Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5098/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2897/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qazancın ¼ hissəsindən tutma şəkildə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək xx.xx.2020-ci il təvəllüdlü Dəryahov (Əsgərov) Nihad Abbas oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5098/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin Cavabdeh1 dair hissəsində iddiasından imtinası qəbul edilmiş və iş üzrə icraata həmin hissədə xitam verilmişdir. İşin faktiki hallarına görə tərəflər faktiki nikahda olmuş, nikahdan bir uşaq – xx.xx.2020-ci il təvəllüdlü Dəryahov (Əsgərov) Nihad Abbas oğlu doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2897/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin faktiki nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X1 atasının Cavabdeh2 olduğu müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni 27 iyul 2021-ci il tarixdən başlayaraq, Cavabdeh2 hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, uşaq azyaşlıdır, ona baxa bilmir, gündən-günə xərcləri artır, onu saxlamağa isə maddi imkanı kifayət etmir, uşağın atası azyaşlının xərclərini qarşılamaqdan yayınır. Məhkəmə qətnaməsi ilə aliment təyin edilsə də, sonradan cavabdeh mütəmadi olaraq hərbi hissəni üzrsüz səbəbdən tərk etdiyi üçün ordu sıralarından tərxis olunmuşdur. 21 may 2023-cü il tarixli Müdafiə Nazirliyinin rəsmi məktubuna əsasən isə cavabdeh hazırda Müdafiə Nazirliyi tabeliyində xidmət etmir. Cavabdeh artıq əmək haqqı almadığı üçün neçə aydır ki, alimentin ödənilməsinin icrasından yayınır, buna görə də alimentin dəyişdirilməsinə zərurət olduğundan iddiaçı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi və izahatında bildirdi ki, cavabdeh işdən çıxıb, buna görə də hazırda uşağın saxlanılmasında iştirak etmir, alimenti ödəməkdən yayınır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin qaydada alimentin tutulması mümkün olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Nihad adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Həmin uşaq hazırda iddiaçının himayəsində yaşayır. İddiaçı bundan əvvəl cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, həmin tələbdə alimentin cavabdehin qazancının müəyyən hissəsi şəklində tutulması xahiş olunmuş və iddia tələbi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2897/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin daimi qazanc əldə etdiyi iş yeri olduğundan onun qazancının 1/4 hissəsi miqdarında tutulması qət edilmişdir. Hazırda isə cavabdeh əvvəl işlədiyi iş yerində (hərbiçi) işləmədiyindən, alimentin tutulmasının icra edilməsi mümkünsüz olmuşdur. Bu səbəbdən iddiaçı cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsini və sabit pul məbləğində tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliyin baş verməsi, yəni onun əvvəlki iş yerində işləməməsi Müdafiə Nazirliyinin 21 may 2023-cü il tarixli rəsmi məktubuna istinadən sübuta yetirilsə də, iddiaçı tərəf məhkəməyə cavabdehin hazırki gəliri barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqların saxlanılması üçün valideynlərdən tutulan aliment onların qazancının və başqa gəlirlərinin hissəsi ilə müəyyən edilir. Bu qaydada kənara çıxmağa yalnız Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və alimentin sabit pul məbləği ilə tutulmasına dair tələb edən şəxsin xahişi olduqda yol verilir. Beləliklə qanunvericilikdə alimentin sabit pul məbləği ilə tutulmasının əsası kimi tələb edən şəxsin xahişinin olması mütləqdir. Hazırda iddiaçı alimentin sabit pul məbləği ilə tutulmasını istədiyi üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən tərəflərin birgə yaşayışlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu hal üzrlü olmadığından iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2897/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü Dəryahov (Əsgərov) Nihad Abbas oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-5098/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5098/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver