Məhkəmə qərarları › İş №e-2(125)-4976/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4976/2023

23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4976/2023 23.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh nümayəndəsi X12 və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 manat aliment tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə qurmuşdur. Nikahları pozulmuşdur. Birgə yaşadıqları dövrdə onların bir övladları xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Həmin uşaq onun himayəsindədir. Öhdəsində olan uşaq bir neçə xəstəlikdən əziyyət çəkir. Ona daimi qulluq və müalicə lazımdır. Bu isə onun işləməyinə maneəçilik yaradır. Cavabdeh isə fərdi əməklə məşğuldur və normal qazancı vardır. Lakin, buna baxmayaraq o, uşağın saxlanılmasına heç bir kömək etmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, oğlu Cavabdeh işləmir. İddiaçı isə işləməklə 800 manat əmək haqqı alır. Oğlu Cavabdeh uşağının saxlanması üçün iddiaçıya 150 manat aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İV seriyalı, 253524 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 dekabr 2018-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – İddiaçıdır. AZ-İ seriyalı, 299784 nömrəli, 05 fevral 2019-cu il tarixli, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh ilə vətəndaş İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 fevral 2019cu il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Həsənov”, qadına “Cəfərova” soyadı verilmişdir. “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 007/23 nömrəli, 27 mart 2023-cü il tarixli arayışın surətindən görünür ki, 2018-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində “X13” MMC-də həkim uşaq nevroloqu müayinəsindən keçmişdir. DZ: G 93.4 Dəqiqləşdirilməmiş ensafalopatiya, R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər dəqiqləşdirilməmiş simptomlar və nişanələr. R47.8 Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları. Davamlı olaraq ambulator nevroloji müayinə, müalicə və psixoloqun konsultasiyası və psixoloji senaslar tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X1 Filialı tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli, 3-17-2/2-H-44445/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində onun bağlanılmış əmək müqaviləsi qeydə alınmamışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG-1-01659 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixdə 13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. 29 mart 2023-cü il tarixli, 2115 nömrəli Gəncə şəhəri X18 göndərişin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 asteno-nevrotik s-m, nitq inkişafının geriliyi və qüsuru, davranış pozuntusu, hiperaktivlik, yuxupozuntusu diaqnozu qoyulmuşdur. Uşaq haqda yazılı şəkildə məlumat verilməsi xahiş edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3960/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 aprel 2018-ci il tarixdə Gəncə “ASAN-Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 900 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Məhəmmədəli adlı bir uşaqları doğulmuş, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuş, uşaq anasının yanındadır. İddiaçı Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 manat aliment tutulmasını xahiş etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə nümayəndəsi vaxitəsilə təmsil olunan cavabdeh işləmədiyini, ğvladı üçün hər ay sabit pul məbləğində 150 manat aliment verməyə razı olduğunu bildirərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağı saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, cavabdehin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini nəzərə almaqla, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, uşaq anasının yanında olduğundan, alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 22 iyun 2023-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 190 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 2280 manat təşkil etdiyindən, 42,8 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X7 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 25 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Alimentin tutulması 22 iyun 2023-cü il tarixdən hesablansın. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 42,8 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar