Məhkəmə qərarları › İş №e-2(125)-4446/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4446/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4446/2024 09.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, X4 Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2010-cu ildə anadan olmuş X6 və xx.xx.2013-cu ildə anadan olmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cu il tarixdə anadan olmuş X5 adlı uşaqlarının saxlanılmaları üçün hər ay hər uşağa görə 450 (dörd yüz əlli) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində alimentin və 50 (əlli) manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 28 noyabr 2008-ci il tarixli, 719 nömrəli nikah qeydi ilə nikaha daxil olmuşdur. Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cu il tarixdə anadan olmuş X5 adlı iki uşaq doğulmuşdur. Cavabdehlə aralarında nikahın olmasına baxmayaraq, o, uşaqlarına baxmır, maddi olaraq köməklik göstərmir. O, tək başına övladlarının saxlanılmasında maddi olaraq əziyyət çəkir. Övladları ona bağlıdır, o isə bir ana olaraq onların yaxşı yaşaması üçün çalışır. Buna baxmayaraq Cavabdeh övladlarının saxlanılması ilə bağlı nə maddi, nə də mənəvi dəstək göstərmir. Bu səbəbdən aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları; Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdehin iddia tələbini qəbul etdiyini, qazi olduğunu və yüksək məbləğdə pensiya aldığını, lakin aldığı pensiyanı bəzən lazımsız israf etdiyini, iddiaçının isə ondan almaq isədiyi alimenti məqsədyönlü xərcləyəcəyinə əmin olduğunu bildiyindən xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cu il tarixdə anadan olmuş X5 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 350 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cu il tarixdə anadan olmuş X5 adlı iki uşaq doğulmuşdur. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, azyaşlı uşağın saxlanması üçün həm cavabdehin, həm də iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək iddiaçı və cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə valideynlərin uşağı saxlamağa borclu olduqları barədə qanunvericiliyin tələblərini cavabdehin hər uşağa görə hər ay 350 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirməsini nəzərə alır və hesab edir ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə 17 iyul 2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 9.1.20-ci maddələrinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar, həmçinin, məhkəmədə verilən iddialar üzrə müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Cavabdeh 2-ci qrup muharibə əlilidir. Qeyd edilənlərə əsasən, tərəflərin dövlət rüsumundan azad olunmuş şəxslər olduqları müəyyən olunur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 05 iyul 2010-cu il tarixdə anadan olmuş X6 və 05 sentyabr 2013-cu il tarixdə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 17 iyul 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 350 (üç yüz əlli) manat (iki uşaq üçün hər ay cəmi 700 manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınıb, İddiaçı verilsin. Alimentin tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar