Məhkəmə qərarları › İş №e-2(125)-4529/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4529/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4529/2023 12.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əşyalarla birlikdə mənzildən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehoğlu oğluna qarşı cavabdehin əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 2 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək, bildirdi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra mülki işə məhkəmədə baxılarkən o, eyni tərəflər arasında eyni predmet barəsində mübahisə üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsinin mövcudluğundan xəbərdar olmuşdur. Buna görə də o, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmaqla, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianın baxılmamış saxlanılmasına razı olmadığı halda o, iş üzrə icraatın dayandırılmalıdır. Belə ki, İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)- 947/2014 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətlə birlikdə apellyasiya şikayəti verəcəkdir. Buna görə də həmin vəsatətə və yekun nəticədə apellyasiya şikayətinə baxılanadək iş üzrə icraat dayandırılmalıdır. Sonda Nümayəndə vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh S.Cavabdeh məhkəmə iclasında vəsatətin təmin olunmasını məhkəmədən xahiş edərək, bildirdi ki, o, hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasına razı deyildir və iddiaya mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb edir. Belə ki, İddiaçı bundan əvvəl də ona qarşı eyni tələblə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Buna görə də o, qeyd olunan məsələsinin mahiyyəti üzrə baxılıb, həll olunmasını istəyir. Sonda S.Cavabdeh vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericiliyin qeyd olunan normasının tələbindən göründüyü kimi iddia ərizəsinin qaytarılması barəsində ərizə əsasında iddianın baxılmamış saxlanılması üçün cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməməlidir. Hazırki halda isə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin qaytarılması barədə ərizə versə də, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını məhkəmədən tələb edir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizənin geri qaytarılmaqla, ərizənin baxılmamış saxlanılmasına dair iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti təmin edilməməlidir. Bundan başqa, işdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «əşyalarla birlikdə mənzildən çıxarılma» tələbi barədə iddiası təmin edilməmişdir. Hazırki halda isə həmin qətnamədən apellyasiya şikayətinin verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisənin artıq həll edilməsinə dair olan vəziyyəti dəyişdirməyəcəkdir. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsindən apellyasiya şikayətinin təmin edilməməsi həmin qətnamənin qanuni qüvvəyə minməsinə, apellyasiya şikayətinin təmin edilməsi isə iddiaçının iddiasının təmin edilməsinə əsasdır. Buna görə də məhkəmə hesab edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsindən apellyasiya şikayətinə baxılması ilə əlaqədar hazırki iş üzrə icraatın dayandırılmasına dair mülahizə ağlabatan deyildir və həmin mülahizə iş üzrə icraatın dayandırılmasına əsas ola bilməz. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əşyalarla birlikdə mənzildən çıxarılma» tələbi barədə iddiası üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; mədaxil qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «əşyalarla birlikdə mənzildən çıxarılma» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; mədaxil qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar