Məhkəmə qərarları › İş №e-2(125)-4916/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4916/2025

29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4916/2025 29.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğini azaldaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı oğlundan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu ilə 2014-cü ildə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1616/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikah məhkəmə qaydasında pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı oğlundan tutulması qət edilmişdir. Daha sonra Cavabdeh Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1616/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı oğlundan onun xeyrinə hər ay hər uşaq üçün tutulan 154 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Onun ərizəsi təmin edilmişdir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 8(125)-59/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1616/2018 nömrəli qətnaməsi ilə İddiaçı oğlundan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 154 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 misli həddində indeksasiya olunaraq İddiaçı oğlundan Cavabdeh xeyrinə tutulmuşdur. Hazırda həmin qərardada əsasən İddiaçı oğlu hər ay 474 manat aliment ödəməlidir. Maddi vəziyyəti çətin olsa da, İddiaçı oğlu hər ay 154 manat məbləğində alimenti vaxtında ödəmişdir. Tələb edilən 474 manat alimentin ödənilməsi hazırda onun imkanları xaricindədir. Bunun əsas səbəbi ondan ibarətdir ki, İddiaçı oğlunun maddi vəziyyəti ağırdır. İddiaçı oğlu aliment ödəməkdən boyun qaçırmır. Hazırda uşaq üçün 154 manat, sonuncu dəfə isə 250 manat aliment ödəmişdir. Lakin ərizəçinin tələb etdiyi 474 manat məbləği ödəyə bilməyəcəkdir. Belə ki, göstərilən məbləği ödəmək onun maddi imkanları xaricindədir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-59/2025 saylı, xx.xx.2025-ci il tarixli indeksasiya barədə qərardadına qədər uşaq 154 manat alimentlə normal təminat səviyyəsində yaşamışdır. İndeksasiyanı nəzərdə tutan qətnamə uşaq üçün 474 manat müəyyən etmişdir. Yəni əvvəlkindən 3 dəfədən (154*3=462) çox. Bu əsassız artımdır. Belə ki, ölkə üzrə istehlak qiymətləri 2025-ci ildə anidən 300 faiz artmamışdır. Hazırda uşaq üçün 180 manat alimenti ədalətli hesab etmək olar. Digər tərəfdən nəzərə alınmalıdır ki, 2018-ci ildə qətnamə qəbul edilərkən alimentin məbləğinin təyin olunması zamanı məhkəmə ölkə üzrə minimum əmək haqqını deyil, uşaqlar üçün yaşayış minimumunu əsas götürmüşdür. Belə ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1616/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin 2-ci səhifəsində qətnamənin əsaslandırma hissəsində göstərilmişdir ki, "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin himayəsində Emilya adlı başqa bir övladının da olduğunu və 180 manat məbləğində aliment ödəməyə maddi imkanının olduğunu göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı bu günə kimi uşaqla maraqlanmamışdır, uşağı özü tək saxlayır. Peşə məktəbində işləyir, əmək haqqı azdır. İddiaçı ilə ailə qurduqdan sonra Rusiyaya getmişdirlər. Orada məlum olmuşdur ki, iddiaçı qeyri-rəsmi nikaha girmiş və həmin nikahından başqa bir övladı da olmuşdur. İddiaçının 474 manat məbləğində aliment ödəməyə maddi imkanı olduğunu göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, tərəflərin xx.xx.2015-ci ildə Aminə adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-59/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1616/2018 nömrəli qətnaməsi ilə İddiaçı oğlundan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 154 manat məbləğində alimentin qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 misli həddində indeksasiya olunaraq İddiaçı oğlundan Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. İ-KC 719478 nömrəli nikah haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, İddiaçı oğlu ilə X1 nikahları xx.xx.2018-ci ildə Rusiya Federasiyasının Tambov vilayətinin Tambov rayonunun Tulinov kənd Şurasının rəhbərliyi tərəfindən 14 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İ-KC 835697 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, xx.xx.2015-ci ildə doğulmuş X2 ata qrafasında İddiaçı oğlu, ana qrafasında X4 kimi qeyd olunmuşdur. Rusiya Federasiyası “Almaz” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1456 nömrəli arayışın tərcüməsindən görünür ki, İddiaçı oğlunun 2025-ci ilin yanvar fevral və mart aylarını əhatə edən dövr ərzində ümumi qazancı 157381,11 rubl, orta qazancı isə 52460,37 rubl təşkil etmişdir. xx.xx.2025-ci il tarixli, MŞG/MT053/2025-00045 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər xx.xx.2025-ci ildə, saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı oğlu ilkin mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1616/2018 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlannılması üçün cavabdeh İddiaçı oğlundan hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə tutulan alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 misli həddində sabit pul məbləğində indeksasiya olunmuşdur. İddiaçı iddia etmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1616/2018 nömrəli qətnaməsi üzrə təyin olunmuş alimentin indeksasiya misli minimum əmək haqqının 1,185 misli həddində müəyyən edilmiş, yəni 3 qat artırılmışdır. Həmin məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. Himayəsində ikinci nikahından olan Emiliya adlı başqa bir övladı da vardır. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, cavabdehin kifayət qədər qazancı olduğunu göstərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarında olan sübutları araşdırıb hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Hazırki işdən görünür ki, iddiaçının ikinci nikahından himayəsində 1 azyaşlı uşağı vardır. Bununla belə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1616/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-59/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı oğlundan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1616/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-59/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı dəyişdirilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı oğlundan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar