Məhkəmə qərarları › İş №e-2(125)-4849/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4849/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4849/2024 03.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və əşya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh ilə aralarında Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 558 saylı nikahın pozulmasına, Cavabdeh 11674 manat dəyərində geyim və cehiz əşyalarının, həmin əşyalar olmadıqda onların dəyərinin, 1200 manat dəyərində 583 əyarlı qızıl komplekt dəstinin (boyunbağı, sırğa və üzük dəsti) o, olmadıqda ümumi dəyəri olan 1200 manat pulun, həmçinin diplomun alınaraq İddiaçı verilməsi, ödənilmiş 181 manat dövlət rüsumunun, 100 manat mütəxəssis rəyinə ödənilmiş pulun, 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun və mediasiya xərci olaraq 55 (əlli beş) manat rüsumun Cavabdeh tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə ailə həyatı qurmuş və rəsmi nikaha daxil olmuşlar. Bu barədə onlara qanunvericiliyin tələbi ilə rəsmi qaydada Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 558 saylı nikah haqqında şəhadətnamə verilmişdir. İddiaçının cavabdeh ilə birgə nikahlarından övladları olmamışdır. İddiaçının cavabdehlə xasiyyətlərinin tutuşmaması nəticəsində onunla bir yerdə yaşamağı baş tutmamış və aralarında olan ər-arvad münasibətləri faktiki kəsilmişdir. Belə ki, iş materiallarına əlavə etdikləri sübutlarla da müəyyən edilir ki, cavabdeh iddiaçını dəfələrlə fiziki şiddət uyğulayaraq döymüşdür. İddiaçının cavabdehlə barışmağı və birgə ailə həyatının davam etdirilməsi və ailənin qorunub saxlanması mümkün deyil. Cavabdeh iddiaçıya məxsus diplomu da özündə saxlayaraq qaytarmır. Bununla bağlı dəfələrlə ona və polisə müraciət edilsə də, hazırda cavabdeh diplomu qaytarmır. Bundan başqa iddia tələbinin cehiz və geyim əşyalarına dair hissəsi üzrə qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ərarvad münasibətləri pozulduqdan sonra iddiaçıya məxsus geyim əşyası yəni, 1. ağ gödəkçə - 80 manat, 2. 5 ədəd ayaqqabı – 60 manat, 3. ev ayaqqabıları 3 ədəd – 15 manat, 4. don 5 ədəd (ziyafət üçün) – 80 manat, 5. koftalar 4 ədəd – 40 manat, 6. 5 ədəd şalvar – 35 manat, 7. qələmqabı – 15 manat, 8. dəftərlər 20 ədəd (48 vərəqli) – 0.60 manat, 9. kəmər qadın üçün 2 ədəd – 8 manat, 10. yükləyici (telefon üçün) – 7 manat, 11. namaz paltarı qadın üçün – 20 manat, 12. palto qadın üçün – 250 manat, cehiz əşyaları yəni, 1. mebel dəsti (yataq otağı üçün) – 1800 manat, 2. mebel dəsti qonaq otağı üçün – 3300 manat, 3. divan (üçkünc qonaq otağ üçün) – 1000 manat, 4. soyuducu (samsung) – 860 manat, 5. qaşıq – çəngəl – bıçaq dəsti (balaca qaşıq) 12 ədəd – 35 manat, 6. servis boşqablar dəsti – 120 manat, 7. qazan dəsti – 140 manat, 8. süpürgə ev üçün - 10 manat,

9. işıqlı elektrik çaynik – 35 manat, 10. 4 ədəd balınc – 15 manat, 11. 1 ədəd yataq örtüyü – 130 manat, 12. 2 ədəd yorğan sintepon – 30 manat 13. döşək – 30 manat, 14. 1 ədəd sırınma yun yorğan (2 nəfərlik, əl işi) – 100 manat 15. Yun ədyal – 30 manat 16. məhrəba dəsti – 30 manat 17. 2 dəst məhraba (əl-üz üçün) – 30 manat 18. 2 ədəd yorğan üzlüyü – 40 manat, 19. çilçıraq (qonaq otağı üçün) – 100 manat 20. qonaq otağı üçün iri qab dəsti – 230 manat, 21. 2 ədəd xalça - 85 manat, 22. 2 ayna üçün pərdə - 340 manat 23. çaynik və çaydan dəsti– 35 manat, 24. xrustal stəkan – 25 manat, 25. qızılı stəkan – 25 manat, 26. 3 ədəd balaca süfrə – 20 manat, 27. 1 ədəd iri süfrə – 70 manat, 28. üstünün klyonkası – 20 manat, 29. tozsoran – ütü - ət çəkən maşın – 340 manat 30. ütü masası – 60 manat, 31. qəhvəüyüdən – 30 manat, 32. qaşıq dəsti (kapron) – 30 manat, 33. bıçaq dəsti – 30 manat

34. 2 dənə padnus – 10 manat 35. 4 ədəd şirəli ləyən – 30 manat, 36. mikser – 40 manat

37. asılqan – 6 manat, 38. saç düzləşdirən fen – 20 manat, 39. tava iki ədəd – 35 manat,

40. ləyənlər sadə 4 ədəd – 20 manat, 41. düşbalan – 25 manat, 42. qədəh dəsti (servant üçün) – 80 manat, 43. nahar dəsti (servant üçün) – 140 manat, 44. stəkan dəsti (servant üçün) – 60 manat, 45. rumka dəsti (servant üçün) – 40 manat, 46. konfet qabı (servant üçün) – 60 manat, 47. gül qabı (servant üçün) – 70 manat, 48. xalat (hamam üçün) – 50 manat, ümumi dəyəri 11674 manat olan cehiz və geyim əşyalarını özündə saxlayaraq qaytarmamışdır. Bundan başqa cavabdeh iddiaçıya məxsus 1 ədəd qızıl komplekt qızıl dəsti (pandora) (sırğa, boyunbağı və üzük 583 əyyarlı) – 1200 manat dəyərində qızıl-zinət əşyalarını da özündə saxlayıb verməmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə o, nişanlandıqdan sonra qısa bir müddət keçmiş, yəni xx.xx.2024-cü ildə el adəti üzrə toy edərək ailə qurmuşlar. Gəncə şəhəri, Z.Hacıyev küçəsi bina 20, mənzil 4-də atasının yaşadığı evə gəlmişlər. Bakı şəhərində yaşamaq məqsədi ilə toydan bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı ilə birlikdə geyim əşyalarını götürərək getmişlər. Orada ev tutaraq kirayədə qalmışlar. Gəncə şəhərində ASAN xidmət mərkəzində nikah qeydiyyatından keçmək üçün gün aldıqlarından xx.xx.2024-cü il tarixdə təkrar Gəncə şəhərinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə ASAN xidmət mərkəzinə gedərək, orada rəsmi nikah qeydiyyatından keçmişlər. Bunun səhəri günü yəni xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində iddiaçını iş yerinə yəni Şəmkir rayonun, İrmaşlı kənd ərazisində yerləşən 2 saylı orta məktəbə işləmək məqsədi ilə aparıb qoyaraq, təkrar Gəncə şəhərinə qayıtmışdır. Həmin gün saat 11 radələrində onların evinə Gəncə şəhər polisindən zəng gəlmiş və bildirilmişdir ki, ondan şikayət var. O, ərazi üzrə polis şöbəsinə gedib haqqında olan şikayətlə maraqlananda ona bildirilmişdir ki, guya İddiaçı döymüşdür. Bununla bağlı polisə şikayət ərizəsi ilə müraciət edib, bunun doğru olmamasını bildirmişdir. Araşdırılan zaman haqqında olan şikayətin həqiqətə uyğun olmadığından və şər və böhtan xarakterli olduğundan “Cinayət, işinin başlanmasının rədd edilməsi barədə qərar” qəbul edilmişdir. Həmin gündən sonra onlar birlikdə bir daha yaşamamışlar. Polis şöbəsindən çıxandan sonra iddiaçı anası ilə birlikdə getmişdir. İddiaçı evdən işə gedən zaman qızıl əşyaları üstündə olmuşdur. Onlar valideynlərindən ayrı yaşadıqlarından nikah və toy ərəfəsində alınmış qızıl-zinət əşyaları daim iddiaçının öz istifadəsində olmuşdur. Nişan və toy zamanı iddiaçıya alınmış qızıl əşyaları heç bir vaxt iddiaçının əlindən onun və ailəsi tərəfindən alınmamışdır. İddiaçı evdən gedəndən bir neçə gün sonra qardaşının yoldaşının telefonuna səs ataraq bildirmişdir ki, qızıl əşyalarının hamısı özündədir, bununla bağlı heç bir narazılığı yoxdur. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, onun atası uzun illər Azalda təyyarəçi işləyib. Məddi cəhətdən imkanı normal olduğundan, bütün qazandığını onlar iki övladına xərcləyiblər. İddiaçının iddia ərizəsində sadaladığı geyim və cehiz əşyaları ilə bağlı bildirmək istəyir ki, iddiaçının valideynləri ayrıldığından, anasının maddi imkanı zəif olduğundan, toy zamanı iddiaçıya mebel almağa imkanı olmadığından, atası öz vəsaiti hesabına iki dəfəyə ödəmək şərti ilə Goranboy rayonu ərazisində olan Mebel mağazasından İlkin adlı şəxsdən evin bəzədilməsi üçün mebel almışdır. İddia ərizəsində adı çəkilən iki ədəd xalçanın biri onun adına toy hədiyyəsi kimi anası tərəfindən alınıb, qonaq otağına salınmış, digər xalça isə evdə olan anasına məxsus olan xalça olduğundan mətbəxə anası özü yaxşı görsənməsi üçün salmışdır. İddiaçının xalçası olmamış və onların evinə toy ərəfəsində cehiz kimi xalça gətirməmişdir. İddia ərizəsində adları sadalanan cehiz əşyalarının bir qismi də, iddiaçının gətirdiyi cehiz zəif olduğundan yaxınlar tərəfindən lağa qoyulmaması üçün anası özünə məxsus olan əşyaları evə bəzəmişdir. Ümumiyyətlə iddiaçı cehiz gətirən zaman nə cehiz maşını gəlib, nə də onlar tərəfdən evi bəzəməyə gələn adam olmamışdır. Buna görə də ürəyi nə istəyir iddia ərizəsində yazmışdır. Qeyd edir ki, iddia tələbində adları sadalanan cehiz əşyalarının çoxu iddiaçı tərəfindən gətirilməyib, gətirdiyi əşyaların qiymətləri isə şişirdilmiş rəqəmlərlə iddia tələbində qeyd olunmuşdur. Gətirdiyi bəzi, əşyalar siyahıya salınmamışdır. Onların evində olan əşyalara 1 ədəd taxta sarımsaq döyən, 5 ədəd sadə duz qabı, 1 ədəd sadə kül qabı, 1 ədəd ayaqqabı şotkusu, 2 ədəd sadə çay dəsmalı, 2 ədəd suviner qab, 1 ədəd dəmir qənd qayçısı, 1 ədəd göy doğrama taxtası, 2 ədəd balınc, 1 ədəd sintifon yorğan, 1 ədəd sintifon döşək, 1 ədəd yun yorğan, 1 ədəd yun adyal, 4 ədəd əl-üz məhrəba, 2 ədəd pastel, 12 ədəd armudu stəkan nəlbəkisi ilə, 3 ədəd balaca sadə süfrə, 2 ədəd padnus, 2 ədəd balaca ləyənçə bir ağ, bir göy, 1 ədəd kapron deşikli qırmızı qab, 1 ədəd kapron qab pembe, 1 ədəd kapron ələk, 2 dəmir tava, 4 ədəd qənd qabı, 4 ədəd xrustal bakal, 6 ədəd sadə bakal, 1 ədəd gül qabı, 1 ədəd miksel sadə, 1 ədəd ütü feni. Ağ gödəkçə, 3 ədəd ayaqqabı, 2 ədəc tərlik (2 azn), 4 ədəd geyinilmiş donlar, 6 ədəd geyinilmiş koftalar, 3 ədəd çit parçadan kofta şalvar, namaz paltarı, bəzi köhnə paltarlar aiddir. İddiada geyim əşyaları olan 60 manat dəyərində 5 ədəd ayaqqabı yalan yazılmış, iddiaçının 2 cüt ayaqqabısı olmuşdur. Dəyəri 35 manat olan 5 ədəd şalvarlar da olmamışdır. 20 ədəd 48 vərəqəli dəyəri 0.60 manat qeyd olunan dəftərlər də olmayıb, şər olmaqla, qiyməti şişirdilmiş göstərilib. Heç bir vaxt 20 ədəd dəftər 60 manat ola bilməz. 48 vərəqəli dəftərin 1 ədədinin qiyməti 60-70 qəpik ola bilər. Qiyməti 8 rnanat olan 2 ədəd qadın üçün kəmər də olmayıb. Ümumiyyətlə ona kəmər onlar tərəfimizdən alınmayıb. Dəyəri 250 manat olan qadın üçün palto da olmayıb, havalar istiyə getdiyi üçün tərəfindən iddiaçıya paltonun alınması payız ayları üçün nəzərdə tutulmuşdur. Dəyəri 120 manat olan serviz boşqablar dəsti, 140 manatlıq qazan dəsti, 35 manat dəyərində işıqlı elektrik çayniki, 15 manat 2 ədəd balınc, 130 manatlıq 1 ədəd yataq örtüyü, 30 manatlıq məhraba, 100 manatlıq qonaq otağı üçün çilçıraq, 230 manatlıq qonaq otağı üçün iri qab dəsti 85 manatlıq 2 ədəd xalça, 340 manatlıq 2 ayna üçün pərdə, 340 manat dəyərində tozsoran, ütü və ətçəkən maşınları, 60 manat dəyərində ütü stolu, 30 manat dəyərində qəhvə üyüdən, 6 manat dəyərində alışqan, 35 manat dəyərində 2 ədəd tava, 20 manat dəyərində 4 ədəd sadə ləyənlər, 140 manat dəyərində nahar dəsti, 60 manat dəyərində stəkan dəsti, 30 manat dəyərində qaşıq dəsti (kapron) olmayıb, həmin əşyalar iddiaçı tərəfindən cehiz kimi onların evinə gətirilməmişdir. Bu əşyalar böhtan xarakterli yazılıb. Etiraz ərizəsinə qeyd etdiyi evdə qalmış iddiaçıya məxsus olan bütün əşyaları könüllü olaraq məhkəmə nümayəndələrinin vasitəsi ilə iddiaçıya siyahı üzrə təqdim edə bilər. Siyahıda şişirdilmiş göstərilmiş əşyalar evdə olmadığından və onların evlərinə həmin əşyalar gətirilmədiyindən tərəfindən qarşı tərəfə təqdim olunması mümkün deyil. Bundan başqa iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarını özü ilə aparıb. Onlar bir yerdə yaşadıqları müddətdə o, iddiaçının diplomunu görməmişdir, iddiaçı onların evinə diplom gətirməyib. Bu da şər böhtan xarakterlidir. İddiaçının ona qarşı irəli sürdüyü nikahın ləğvi tələbinə qarşı onu bildirmək istəyir ki, iddiaçı tərəfindən ona qarşı böhtan xarakterli şikayət ərizə ilə polisə müraciət olunduğundan və onunla xasiyyətlərinin uyğun gəlməməsi üzündən o da boşanmağı tələb edir. Buna görə onlara vaxt vermədən aralarındakı nikah qeydinin pozulmasını istəyir. Məhkəmədə iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, o, planlı bir şəkildə evdən çıxmamış, cavabdehlə birlikdə yaşadığı evdən işə getmək niyyəti ilə çıxdığından ona məxsus olan qızıl-zinət əşyalarını üzərində götürməmişdir. Belə ki, bir neçə gün əvvəl aralarında baş vermiş dava-dalaşdan anası xəbər tutmuş və ona məsləhət olaraq bildirmişdir ki, onların Cavabdeh ilə ailə münasibətlərini və ona qarşı davranışlarını bəyənmir və ondan öz ata evinə qayıtmasını xahiş etmişdir. Bununla da o öz ata evinə plansız bir şəkildə getmiş, cavabdehin evində qalan geyim, cehiz və qızıl-zinət əşyalarını və diplomunu götürə bilməmişdir. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, məhkəməyə ünvanladığı etirazın dəlillərinə qismən uyğun izahat vermiş, məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin sonuncu iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 cavabdehin etiraz ərizəsində qeyd olunan xüsusatlara qismən uyğun izahat vermişdir. Cavabdeh və onun nümayəndəsi izahatlarında göstərmişlər ki, iddiaçının iddia etdiyi dəyəri 80 manat olan ağ gödəkçə, 3 ədəd ayaqqabı, 2 ədəd ev ayaqqabıları, 3 ədəd don, 2 ədəd kofta, 2 ədəd şalvar, qələmqabı, yükləyici (telefon üçün) və qadın üçün namaz paltarı mövcuddur və onların evindədir. Həmin hissədə iddiaya etiraz edilmir. İddia edilən qalan geyim əşyaları mövcud olmamışdır. Cavabdeh və onun nümayəndəsi cehiz əşyaları tələbi hissədə iddianı qismən etiraf edərək, izahatlarında qeyd etmişlər ki, iddiaçının iddia etdiyi mebellərin hamısı cavabdehin atasının pulu ilə alınıb, soyuducu alınsa da, pulunu ödəyə bilmədikləri üçün geri qaytarıblar, dəyəri 230 manat göstərilən qonaq otağı üçün iri qab dəsti və dəyəri 340 manat göstərilən ayna üçün pərdə iddiaçıya hədiyyə edilməyən əşyalardır. Qalan əşyalar onların evindədir. Məhkəmədə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşı qızıdır. Cavabdeh ilə İddiaçı toy ərəfələrində Nigargilin imkanlarının zəif olması ilə bağlı, həm də bibi kimi pay olaraq cehiz əşyalarının alınmasında köməklik göstərmişdir. İddia olunan əşyalardan qonaq otağı üçün divana 1100 manat, yataq otağı üçün mebel dəstinə görə 600 manat, qonaq otağı üçün mebel dəstinə 2700 manat pul vermişdir. Məhkəmə tərəfləri və onların nümayəndələrini dinləyib hesab edir ki, iddia tələbi nikahın pozulması hissəsində təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 558 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvad Vəliyeva soyadını dəyişməmişdir. Məhkəmədə müəyyən olundu ki, tərəflər hazırda ayrı yaşayır, onlar arasında olan ailə münasibətləri faktiki pozulmuşdur, iddiaçı tərəf nikahın pozulmasını xahiş edir və cavabdeh də boşanmaya razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. İş materiallarında olan 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsinin 22 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh nikahın pozulması ilə bağlı qeydiyyat şöbəsinə gəlməməsi səbəbindən qeydiyyat orqanında nikahın pozulmasının mümkün olmaması bildirilmişdir. Göründüyü kimi, tərəflər arasında olan nikahın qeydiyyat orqanında pozulması mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. İddiaçı ilə cavabdeh ayrı yaşadıqlarından, onların birgə yaşaması və ailənin saxlanması mümkünsüz olduğundan, məhkəmə göstərir ki, iddia tələbi nikahın pozulması hissəsində təmin edilməli və tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə iddianın əmlak tələbinə dair hissəsi ilə bağlı tərəfləri, onların nümayəndələrini və ifadə vermiş şahidi dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə qənaətə gələrkən, məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 195.2-ci maddəsinin tələblərinə görə, sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. MPM-in 62-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Beləliklə, MPM-in tələblərinə əsasən, şahid ifadəsinin qiymətləndirilməsi işin hallarının düzgün müəyyən edilməsi üçün məhkəmənin həyata keçirdiyi məntiqi fəaliyyətdir və bu zaman məhkəmənin nəzərə almalı olduğu əhəmiyyətli məqamlardan biri də şahidin işdə iştirak edən şəxslərlə olan münasibətləridir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. İş materiallarında olan Madeyra Mağaza № 639 tərəfindən verilmiş arayışdan görünür ki, X6 24 mart 2024-cü il tarixdə 1800 manat məbləğində olan yataq dəsti və 1100 manat məbləğində divan dəsti almışdır. Həmin məbləği X2 hesabından Goranboyda yerləşən Madeyra mağazasının satıcısının kart hesabına atmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Kontakt Home 29 (GANJA MALL) mağazasından İddiaçı 859.99 manat dəyərində Samsung markalı soyuducu almışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia etdiyi geyim əşyalarının mövcudluğu barədə öz iizahatından başqa heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh və onun nümayəndəsi həmin hissədə iddianı qismən etiraf edərək, izahatlarında qeyd etmişlər ki, iddiaçının iddia etdiyi dəyəri 80 manat olan ağ gödəkçə, 3 ədəd ayaqqabı, 2 ədəd ev ayaqqabıları, 3 ədəd don, 2 ədəd kofta, 2 ədəd şalvar, qələmqabı, yükləyici (telefon üçün) və qadın üçün namaz paltarı mövcuddur və onların evindədir. Həmin nissədə iddiaya etiraz edilmir. İddia edilən qalan geyim əşyaları mövcud olmamışdır. Cavabdeh və onun nümayəndəsi cehiz əşaları tələbi hissədə iddianı qismən etiraf edərək, izahatlarında qeyd etmişlər ki, iddiaçının iddia etdiyi mebellərin hamısı cavabdehin atasının pulu ilə alınıb, soyuducu alınsa da, pulunu ödəyə bilmədikləri üçün geri qaytarıblar, dəyəri 230 manat göstərilən qonaq otağı üçün iri qab dəsti və dəyəri 340 manat göstərilən ayna üçün pərdə iddiaçıya hədiyyə edilməyən əşyalardır. Cehiz əşyaları tələbinin qalan hissəsində iddianı mübahisələndirmirlər. Məhkəmədə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşı qızıdır. Cavabdeh ilə İddiaçı toy ərəfələrində Nigargilin imkanlarının zəif olması ilə bağlı, həm də bibi kimi pay olaraq cehiz əşyalarının alınmasında köməklik göstərmişdir. İddia olunan əşyalardan qonaq otağı üçün divana 1100 manat, yataq otağı üçün mebel dəstinə görə 600 manat, qonaq otağı üçün mebel dəstinə 2700 manat pul vermişdir. Şahid məhkəmədə ifadə verərəkən, qardaşı qızı olan iddiaçının xeyrinə qətnamə çıxarılmasında maraqlı olduğunu aşkar şəkildə biruzə verdiyindən, məhkəmə bu qənaətdədir ki, onun ifadəsi əmlak tələbi hissəsində işin bütün hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbuledilən deyildir. Belə ki, həmin şahid ifadəsində iddiaçının iddia etdiyi əşyalardan qonaq otağı üçün divana görə 1100 manatın və yataq otağı üçün mebel dəstinə görə 600 manatın onun tərəfindən ödənildiyini götərsə də, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi, həmin mebellərin alındığı 639 nömrəli Madeyra Mağazasının tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, 1800 manat məbləğində olan yataq dəsti və 1100 manat məbləğində divan dəstinin dəyəri cavabdehin atası X6 tərəfindən ödənilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, şahid X3 ifadəsinin bir hissəsi, yəni, iddiaçının iddia etdiyi 3300 manat dəyərində qonaq otağı üçün mebel dəstinin alınmasına görə ödənilən pul vəsaitinin iddiaçının qohumları tərəfindən ödənildiyi barədə iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edən hissəsi işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbulediləndir. Belə ki, həmin mebel dəstinin cavabdeh tərəfin evinə gətirılməsi mübahisələndirilmir və cavabdeh tərəf həmin mebel dəstinin onların öz vəsaiti hesabına əldə edildiyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Ona görə də, məhkəmə həmin mebel dəsti ilə bağlı iddiaçının məhkəməyə bildirdiklərini həmin şahidin də ifadəsi ilə əlaqəli surətdə qiymətləndirib, belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 3300 manat dəyərində qonaq otağı üçün mebel dəsti iddiaçıya məxsus olan əşya kimi qiymətləndirilməli və iddia həmin mebel dəsti tələbi hissədə təmin edilməlidir. Bundan başqa, iddiaçının iddia etdiyi bir ədəd soyuducunun dəyərinin iddiaçı tərəfindən ödənildiyi təqdim edilmiş ödəniş sənədi ilə təsdiq olunur. Ona görə də məhkəmə bu qənaətdədir ki, iddia həmin əşya tələbi hissədə də əsaslı sayılmalı və təmin edilməlidir. İddiaçının iddia etdiyi qızıl zinət əşyalarına gəldikdə isə baxılan işdə iddiaçının iddia etdiyi 1200 manat dəyərində 583 əyarlı qızıl komplekt dəstini(boyunbağı, sırğa və üzük dəsti) cavabdehdən tələb edə bilməsi üçün həmin əşyaların cavabdehdə qalması müəyyən olunmalıdır ki, iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qaldığını bildirsə də, iddia ərizəsində bunu əsaslandırmamış, həmin qızıl-zinət əşyalarının cavabdehdə qalması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehlə birlikdə yaşadığı evdən sonuncu dəfə gedərkən sərbəst olmuş, həmin gün onun evdən zorla çıxarılması halı məhkəmədə müəyyən edilməmişdir. Bu hallar isə iddiaçının həmin əşyasını özü ilə aparmaq imkanının olduğuna dəlalət edir. Qeyd edilən hallar məcmu halında qiymətləndirildikdə, məhkəmənin qənaətincə, iddianın həmin əşya tələbi hissədə əsaslı olduğu barədə güvənli nəticəyə gəlmək olmur. Bundan başqa, cavabdeh tərəf iddiaçının ali təhsili barədə olan diplomun onların evlərində qalmadığını bildirmişdir. Bu halda iddia həmin diplomun iddiaçıya qaytarılması tələbi hissədə əsaslı sayıla bilməz. Ona görə də, məhkəmə belə qərara gəlir ki, iddia tələbi həmin hissələrdə əsaslı deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə hasıl olur ki, iddiaçıya hədiyyə edilmiş və cavabdehdə qaldığı təsdiq olunan əşyalar naturada, naturada olmadığı halda isə onların dəyəri pulla cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı 50 manat məbləğində mediasiya xərci, iddia edilən əşyaların dəyərinin müəyyən edilməsi üşün mütəxəssis rəyinin alınmasına görə 100 manat məbləğində pul, vəkillə bağladığı müqavilə üçün 500 manat məbləğində pul və 181 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Gəncə 2 saylı Mediasiya təşkilatının 13 iyul 2024-cü il tarixli arayışından müəyyən olunur ki, 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmiş və cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Belə olan halda, məhkəmə göstərir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107 ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115 ci maddəsinə əsasən, mütəxəssislərə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Baxılan işdə iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki,iddiaçı tərəfindən ödənilmiş 181 manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 112 (bir yüz on iki) manat məbləğində pul və mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 100 manat məbləğində pul və vəkillə bağladığı müqavilə üçün ödənilmiş 500 manat məbləğində pul olmaqla, cəmi 600 manat məbləğində məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 372 (üç yüz yetmiş iki) manat məbləğində pul, Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış, bağlanması barədə 558 nömrəli akt qeydi ilə qeydə alınmış rəsmi nikah pozulsun. İddiaçı məxsus olan; dəyəri 80 manat olan ağ gödəkçə, hər birinin dəyəri 60 manat olan 3 ədəd ayaqqabı, hər birinin dəyəri 15 manat olan 2 ədəd ev ayaqqabıları, hər birinin dəyəri 80 manat olan 3 ədəd don, hər birinin dəyəri 40 manat olan 2 ədəd kofta, hər birinin dəyəri 35 manat olan 2 ədəd şalvar, dəyəri 15 manat olan qələmqabı, dəyəri 7 manat olan yükləyici (telefon üçün) və dəyəri 20 manat olan qadın üçün namaz paltarı, dəyəri 3300 manat olan mebel dəsti (qonaq otağı üçün), dəyəri 860 manat olan soyuducu (samsung), dəyəri 35 manat olan qaşıq – çəngəl – bıçaq dəsti (balaca qaşıq) 12 ədəd, dəyəri 120 manat olan servis boşqablar dəsti, dəyəri 140 manat olan qazan dəsti, dəyəri 10 manat olan süpürgə (ev üçün), dəyəri 35 manat olan işıqlı elektrik çayniki, hər birinin dəyəri 15 manat olan 4 ədəd balınc, dəyəri 130 manat olan 1 ədəd yataq örtüyü, hər birinin dəyəri 30 manat olan 2 ədəd yorğan (sintepon), dəyəri 30 manat olan döşək, dəyəri 100 manat olan 1 ədəd sırınma yun yorğan (2 nəfərlik, əl işi), dəyəri 30 manat olan yun adyal, dəyəri 30 manat olan məhrəba dəsti, hər birinin dəyəri 30 manat olan 2 dəst məhraba, hər birinin dəyəri 40 manat olan 2 ədəd yorğan üzlüyü, dəyəri 100 manat olan çilçıraq (qonaq otağı üçün), hər birinin dəyəri 85 manat olan 2 ədəd xalça, dəyəri 35 manat olan çaynik və çaydan dəsti, dəyəri 25 manat olan xrustal stəkan, dəyəri 25 manat olan qızılı stəkan, hər birinin dəyəri 20 manat olan 3 ədəd balaca süfrə, dəyəri 70 manat olan. 1 ədəd iri süfrə, dəyəri 20 manat olan süfrə üstünün klyonkası, cəmi dəyəri 340 manat olan tozsoran – ütü - ət çəkən maşın, dəyəri 60 manat olan ütü masası, dəyəri 30 manat olan. qəhvəüyüdən, dəyəri 30 manat olan qaşıq dəsti (kapron), dəyəri 30 manat olan bıçaq dəsti, hər birinin dəyəri 10 manat olan 2 ədəd padnos, hər birinin dəyəri 30 manat olan 4 ədəd şirəli ləyən, dəyəri 40 manat olan mikser. dəyəri 6 manat olan asılqan, dəyəri 20 manat olan saç düzləşdirən fen, dəyəri 35 manat olan iki ədəd tava, dəyəri 20 manat olan 4 ədəd sadə ləyənlər, dəyəri 25 manat olan düşbalan, dəyəri 80 manat olan qədəh dəsti (servant üçün), dəyəri 140 manat olan nahar dəsti (servant üçün), dəyəri 60 manat olan stəkan dəsti (servant üçün), dəyəri 40 manat olan rumka dəsti (servant üçün), dəyəri 60 manat olan konfet qabı (servant üçün), dəyəri 70 manat olan gül qabı (servant üçün), dəyəri 50 manat olan hamam üçün xalatdan ibarət olan əşyalar naturada, naturada alınması mümkün olmadığı halda, olmayan əşyaların dəyəri pulla Cavabdeh alınıb, İddiaçı verilsin. Əşya tələbinin qalan hissəsində iddia əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 181 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 112 (bir yüz on iki) manat məbləğində pul, Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 600 manat məbləğində məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 372 (üç yüz yetmiş iki) manat məbləğində pul, Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar