsdiq edə bilən sübut növü kimi məhkəməyə təqdim etdiyi, içində “whatsapp yazışması” olan disk isə iddiaçıya hədiyyə edilmiş əşyaların cavabdeh tərəfdə qaldığını təsdiq edən mötəbər sübut növü kimi qəbul edilə bilməz. Çünki, həmin yazışmaların hansı telefon nömrələri arasında aparıldığını müəyyən etmək mümkün olmur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri (dövlət rüsumu və.s) ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4245/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4245/2024
11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver