Məhkəmə qərarları › İş №e-2(125)-5471/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5471/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5471/2024 23.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta ASC, Cavabdeh “Mercedes Benz 316” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə və X1 yüngül dərəcəli bədən xəsarətinə görə ödənilmiş cəmi 2386 manat (iki min üç yüz səksən altı manat) pulun və iddia qaldırılması üçün ödənilmiş 43,86 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin etibarnamə əsasında idarə etdiyi “Ford Sierra” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı (bundan sonra - sığortalı avtomobil) xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iddiaçı tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehin etibarnamə əsasında idarə etdiyi “Ford Sierra” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Goranboy rayonu Nizami kəndi ərazisindən keçən 342-ci kilometirliyində sürücü X2 idarə etdiyi “Opel Astra” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili və onunla eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkətdə olan X1 idarə etdiyi “Mercedes Benz 316 CDİ” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilləri ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra “Ford Sierra” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. “Opel Astra” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1159 manat məbləğində qiymətləndirilərək, həmin məbləğdə pul vəsaiti iddiaçı tərəfindən zərərçəkən (avtomobilin mülkiyyətçisi) X3 ödənilmişdir. “Mercedes Benz 316 CDİ” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 477 manat məbləğində qiymətləndirilərək, həmin məbləğdə pul vəsaiti iddiaçı tərəfindən digər zərərçəkən (avtomobilin mülkiyyətçisi) X4 ödənilmişdir. Həmçinin, hadisə nəticəsində sonuncu zərərçəkən yüngül dərəcəli bədən xəsarəti aldığı üçün ona əlavə 750 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halların təfərrüfatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ford Sierra” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz 316” markalı ** EB *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törədilmişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 092062 nömrəli sığorta aktından və icbari sığorta bölməsindən (İSB) çıxarışından göründüyü kimi Cavabdeh idarə etdiyi “Ford Sierra” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər müddətə İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sğortası növü üzrə sığortalı olmuşdur. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Opel Astra” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1159 (bir min yüz əlli doqquz) manat məbləğində zərər dəymişdir. Buna görə də xx.xx.2020-ci il tarixli 10852 nömrəli ödəniş tapşırığı ilə 1159 (min yüz əlli doqquz) manat sığorta ödənişi zərərçəkən X2 hesabına ödənilib. Bundan başqa “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Mercedes Benz 316” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 477 (dörd yüz yetmiş yeddi) manat zərər dəymişdir. xx.xx.2020-ci il tarixli 11518 nömrəli ödəniş tapşırığına əsasən 477 (dörd yüz yetmiş yeddi) manat sığorta ödənişi digər zərərçəkən X1 hesabına ödənilmişdir. Həmçinin, hadisə nəticəsində sonuncu zərərçəkmişə yüngül dərəcəli bədən xəsarəti aldığı üçün ona əlavə 750 manat sığorta ödənişi 11402 nömrəli ödəniş tapşırığı ilə ödənilmişdir. Belə ki, “İcbari Sığorta Haqqında” qanunun 14.2.5-ci maddəsinin tələblərinə əsasən, sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcədə bədən xəsarəti yetirilərsə, sığorta ödənişinin məbləğinin (5000 manat) 15% -ni təşkil edir. Yəni 750 manat. Beləliklə, iddiaçı sığorta şirkəti tərəfindən sığorta hadisəsi nəticəsində zərərçəkmişlərə ümumilikdə 2386 manat (iki min üç yüz səksən altı manat) sığorta ödənişi etmişdir. xx.xx.2020-ci il tarixdə yol – nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Belə ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışa (forma 4), həmçinin xx.xx.2020-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərara, tərəflərin izahatlarına əsasən, sığorta hadisəsi Cavabdeh təqsiri ucbatından baş vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan aydın olur ki, Cavabdeh əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələrinin pozuntusu müəyyən olunmuşdur. Həmçinin həmin qərarda tərəflərin verdiyi izahatlara cavabdehin hadisədən sonra çıxıb getməsi faktını təsdiq edir. Cavabdeh tərəfindən ümumi borcun heç bir hissəsi ödənilməmişdir. Habelə cavabdehə pretenziya məktubu göndərilərək xəbərdar edilmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd edilən qanun normalarının mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. İcbari sığorta münasibətləri ilə bağlı bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və sığotaçının subroqasiya hüququnun yaranmasına əsas verən “İcbari sığortlara haqqında” Qanunda nəzərdə tutulmuş əsasların olması əsas şərtdir. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh idarə etdiyi sığortalı avtomobillə xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz 316 CDİ” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Həmçinin hadisə nəticəsində “Mercedes Benz 316 CDİ” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 yüngül dərəcəli bədən xəsarəti almışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan və sığorta aktından görünür ki, “Mercedes Benz” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1159 (bir min yüz əlli doqquz) manat maddi zərər hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan və sığorta aktından görünür ki, “Opel Astra” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 477 (dörd yüz yetmiş yeddi) manat maddi zərər hesablanmışdır. İş materiallarında olan 19 noyabr 2020-ci il tarixli, 091930 nömrəli sığorta aktına əsasən 750 manat (yeddi yüz əlli manat) sığorta ödənişi X4 ödənilməsi üçün hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 11518 nömrəli ödəniş tapşırığına əsasən 477 manat (dörd yüz yetmiş yeddi manat) sığorta ödənişi “Kapitalbank” vasitəsi ilə X4 ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 11402 nömrəli ödəniş tapşırığına əsasən 750 manat (yeddi yüz əlli manat) sığorta ödənişi “Kapitalbank” vasitəsi ilə X4 ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 10852 nömrəli ödəniş tapşırığına əsasən 1159 manat (bir min yüz əlli doqquz manat) sığorta ödənişi "xxxx" ASC vasitəsi ilə X3 ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziya məktubundan (məktubun cavabdehə xx.xx.2021-ci il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilməklə) görünür ki, cavabdehdən iddiaçı ASC tərəfindən həyata keçirilən 2386 manat sığorta ödənişinin 10 iş günü ərzində iddiaçı ASCyə ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın sürəti BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində sığorta hadisəsi baş verdiyindən və o, hadisə yerini tərk etdiyindən, eləcə də sığortalanmış əmlaka və səhhətə vurulmuş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, iddiaçı subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş cəmi 2386 manat (iki min üç yüz səksən altı manat ) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar iddia tələbinin əsaslı olduğunu təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Eyni zamanda, Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 43,86 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 2386 (iki min üç yüz səksən altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43.86 (qırx üç manat səksən altı qəpik) manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar